ARANTV.AZ xəbər verir ki, “Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir”. Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl Fəcr” qəzetində Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalı haqqında dərc olunan məqalədə belə deyilir.
“Əl Fəcr” qəzetinin iyulun 30-dan avqustun 7-dək Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalında iştirak edən baş redaktoru Şərif əl Bəsilin müəllifliyi ilə dərc olunan məqalədə hər il dünyanın və Azərbaycanın nüfuzlu musiqiçilərinin iştirakı ilə təşkil olunan beynəlxalq musiqi festivalı və ona ev sahibliyi edən füsunkar Qəbələ barədə ətraflı söhbət açılır. Qeyd edilir ki, festivalın konsertlərindən biri Azərbaycanın dünyaca məşhur bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycanın dahi bəstəkarının, həmçinin digər tanınmış musiqiçilərin əsərlərində, eləcə də Azərbaycan muğamına heyranlığını bildirən müəllif bu möhtəşəm festivalın artıq on ildir ənənəvi olaraq Qəbələdə keçirildiyini bildirir. Yazıda tədbirə ev sahibliyi edən Qəbələnin füsunkar təbiətini təsvir edən Şərif əl Bəsil bu ecazkar təbiət möcüzəsinin Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin ən sevdikləri məkana çevrildiyini vurğulayır. Müəllif yazıda Qəbələ Beynəlxalq musiqi festivalının təşkilində, həmçinin Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edir. Baş redaktor, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük humanizm, qayğı və vətənpərvərlik tərənnüm edən xidmətlərindən bəhs edir. Müəllif qeyd edir ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məqalədə bildirilir ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyeva Azərbaycan muğamının, tolerantlıq dəyərlərinin dünya miqyasında tanıdılması, mədəniyyətlərarası dialoqun qurulması və təşviq edilməsi istiqamətində mühüm işlər görür. Həmçinin, yazıda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda təhsilin və mədəniyyətin inkişafı sahəsində gördüyü işlərdən, xeyriyyəçilik fəaliyyətindən də bəhs olunur. Baş redaktor məqalədə X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarının tədbirlə bağlı fikirlərini də oxuculara təqdim edir.
