Azərbaycanlı nazir Kiyevdə, prezidentin o mesajı gündəmdə

Azərbaycanlı nazir Kiyevdə, prezidentin o mesajı gündəmdə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya etdiyi rəsmi səfər təkcə iki ölkə arasında diplomatik münasibətlər baxımından deyil, həm də davam edən Rusiya-Ukrayna müharibəsi fonunda xüsusi əhəmiyyət daşıyır.

Səfər həm Bakının Kiyevə verdiyi siyasi dəstəyin növbəti nümayişi, həm də Azərbaycanın beynəlxalq hüquqa söykənən prinsipial mövqeyinin bir daha təsdiqidir. Eyni zamanda, bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirir. Bakı müharibənin ilk günlərindən etibarən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini dəfələrlə bəyan edib, eyni zamanda humanitar yardım proqramları ilə Kiyevə praktiki dəstək göstərib.

İlham Əliyev Zelenski ilə görüşdü — Video

Həmçinin, prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər bu gün də aktuallığını qoruyur. Belə ki, dövlət başçısı işğalla barışmamağı tövsiyə edib. Nazir Ceyhun Bayramovun Kiyev səfəri də məhz bu siyasi xəttin davamıdır. Azərbaycan bir tərəfdən regionda balanslaşdırılmış xarici siyasət yürüdür, digər tərəfdən isə beynəlxalq hüququn prinsiplərinə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir.

Baş diplomatın Kiyev səfərini şərh edən deputat Azər Badamov Musavat.com-a bildirib ki, Azərbaycan milli maraqlara söykənən, balanslaşdırılmış, praqmatik və müstəqil xarici siyasət həyata keçirir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu xarici siyasət kursunun əsas prioriteti ölkənin milli maraqlarının qorunması, beynəlxalq hüququn prinsiplərinə hörmət və bütün tərəfdaş dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Məhz bu siyasət Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bu baxımdan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır. Səfər ilk növbədə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına yeni dinamika qazandıracaq. İki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından bu səfər mühüm imkanlar yaradır”.

Azər Badamov: "Yaxın Şərqin yenidən qurulmasında Azərbaycanın təcrübəsindən  istifadə oluna bilər" | Hafta.az

Deputat söyləyib ki, Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən aydın və ardıcıl siyasət kimi qiymətləndirilir: “Nazir Ceyhun Bayramovun Ukraynaya səfəri Azərbaycanın heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən bütün tərəfdaşları ilə konstruktiv dialoqu davam etdirdiyini göstərir. Rəsmi Bakı milli maraqları əsas götürərək həm regional, həm də qlobal tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında inkişaf etdirir. Bu yanaşma Azərbaycan diplomatiyasının ən mühüm üstünlüklərindən biridir. Səfər həm də regional əməkdaşlıq, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı, enerji təhlükəsizliyi və müharibədən sonrakı bərpa proseslərində mümkün əməkdaşlıq perspektivləri baxımından diqqət çəkir. Azərbaycan son illərdə regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və bu potensialın Ukrayna ilə əməkdaşlıqda da yeni imkanlar yaradacağı istisna deyil”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir