AQTA hərəkətə keçdi – Azərbaycanda donuz taunu?
Intel(R) JPEG Library, version [1.51.12.44]

AQTA hərəkətə keçdi – Azərbaycanda donuz taunu?

Azərbaycanda donuz təsərrüfatlarında keçiriləcək yeni monitorinq diqqət çəkib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) avqustun 10-dan 14-dək ölkənin bir sıra şəhər və rayonlarında donuzlarla bağlı epizootoloji araşdırmalar aparacaq.AQTA-nın açıqlamasına görə, tədbirin əsas məqsədi Azərbaycanda donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunması və ölkədə mövcud epizootoloji vəziyyətin qiymətləndirilməsidir. Monitorinq nəticələrinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunması da nəzərdə tutulur.
Səhəri donuz xorultusu ilə açılan məhəllə

Afrika donuz taunu yüksək yoluxuculuğu ilə seçilən virus xəstəliyidir və ev donuzları ilə yanaşı, vəhşi donuzlarda da yayıla bilər. Xəstəliyin əsas xüsusiyyətlərindən biri onun təsərrüfatlar arasında sürətlə yayılması və ciddi iqtisadi itkilərə səbəb ola bilməsidir. Bu səbəbdən xəstəliyin ölkəyə daxil olmasının qarşısının alınması və mümkün halların erkən aşkarlanması baytarlıq nəzarətinin əsas istiqamətlərindən sayılır.
AQTA-nın donuz təsərrüfatlarında monitorinqə başlaması sırf profilaktik tədbirdir, yoxsa son dövrdə regionda Afrika donuz taunu ilə bağlı epidemioloji risklərin artması ilə əlaqəlidir?
Qida üzrə mütəxəssis İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Ümumiyyətlə, ölkəmizdə donuz əti istehlakı və bu sahəyə olan maraq digər heyvandarlıq sahələri ilə müqayisədə aşağıdır. Lakin ölkədə donuzçuluq təsərrüfatları fəaliyyət göstərir və bu təsərrüfatlarda epizootik təhlükəsizliyin təmin olunması dövlət baytarlıq nəzarətinin ayrılmaz tərkib hissəsidir. Heyvanların sağlamlığının qorunması, təhlükəli yolxucu xəstəliklərin qarşısının vaxtında alınması və təsərrüfat sahiblərinin zərərə uğramamasının təmin edilməsi birbaşa Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas vəzifələrindən və səlahiyyətlərindən biridir.
Bu baxımdan, AQTA tərəfindən həyata keçirilən monitorinqlər hər hansı bir təhlükənin mövcudluğundan xəbər vermir və bunun göstəricisi deyildir. Sadəcə, bu cür nəzarət tədbirləri xəstəliklərin erkən aşkarlanmasına, onların yayılmasının qarşısının alınmasına və ölkədə epizootik sabitliyin qorunmasına xidmət edən əsas işlərdən biridir. Donuzçuluq təsərrüfatlarında keçirilən monitorinqlər ilk növbədə planlı-profilaktik baytarlıq nəzarəti kimi qiymətləndirilməlidir”.

Ekspert əlavə edib ki, bunu sadə bir prosedura kimi qiymətləndirmək də düzgün olmazdı: “Çünki hazırda dünyanın bir çox ölkəsində Afrika donuz taunu təsərrüfatlara ciddi zərər vurur. Bu, təhlükəli virus xəstəliyidir, insan sağlamlığı üçün təhlükə yaratmasa da, donuzlar arasında sürətlə yayılır və yoluxmuş təsərrüfatlarda yüksək riskli iqtisadi zərərlərə, iri tələfatlara və ixrac imkanlarının məhdudlaşmasına səbəb olur. Buna görə də xəstəlik qeydə alınmayan ölkələrdə belə müntəzəm monitorinqlər həyata keçirilir. Azərbaycanın Afrika donuz taunundan azad olması o demək deyildir ki, profilaktik tədbirlər aparılmamalıdır. Əksinə, bu tədbirlərin görülməsi məqsədəuyğundur və təqdirəlayiq qarşılanmalıdır”.
İlkin Şirinov qeyd edib ki, donuzlarda klassik donuz taunu, müxtəlif bakterial və parazitar xəstəliklər, donuz qripi, eləcə də dəri və oynaq xəstəlikləri kimi digər patologiyalar da müşahidə oluna bilər: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən monitorinq nəticələri ölkənin epizootik vəziyyətinin beynəlxalq səviyyədə təsdiqlənməsinə xidmət edir.
Digər tərəfdən, regionda vəziyyət daim dəyişə bilər, heyvanların qanunsuz daşınması, nəzarətsiz dövriyyə və nəqliyyat əlaqələri xəstəliklərin yayılma riskini artırır. Bütün bunlara baxmayaraq, belə monitorinqlərin keçirilməsi ictimaiyyət arasında narahatlıq yaratmamalıdır. Dövlət baytarlıq nəzarəti sisteminin effektiv işləməsi mümkün təhlükələrin vaxtında müəyyən edilməsinə, heyvan sağlamlığının qorunmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mühüm mexanizmdir”.
Afaq Mirayiq,

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir