Paşinyan elə bir GEDİŞ etdi ki… – Referendum tezləşir?

Paşinyan elə bir GEDİŞ etdi ki… – Referendum tezləşir?

Ermənistanın baş naziri Nikol Paşinyan sədri olduğu “Vətəndaş müqaviləsi” partiyasının ölkənin digər siyasi qüvvələri ilə əməkdaşlığı istisna eləməyib. Bu barədə o, dünən “Infocom” nəşrinin Ctrl Z proqramına müsahibəsində bildirib.

Baş nazirdən konkret olaraq, hakim partiyanın radikal müxalifəti təmsil edən “Güclü Ermənistan” və ya “Ermənistan” bloku ilə əməkdaşlığın mümkün olub-olmadığı soruşulub. O da bunu mümkün sayıb.

Paşinyana görə, müəyyən hallarda müxtəlif siyasi qüvvələr arasında həmrəyliyə tələbatı seçicilərin özləri formalaşdırır. “İnsanlar siyasi mübarizənin müəyyən mərhələsində həmrəylik görmək istəyir. Bu həmrəyliyin müəllifi də onlardır. Belə vəziyyəti onlar yaradır”, – Nikol vurğulayıb və əlavə edib ki, əməkdaşlığın mümkün olduğu hallarda hakim partiya seçicilərin mövqeyini nəzərə almağa hazırdır.

Yəni ki, sosial sifariş məsələsi…

İlk baxışda paradoksal görünə bilər: Paşinyan hara, illərdir əleyhinə təbliğat və mübarizə apardığı radikal müxalifətlə dialoq, yaxınlıq hara? Amma və lakin siyasətdə heç vaxt “heç vaxt” demək olmaz.

Əvvəla, belə bir açıqlama Nikol Paşinyanın gözlənilən Rusiya səfəri ərəfəsində diqqət çəkməyə bilməz. Çünki indiki hakimiyyətə qarşı duran müxalifətin özəyi, həmçinin, kilsə məhz Rusiyaya bağlıdır. De-fakto Moskvanın proksi-qüvvələridir. Erməni baş nazir isə müxalif düşərgənin üç əsas fiqurunu ya həbsə atıb (Robert Köçəryan və Qaqik Tsarukyan) ya da ev dustaqlığında saxlayır (rusiyalı oliqarx Samvel Karapetyan). Katolikos II Qareginin də ki, işi məhkəmə baxışındadır.

Paşinyan və Putin Rusiya ilə münasibətlərin dərinləşdirilməsini müzakirə  edib

Başqa sözlə, ola bilsin bununla o, Moskvaya, daha dəqiqi, bu gün zəng edib ad gününü təbrik elədiyi Putinə incə reverans eləmək istəyir. Unutmaq lazım deyil ki, Vladimir Putin iki dəfə Paşinyanı ölkədə Rusiyayönlü siyasətçilərə qarşı sərt siyasətdən çəkilməyə çağırıb. Rusiya tərəfi habelə zaman-zaman Ermənistan hakimiyyətini satdığı təbii qazı bahalaşdıracağı ilə şantaj edib. Dünən son olaraq, XİN rəsmisi Mixail Kalugin bir daha bunu təsdiqləyib. Qarşıdan isə qış gəlir…

İkinci mühüm motiv daxili durumla bağlı ola bilərdi. Məlumdur ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı tək bir əngəl qalıb: Ermənistan konstitusiyasını dəyişmək. Məsələni referenduma çıxarmaq üçünsə parlamentdə hakim partiyaya 6 deputat səsi çatmır.

İstisna deyil ki, Nikol Paşinyan belə bir bəyanatla həm ortamı yumşaltmaq istəyir, həm də bir “nəbz yoxlanışı” aparıb, yekunda müxalifətə qarşı yeni və daha güclü arqument qazanmağa çalışır. Bir daha radikal-revanşist müxalifətin Azərbaycan və Türkiyə ilə sülh əleyhdarı olduğunu Ermənistan cəmiyyətinə və elə Putinin özünə əyani göstərmək üçün: yəni ki, baxın, “bunlar müharibə partiyasıdır, düzələn deyil, onlarla ayrı necə davrana bilərəm” məntiqi və mesajı.

Hələ ki, Nikolun xoşməramlı jestinə radikal müxalifətdən hər hansı reaksiya yoxdur. Görəsən, 7 iyun parlament seçkilərinin saxtalaşdırıldığnı iddia edən və Paşinyanı devirməyi hədəfləyən bir qüvvə hakim partiya ilə hər hansı şəkildə və ya hər hansı mövzu üzrə dialoqa gedərmi?

Əlbəttə, bu hayların problemi. Azərbaycanın tək gözləntisi sülh müqaviləsinin imzalanması və Ermənistanın qonşulara qaşı bir də heç vaxt müharibə-münaqişə mənbəyi olmamasıdır…

Analitik xidmət,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir