Mərkəzi Bank istehlak kreditlərinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib. Yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70 faizdən çox ola bilməz. Eyni zamanda, borcalanın gəlirləri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə təsdiqlənə bilirsə, banklar tərəfindən gəlirin davranış modeli əsasında proqnozlaşdırılmasına icazə verilməyəcək.
Bununla yanaşı, nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarların banklara təqdim etdiyi məlumatlar kredit bürolarının bazasındakı göstəricilərlə tutlaşdırılacaq; hər hansı göstərici üzrə uyğunluq 90 faizdən aşağı olarsa, bu amil aktivlərin təsnifləşdirilməsi zamanı nəzərə alınacaq.

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a şərhində bildirib ki, əsas məqsəd problemli kreditlərin sürətlə artan dinamikasını yavaşlatmaqdır:
“İstər kredit kartları, istər depozit hesabları, ümumiyyətlə kart limitləri ilə bağlı Mərkəzi bank tərəfindən vaxtaşırı sistemli qərarlar qəbul edilir. Mağazaların kredit bürosuna verdiyi məlumat və banka verdiyi məlumat arasında uyğunluq 90%-dən az olanda artıq risk qiymətləndirilməsində bu tip satış mağazasının xeyrinə olmayan qərar qəbul edilir. Məlumatlar şəffaf olmalıdır. Eyni zamanda da borcalanın borcu gəlirlərinin 70%-dən çox ola bilməz müddəası qoyulur. O cümlədən əgər gəlirlər müvafiq sistemdə təsbit edilərsə, o zaman davranışla bağlı qərarlar verilə bilməz, yəni digər üsullarla risk qiymətləndirilməsi ola bilməz. Bütün proseslər ona xidmət edir ki, bank müştəri cəlb etmək yaxud mağaza daha çox məhsul satmaq üçün krediti yaxud məhsul ödənişini ödəməkdə çətinlik çəkənə məhsul və ya pul krediti verməsin. Problemli kreditlərin həcminin artmaması baxımından yeni qaydanı birmənalı dəstəkləyirəm”.
Nigar Həsənli
Musavat.com

