Hadrutda energetiklərin ümumrespublika yarışının qalibi bəlli oldu

Hadrutda energetiklərin ümumrespublika yarışının qalibi bəlli oldu

“Azərişıq” ASC-nin təşkil etdiyi “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının qalibi müəyyənləşib.

ARANTV.AZ  xəbər verir ki, yarışın final mərhələsi Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində keçirilib.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda maarifləndirmə proqramının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlanması və yeni nəsil energetiklərin formalaşdırılması baxımından mühüm rol oynayır.

Tədbirdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin ölkənin bütün regionlarında həyata keçirdiyi yenidənqurma işlərini və yarışın regional turlarını əks etdirən videçarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra intellektual yarışa start verilib. Regional turların qalibi olan 11 komanda — “Astara EŞ”, “Göyçay EŞ”, “Xaçmaz EŞ”, “Xankəndi EŞ”, “Qax EŞ”, “Qazax EŞ”, “Salyan EŞ”, “Sumqayıt EŞ”, “Şahbuz EŞ”, “Yasamal RETSİ” və “Zərdab EŞ” nəzəri biliklərini sınayıb. İştirakçılar şəkilli, situasiya, açıq və qarışıq tipli olmaqla, ümumilikdə 20 suala cavab veriblər.

Yarışın ikinci mərhələsində komandalar peşə bacarıqlarını nümayiş etdiriblər. Ssenariyə uyğun olaraq elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi və ona ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmə, eləcə də 10 kV-luq elektrik xəttində təmir-bərpa əməliyyatları üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Üçüncü mərhələdə isə “Bilik və bacarıqdan innovasiyaya” innovativ həllər müsabiqəsi keçirilib. İştirakçılar əvvəlcədən hazırladıqları layihələri təqdim edərək öz innovativ yanaşmalarını nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, “Yasamal RETSİ” komandası birinci, “Xaçmaz EŞ” ikinci, “Astara EŞ” isə üçüncü yeri tutub. Qalib komandalar diplom və kubokla mükafatlandırılıblar.

Qeyd edək ki, “Azərişıq” ASC əməkdaşların peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının qorunması məqsədilə ölkənin müxtəlif regionlarında maarifləndirici tədbirlər və yarışlar təşkil edir. Bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir