Lisenziyasız tibbi fəaliyyət və ixtisasdan kənar müdaxilələr: nəzarət mexanizmləri yetərlidirmi?
Azərbaycanda özəl tibbi xidmət sahəsində qanunsuz fəaliyyətlə bağlı yeni statistika açıqlanıb. Rəqəmlər göstərir ki, tibbi xidmət bazarında lisenziyasız fəaliyyət, ixtisasdankənar tibbi müdaxilələr və qanunvericiliyin pozulması problemi hələ də aktual olaraq qalır.
Belə ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına əsasən, sentyabr ayında 7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb. 7 stomatoloqdan 5-i ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci, 2-si ilə bağlı isə 215.1-ci maddə üzrə protokollar tərtib edilib. Bundan başqa, 2 ümumi cərrahın öz ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Bu faktlarla bağlı da protokollar hazırlanaraq aidiyyəti üzrə göndərilib.
Mərkəzin məlumatında daha bir diqqətçəkən statistika yer alır: sentyabr ərzində 5 stomatoloq və 1 kosmetoloqun lisenziya olmadan özəl tibbi fəaliyyət göstərməsi aşkarlanıb.
Burada əsas məsələ aşkarlanan faktların sayı ilə yanaşı, aşkarlanmayan halların olub-olmamasıdır. Çünki söhbət adi sahibkarlıq fəaliyyətindən deyil, birbaşa insan sağlamlığı və həyatına müdaxilədən gedir.
Stomatologiya, kosmetologiya və xüsusilə plastik cərrahiyyə sahələrində yanlış və ya qeyri-peşəkar müdaxilə pasiyent üçün ciddi fəsadlara səbəb ola bilər. Müvafiq ixtisası olmayan şəxsin tibbi prosedur həyata keçirməsi isə riskləri daha da artırır.
Bu baxımdan hər ay qanunsuz fəaliyyət göstərən şəxslərin aşkarlanması bir tərəfdən nəzarət mexanizmlərinin işlədiyini göstərsə də, digər tərəfdən belə halların ümumiyyətlə necə və hansı mərhələyə qədər davam edə bildiyi sualını ortaya qoyur.
Burada bir neçə problem ehtimal oluna bilər. Özəl tibb müəssisələrinin və fərdi tibbi fəaliyyət göstərən şəxslərin sayının çoxluğu nəzarətin bütün obyektləri eyni intensivliklə əhatə etməsini çətinləşdirə bilər. Digər tərəfdən, bəzi hallarda qanunsuz tibbi fəaliyyətin yalnız şikayət və ya yoxlama nəticəsində üzə çıxması mümkündür.
Xüsusilə sosial şəbəkələr üzərindən xidmətlərini reklam edən kosmetoloqlar, estetik prosedurlar həyata keçirən şəxslər və fərdi qaydada fəaliyyət göstərən tibbi mütəxəssislər üzərində nəzarətin necə aparılması məsələsi də aktualdır.
Digər mühüm sual isə lisenziyanın mövcudluğu ilə yanaşı, konkret tibbi proseduru həyata keçirən şəxsin həmin müdaxilə üçün müvafiq ixtisasının olub-olmamasının necə yoxlanılmasıdır. Çünki təqdim olunan statistikanın özündə iki ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə fəaliyyəti göstərməsi faktı aşkarlanıb.
Bu isə yalnız “Lisenziya varmı, yoxmu?” sualının kifayət etmədiyini göstərir. Tibbi xidmət göstərən şəxsin diplomu, ixtisası, sertifikasiyası, işlədiyi müəssisənin hüquqi statusu və həyata keçirdiyi prosedurun onun səlahiyyətlərinə uyğunluğu da nəzarətin mühüm hissəsi olmalıdır.
Nəhayət, əsas məsələ cəzanın tətbiqindən daha çox qanunsuz tibbi fəaliyyətin pasiyentə zərər dəyməmişdən əvvəl aşkarlanmasıdır. Çünki tibdə sonradan tətbiq olunan inzibati tədbir artıq baş vermiş səhvin nəticəsini aradan qaldırmaya bilər.
Azərbaycanda özəl tibb sektorunda qanunsuz və ixtisasdan kənar fəaliyyətin qarşısını almaq üçün mövcud nəzarət mexanizmləri yetərlidirmi?

Zülfüqar Yusifov
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. Mütəxəssis bildirib ki, tibbi təhsili olmayan insanların özlərini həkim kimi təqdim etməsi yeni problem deyil və tarixən müxtəlif ölkələrdə belə hallara rast gəlinib: “Belə cəhdlərə tarixin bütün dövrlərində və dünyanın müxtəlif ölkələrində rast gəlinib. Ümumiyyətlə, tibbi təhsili olmayan insanların özlərini həkim kimi təqdim etməsi, müalicə proseslərinə müdaxilə etməsi və insanlara tibbi xidmət göstərməyə çalışması halları bu gün də mövcuddur.
Əvvəlki illərdə bu məsələlərə münasibət müəyyən qədər fərqli, daha loyal olub. Lakin həm dünyada, həm də Azərbaycanda ixtisaslaşmanın ciddi şəkildə ön plana çıxdığı, ayrı-ayrı dar ixtisasların formalaşdığı və tibbi protokolların tətbiq olunduğu müasir dövrdə bu kimi hallara münasibət daha ciddidir. Artıq tibbi fəaliyyətə nəzarət daha konkret və sistemli mexanizmlərlə həyata keçirilir.
Qeyd edim ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə davamlı monitorinq aparır. Müxtəlif hallarda daxil olan şikayətlər, eləcə də monitorinqlər zamanı aşkarlanan məlumatlar əsasında tədbirlər görülür, qanunsuz tibbi fəaliyyətin qarşısının alınmasına çalışılır.
Amma bu prosesi 100 faiz nəzarətdə saxlamaq, demək olar ki, mümkün deyil. Təsəvvür edin ki, hər hansı bir şəxs öz evində başqa bir insana müalicə göstərməyə cəhd edir. Prosesin ilkin mərhələsində bundan heç kimin xəbəri olmaya bilər. Həmin şəxs özünü müəyyən təhsilə, diploma və ya tibbi bacarığa malik biri kimi təqdim edə bilər. Bəzən isə təsadüfən verdiyi hansısa məsləhətin nəticəsində bir insanın özünü yaxşı hiss etməsi belə ətrafdakılarda yanlış təsəvvür yaradır ki, həmin şəxs artıq tibbi fəaliyyət göstərə bilər. Belə hallar, təəssüf ki, həmişə mövcud olub”.
Baş həkim qeyd edib ki, qanunsuz tibbi fəaliyyətlə bağlı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutulub: “Bu istiqamətdə Səhiyyə Nazirliyinin, xüsusilə Analitik Ekspertiza Mərkəzinin və digər aidiyyəti qurumların mübarizə mexanizmləri mövcuddur. Qanunsuz tibbi fəaliyyətlə bağlı kifayət qədər ciddi cərimələr və digər məsuliyyət tədbirləri nəzərdə tutulub. Eyni zamanda hüquq-mühafizə orqanları da bu məsələlərə nəzarət edir.
Burada ən vacib məsələlərdən biri də vətəndaşların özlərinin fəallığı və maarifləndirilməsidir. İnsanların bu prosesə adekvat yanaşması, həkim və tibb müəssisəsi seçərkən kifayət qədər araşdırma aparması olduqca önəmlidir.
Bu gün süni intellekt əsrində yaşayırıq. Belə bir dövrdə hər hansı həkim və ya klinika barədə heç bir araşdırma aparmadan, yalnız sosial şəbəkədə yayılan reklama və ya elana əsaslanaraq sağlamlığını həmin şəxsə etibar etmək doğru yanaşma deyil. Mən bunu müəyyən mənada diletantlıq kimi qiymətləndirirəm”.
Zülfüqar Yusifov sosial şəbəkələrdə yayılan tibbi reklam və elanlara münasibətdə də diqqətli olmağın vacibliyini bildirib: “Sosial şəbəkələrdə istənilən şəxsin özünü həkim, mütəxəssis və ya hansısa sahənin peşəkarı kimi təqdim etməsi mümkündür. Buna görə də vətəndaşlar belə elanlara kor-koranə etibar etməməli, həmin şəxsin təhsili, ixtisası, fəaliyyət göstərdiyi tibb müəssisəsi və peşəkar fəaliyyəti barədə əvvəlcədən məlumat toplamalıdırlar.
Əvvəllər televiziyalarda tibbi reklam xarakterli bir sıra verilişlərin bağlanmasının şahidi olmuşuq. Bu gün sosial şəbəkələrdə yayılan tibbi reklam və elanlara da müəyyən nəzarət həyata keçirilir və müvafiq tədbirlər görülür. Lakin hesab edirəm ki, bu istiqamətdə nəzarətin daha da gücləndirilməsinə ehtiyac var.
Çünki söhbət adi bir xidmət və ya məhsuldan deyil, insan sağlamlığından gedir. Sağlamlıq məsələsi ilə heç kimə oyun oynamağa icazə verilə bilməz. Bu səbəbdən həm dövlət qurumlarının, xüsusilə Səhiyyə Nazirliyinin və hüquq-mühafizə orqanlarının, həm də vətəndaşların fəal mövqeyi vacibdir.
Düşünürəm ki, dövlət qurumlarının nəzarəti, hüquqi mexanizmlərin tətbiqi və vətəndaşların maarifləndirilməsi və fəallığının artırılması birlikdə bu problemin qarşısının alınmasında daha ciddi nəticələr verə bilər”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”

