Mən əvvəlki yazılarımda da yazmışdım: Azərbaycan hökumətinin qərarı bəllidir: aydın və dəqiqdir. Bu, sadəcə, qərar deyil, Konstitusiya müddəasının və qanunvericiliyin icrasıdır. Hökumət Konstitusiyaya və qanuna zidd olan qərar verə bilməz və verməyib.
Söhbət dövlət təhsil sisteminin dünyəviliyindən gedir. Bunu vurğulamaq üçün də məktəblərdə şagirdlər üçün vahid geyim və müəllimlər üçün geyim standartları müəyyənləşdirilib.
Həkimlər xəstəxanalarda ağ və yaşıl xalatlarda, buna uyğun rəngdə baş geyimində işləyəndə, heç kimi narahat etmir, ancaq dövlət müəllim üçün geyim standartı (vahid geyim də yox, meyar) müəyyənləşdirəndə, bu, narazılıq doğurur.
Niyə?! Məqsəd nədir?! Məsələləri bu qədər mürəkkəbləşdirmək, dramatikləşdirmək nəyə yönəlib?!
Qərarda, ümumiyyətlə, dini geyim tərzinə, yaxud dini elementlərə toxunulmayıb. Heç kimə deyilmir, niyə niqab, hicab taxır?!
Öz həyatıdır, özü bilər. Ancaq məktəb dövlətin həyatıdır. Ordakı dövlətdir, cəmiyyətdir və onun gələcəyidir. Dövlət öz indisini də, gələcəyini də dünyəvi prinsiplərlə qurur. Həm də bu, özbaşına-özxoşuna bir yanaşma deyil. İlk gündən dediyimi yenə təkrar edirəm: bu, ümumxalq səsverməsi ilə təsdiqlənmiş prinsipdir. Xalq toplaşıb, dünyəvi dövlət quruculuğuna, dünyəvi təhsilə səs verib. Əksəriyyət buna razılaşıb.
Xalq səsverməsinin fəlsəfəsi də məlumdur: hər cür seçki, referendum ona görə keçirilir ki, əvvəla, çoxluğu və azlığı müəyyənləşdirsin; ikincisi, azlığın çoxluğa tabeçiliyini təmin etsin.
Bu gün hökumətin məktəbli forması ilə, müəllim geyimi ilə bağlı qərarların tabe olmayanlar, müqavimət göstərənlər, həm də bunu aqressiv formalarda, açıq zorakılıqla edənlər cəmiyyətin əksəriyyətinə hörmətsizlik göstərirlər, demək. Bu da yolverilməzdir.
Elə ən başdan məsələni gətirib hicab, niqab mövzusuna bağladılar. Hicablı, rübəndli xanımlar -analar, nənələr və sair gəlib, məktəbin qarşısında dayanıb, hökumətin qərarına etiraz etməyə başladılar. Məktəbdən bayırda, lap elə məktəbin içində hicabı açmağa onları məcbur edən oldumu?! Yox! Onlar məktəbin qarşısına baçı açıq gəlməmişdi axı. Hicabda gəlmişdilər.
Deməli, elə təkcə bu faktın özü ölkədə hicabın, niqabın qadağan olunması iddiasının əsassız, spekulysiya olduğunu sübut edir.
Dövlət öz məktəblərində məktəbli forması ilə, müəllimin etik geyimi ilə bağlı standartlar müəyyənləşdirir. Müəllim məktəbdə dövləti, dövlətin təhsil sistemini və təhsil siyasətini təmsil edir. Buna uyğun da geyinməsi tələb olunur. Bunu şişirdib, hicaba, dinə, imana bağlamaq dövlətdən də, dindən də xəbərsiz olmaq deyilmi?!
Bu, haqlı, Konstitusion səviyyədəki prinsipial normanın icrasını gətirib hicaba bağlamaq, dediyim kimi, ya məlumatsızlıqdan, ya da xüsusi məqsədlərdən irəli gəlir.
Atalar, analar (hicablı, ya hicabsız) yeri gələndə öz şəxsi rahatlığından, yeməyindən, geyməyindən kəsib, qənaət edir, övladının təhsilinə yönəldir. Öz övladına təhsil vermək istəyir ki, övladı gələcəyini, həyatını düzgün qura bilsin. Yüksək təhsil alsın, yaxşı karyera qursun, cəmiyyətdə öz yerini tutsun.
Hansı cəmiyyətdə?! Azərbaycan cəmiyyətində. Bir çox ata-anaların da arzusudur ki, övladları Azərbaycanın dövlət sistemində işə qəbul olunsun və uğur qazansın. Bu da təbii və haqlı istəkdir.
Ancaq bir tərəfdən, dünyəvi dövlətdən övladına təhsil dünyəvi verməsini istəyirsən (özü də ibtidai və orta təhsil səviyyələrində pulsuz, ödənişsiz), o biri tərəfdən də, dövlətin öz məktəbində, öz məktəbinin müəllim və şagirdləri üçün qoyduğu qaydaya qarşı çıxırsan – dünyəvi məktəbə dini simvolları və dini düşüncəni gətirmək istəyirsən.
Bu, hansı məntiqə sığır?!
Dünyəvi məktəb uşaqlara, yeniyetmələrə ehkam aşılayacaq bir struktur deyil, elm, bilik, innovasiyalar öyrədən DÖVLƏT TƏŞKİLATIdır.
Hər ailənin də qurulmasında ən əsas məqsəd övladına təhsil vermək və onu məktəb vasitəsilə gerçək vətəndaşlığa hazırlamaqdırsa, onda bəzi ailələr niyə öz oturduqları budağı kəsir – uşaqlarını məktəbdən niyə yayındırır?! Bir baş geyiminə görə özünün və övladının BAŞ hüququnu əngəlləməyin adı nədir?! Adını özünüz qoyun.
Bir daha deyirəm, burda söhbət məktəblilərin DƏRSDƏ geyimindən gedir, məktəbsizlərin yox. O məktəbə gedən uşaqdır, yeniyetmədir, gəncdir, onların ata-anaları yox. Uşaqların beynini yuyub zombiləşdirmək, analitik aparatını bağlamaq olmaz axı. Yoxsa uşaq mənən şikəst qalar. Hansı ana, ata bunu istəyər ki! İraq olsun, kim uşağının şikəst olmasını istəyər?! Niyə istəsin axı…

Bahəddin Həzi

