Evlənə bilməyənlərə xeyriyyə tədbiri – NİYƏ də olmasın?

Evlənə bilməyənlərə xeyriyyə tədbiri – NİYƏ də olmasın?

“İndiki qızlar varlı oğlan, oğlanlar isə imkanlı qız axtarır. Belə çıxır ki, artıq sevgi yoxdur. Biz pul, var-dövlət, şan-şöhrət üçün yaşayırıq”.

Bu sözləri müğənni Nadir Qafarzadə “Sevilən səhər” verilişində deyib.

Altı bacının tək qardaşı, qadın düşkünü olan kriminal avtoritetin oğlu... - Nadir  Qafarzadə haqqında bilmədikləriniz | sfera.az

Müğənni bildirib ki, insanın maddi imkanı azdırsa, bu, onun sevə bilməyəcəyi anlamına gəlməməlidir: “Mən kasıbamsa, deməli, sevə bilmərəm? Kasıb qız da sevə bilməz? Belə çıxır ki, bu sevgi heç kimə lazım deyil. Son zamanlar gördüklərimizdən danışır, bunları müşahidə etdiyim üçün deyirəm. Amma biz əvvəllər sevəndə həqiqətən sevirdik, pula görə sevmirdik.
Mənim həyat yoldaşım mənimlə ailə quranda mən kasıb, yetim bir oğlan idim. O, mənim var-dövlətimə görə gəlməmişdi. Bilirdi ki, kimə ərə gəlir. Sonra isə hər şey yavaş-yavaş düzəldi. Həyatda əzab-əziyyət də çəkdik. Çox istərdim ki, biz özümüzə qayıdaq”.

Nadir haqlımı? Hərçənd bu da faktdır ki, bir çox imkansız ailələrdən olan oğlan uşaqlarının evliliyi məhz maddi faktora görə gecikir. Çünki Azərbaycanda ailə qurmaq təəssüf ki, həm qız, həm də oğlan evi üçün böyük xərc deməkdir, ciddi və əlavə maliyyə yüküdür.

Bəs gənclərə bu xüsusda necə kömək eləmək olar? Zəngin insanlar tutaq ki, bir qrup cavanı evləndirməklə, yəni toy xərclərini öz üzərilərinə götürməklə xeyriyyə tədbirləri keçirə bilməzmi? Dövlət bu işdə necə dəstəkçi ola bilər?

Deputat Elşad Musayev Musavat.com-a deyib ki, ölkəmizin iqtisadi gücünün və potensialının artmasına çalışmalıyıq: “Ki, gənclərimiz də işləsinlər. Hər bir işləyən insanın müəyyən qədər imkanı olur ki, öz problemlərini özü həll edə bilsin. İkinci tərəfdən, təbii ki, bir sıra ölkələrdə, məsələn, qardaş Türkiyədə belə bir təcrübə var. İmkanlı insanlar yeni nəslin nümayəndələrinə, imkansız gənclərin evlənməsinə yardım edirlər və bunu heç kim qınamır. Dinimizdə də var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Yəni belə halların reklamsız, təmənnasız şəkildə baş verməsi çox yaxşıdır”.

Deputat gənclərin ailə qurmasını çətinləşdirən amillərdən biri kimi toy xərclərinin yüksək olmasına da diqqət çəkib. Onun sözlərinə görə, həm şadlıq evləri ilə bağlı xərclərin, həm də bəy evinin üzərinə düşən maliyyə yükünün azaldılması vacibdir: “Bu yaxınlarda şadlıq evlərindən birinin rəhbəri ilə söhbət edirdik. O özü də etiraf etdi ki, xeyir işlər üçün sifarişlər verilir, amma əlavə xidmətlər və başqa məsələlər də var ki, bunlar əlavə xərc yaradır. Yəni evlənməyi daha ucuz başa gələn bir prosesə çevirməliyik. Bu, həm şadlıq evləri ilə bağlı məsələlərə, həm də bəy evinin üzərinə düşən xərclərə aiddir. Bunları azaltmalıyıq. Ona görə də hesab edirəm ki, bu problemə kompleks yanaşmaq lazımdır”.

Deputat Elşad Musayev canlı yayında – Böyük Azərbaycan Partiyası

Elşad Musayev evlənənlərin sayının azalmasını və boşanmaların artması məsələsinə də toxunub: “Son dövrlər ölkəmizdə evlənənlərin sayının azalması, boşanmaların sayının isə artması narahatlıq doğuran amillərdir. Təbii ki, hamı bu məsələlərdən narahat olur. Düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır. Yeni nəslin nümayəndələrinə xoşbəxtlik arzulayıram. Evlənmək istəyən gənclərin və onların ailələrinin maddi imkanlarının daha yaxşı olmasını çox istərdim. Bir sözlə, bu problemi həll edə bilərik. Dövlətin üzərinə düşən məsələlərə gəldikdə isə, gənclərin mənzil alması ilə bağlı güzəştlərin tətbiqi, uşaqlar dünyaya gəldikdən sonra müavinətlərin verilməsi, uşaq pulu və bu kimi digər dəstək tədbirləri gənc ailələrə kömək edə bilər. Dövlət bu istiqamətdə addımlar atmaqla həm ciddi əməli iş görmüş olar, həm də gəncləri ailə qurmağa təşviq edər”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir