2027-ci ili bölgələrdə qarşılamaq istəyənlərə XƏBƏRDARLIQ

2027-ci ili bölgələrdə qarşılamaq istəyənlərə XƏBƏRDARLIQ

Yeni ili evdə yox, Azərbaycanın hansısa rayonunda qarşılamaq istəyənlərin sayı artır. 2027-yə fərqli başlamaq istəyənlər artıq indidən seçim etməyə başlayır. Amma Yeni il yaxınlaşdıqca yaxşı hotellərdə yerlərin azalması ilə yanaşı, qiymətlər də arta bilir. Ötən il bəzi bölgələrdə dekabrın əvvəlində belə hotellərdə yer qalmamışdı.

Bəs 2027-ci ili bölgələrdə qarşılamaq istəyənlər rezervasiyaya nə vaxt başlamalıdır?

Mövzu ilə bağlı “Yeni Sabah”a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev danışıb.

Ekspert bildirib ki, Şahdağ, Qəbələ, Qusar, Şəki və Quba kimi yerlərdə ən azı 1-2 ay əvvəl yer bron etmək daha yaxşıdır:

“Yeni ili bölgələrdə qarşılamaq istəyənlərə rezervasiyanı son həftələrə saxlamamağı tövsiyə edərdim. Xüsusilə Şahdağ, Qəbələ, Qusar, Şəki və Quba kimi daha çox tələbat olan istiqamətlərdə ən azı 1-2 ay əvvəl seçim etmək daha məqsədəuyğundur. Erkən rezervasiya həm daha geniş hotel seçimi, həm də daha münasib qiymət əldə etmək imkanı yaradır. Dekabrın son günlərinə yaxın tələbat artdıqca yaxşı hotellərdə boş yerlərin azalması və qiymətlərin yüksəlməsi mümkündür. Buna görə 2027-ci ili bölgədə qarşılamaq istəyənlər üçün oktyabr-noyabr ayları rezervasiya baxımından daha əlverişli dövrdür”.

Onun sözlərinə görə, Şahdağ və Qəbələ qışda daha çox seçilir, amma bayram günlərində qiymətlər baha ola bilər:

“Yeni il dövründə Şuşa, Xankəndi, Qəbələ, Quba, Qusar, Şəki, Şamaxı və İsmayıllı turistlərin daha çox üstünlük verdiyi istiqamətlər sırasındadır. Şahdağ və Qəbələ qış atmosferi və əyləncə imkanlarına görə xüsusilə cəlbedicidir, lakin pik tarixlərdə qiymətlər nisbətən yüksək olur. Daha münasib büdcə axtaranlar Şamaxı, İsmayıllı, Şəki və Quba ətrafındakı hotel və istirahət mərkəzlərini də nəzərdən keçirə bilərlər. Burada hotel seçimindən əlavə, Yeni il gecəsi təşkil olunan proqramın qiymətə daxil olub-olmamasına diqqət etmək lazımdır. Yəni yalnız otağın qiymətinə deyil, ümumi paketə baxmaq daha düzgün müqayisə aparmağa imkan verir.

Ailələr üçün Qəbələ, Quba və Qusar daha rahat seçim hesab olunur, çünki burada uşaqlar üçün də müxtəlif istirahət imkanları mövcuddur. Cütlüklər üçün Şəki, İsmayıllı və Qəbələ daha sakit və romantik atmosfer təklif edir. Dost qrupları isə xüsusilə Şahdağ, Qusar və Qəbələ kimi aktiv istirahət imkanlarının çox olduğu istiqamətlərə maraq göstərirlər. Əslində istiqamət seçimi turistlərin büdcəsindən və Yeni ili sakit, yoxsa daha əyləncəli şəkildə keçirmək istəyindən asılıdır”.

R.Quliyev qeyd edib ki, turpaket və ayrıca hotel qiymətini müqayisə etmək lazımdır. Hansının sərfəli olması paketə daxil olan xidmətlərdən asılıdır:

“Bu məsələdə konkret olaraq bir variantı bütün turistlər üçün daha sərfəli hesab etmək düzgün olmaz, çünki seçim qiymətdən və paketin tərkibindən asılıdır. Əgər hotel, nəqliyyat, Yeni il proqramı və digər xidmətlər paket şəklində təqdim olunursa, turpaket bəzən ayrıca rezervasiyadan daha sərfəli olur. Digər tərəfdən, yalnız hotelə ehtiyacı olan və nəqliyyatını özü təşkil edən turist üçün birbaşa rezervasiya daha münasib seçimə çevrilir. Turpaket alarkən hotelin kateqoriyası, yeməklərin, Yeni il proqramının, transferin və digər xidmətlərin qiymətə daxil olub-olmaması mütləq dəqiqləşdirilməlidir. Mənim tövsiyəm odur ki, turist həm hotelin ayrıca qiymətini, həm də turpaketin ümumi dəyərini müqayisə etsin və yalnız bundan sonra qərar versin”.\\yenisabah

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir