“Məktəb bərabərlik məkanı olmalıdır” – Vahid forma niyə vacibdir?

“Məktəb bərabərlik məkanı olmalıdır” – Vahid forma niyə vacibdir?

“Orta məktəbdə şagirdlərin bir-birindən fərqləndirici xüsusiyyətləri olmamalıdır. Məktəb mümkün qədər vahid standartda, hamının bir və bərabər şəkildə göründüyü, bilik aldığı məkan olmalıdır. Əsas diqqətimizi biliyin mənimsənilməsinə yönəltməliyik”.

Bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli məktəbli geyimləri və dünyəvi təhsil prinsipləri ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda dünyəvi təhsil modelinin tarixi XIX əsrin ortalarından başlayaraq inkişaf edib. Maarifçilərin XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində məktəblə, təhsillə və savadlanma ilə bağlı irəli sürdükləri ideyalar ölkədə dünyəvi təhsil sisteminin formalaşmasında mühüm rol oynayıb.

thumb.jpg (72 KB)

Mehman Həsənlinin sözlərinə görə, həmin maarifçilik ənənələri Azərbaycanın dövlətçilik tarixində də əhəmiyyətli iz qoyub:

“Biz dünyəvi təhsil modelimizin inkişaf tarixini XIX əsrin təxminən 50-ci illərindən etibarən izləyə bilərik. Həmin dövrdən başlayaraq dünyəvi təhsil modelimizi inkişaf etdirmişik. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində maarifçilərimizin əsas ideyalarından biri məktəblərin yaradılması, insanların oxuması və savadlanması idi. Onlar dünyəvi təhsil sistemini qurmaq və inkişaf etdirmək istəyirdilər”.

O qeyd edib ki, Azərbaycanda məktəblərin dünyəvi prinsiplər əsasında fəaliyyət göstərməsi müstəqil dövlətin təhsil sisteminin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan məktəblərdə vahid yanaşmanın tətbiqi mühüm əhəmiyyət daşıyır.

“Bugünkü müstəqil Azərbaycanın təhsil sisteminin dünyəvi prinsiplər əsasında qurulması bizim üçün olduqca vacib məsələdir. Dünyəvi prinsiplərə uyğun vahid platformanın mövcudluğu və vahid məktəbli geyiminin tətbiqi də bu modelin mühüm atributlarından biridir. Eyni zamanda, bu yanaşma nizam-intizamın, bərabərliyin və birliyin formalaşması baxımından əhəmiyyət daşıyır”, – deyə Mehman Həsənli vurğulayıb.

Dosent hesab edir ki, məktəbli geyimlərinin vahid olması şagirdlər arasında sosial fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasının qarşısını almağa kömək edə bilər. Onun fikrincə, məktəb bütün şagirdlərin bərabər şəraitdə təhsil aldığı və əsas diqqətin bilik qazanmağa yönəldildiyi məkan olmalıdır.

“1990-cı və 2000-ci illərdə müşahidə olunan sosial fərqlər və onların müxtəlif formalarda ifadəsi məktəb mühitində özünü göstərməməlidir. Məktəb elə bir məkan olmalıdır ki, burada hamı vahid standart əsasında bir və bərabər şəkildə təqdim olunsun, təhsil alsın və faydalı biliklər qazansın. Biz sabahın Azərbaycan vətəndaşını məhz bu mühitdə formalaşdırmalıyıq”, – deyə o bildirib.

Mehman Həsənlinin sözlərinə görə, şagirdlərin geyimində və xarici görünüşündəki fərqlərin ön plana çıxması təhsilin əsas məqsədindən diqqəti yayındıra bilər:

“Əsas fokusumuz biliyin mənimsənilməsinə yönəlməlidir. Əks halda, bir şagirdin bahalı geyimi, digərinin maddi imkanlarına uyğun geyimi, kiminsə saçını rəngləməsi, kiminsə saqqal saxlaması kimi fərqlər məktəb mühitində ön plana çıxa bilər. Bütün bunlar məktəbin əsas funksiyası olan bilik vermək missiyasına təsir göstərər. Ona görə də vahid prinsipləri nə qədər ardıcıl tətbiq etsək, diqqətimizi bir o qədər çox biliyə yönəldə bilərik”.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir