Siqaretə qarşı yeni qayda-pasport olmadan satış qadağası

Siqaretə qarşı yeni qayda-pasport olmadan satış qadağası

Türkiyədə tütün məhsullarının satışına nəzarətin sərtləşdirilməsi və siqaret istehlakının azaldılmasına yönələn yeni tədbirlər müzakirə olunur. Gündəmə gələn təkliflərdən biri də siqaret alışının şəxsiyyət məlumatları əsasında həyata keçirilməsi, yəni alıcıların identifikasiyası mexanizminin tətbiqidir. Bu yanaşmanın məqsədi tütün məhsullarının satışına nəzarəti gücləndirmək, siqaret istifadəsini məhdudlaşdırmaq və xüsusilə gənclərin tütün məhsullarına əlçatanlığını azaltmaqdır. Lakin belə bir mexanizmin tətbiqi bir sıra suallar doğurur. Siqaret alan şəxslərin şəxsiyyət məlumatlarının tələb edilməsi tütün istehlakının azalmasına həqiqətən təsir göstərə bilərmi? Bu addım siqaret satışına nəzarəti gücləndirəcək, yoxsa istehlakçılar üçün əlavə prosedur yaratmaqla kifayətlənəcək?

Picture backgroundTürkiyədə müzakirə olunan bu təcrübənin Azərbaycanda tətbiqi nə dərəcədə realdır? Siqaret istehlakının azaldılması üçün belə bir mexanizm effektiv vasitə ola bilərmi, yoxsa daha sərt satış məhdudiyyətləri, qiymət və vergi siyasəti, maarifləndirmə tədbirləri kimi alternativ addımlara üstünlük verilməlidir?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb. Onun sözlərinə görə, Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının alınması və verilməsi, eləcə də onların istifadəsinin təklif və ya tələb edilməsi yolu ilə tütün istifadəsinə cəlb olunmasına görə 100 manat məbləğində cərimə nəzərdə tutulub: “Lakin burada əsas məsələ
qanunvericilikdə belə bir cərimənin mövcudluğundan daha çox, onun praktikada nə dərəcədə tətbiq olunmasıdır. İndiyədək bu əməllərə görə neçə nəfərin məsuliyyətə cəlb edildiyi, bu mexanizmin nə qədər effektiv olduğu barədə konkret mənzərəni ortaya qoyan məlumatlar varmı? Əgər qanunun icrasına nəzarət və onun tətbiqi mexanizmi yetərincə effektiv deyilsə, sadəcə cərimə müəyyənləşdirməklə problemin həllinə nail olmaq çətin olacaq”.
Picture backgroundHüquqşünas hesab edir ki, bu cür tədbirlər bəzi hallarda formal xarakter daşıya bilər: “Çünki yetkinlik yaşına çatmayan şəxsin tütün məmulatını özü almaması onun bu məhsullardan istifadəsinin qarşısını almır. O, həmin məhsulları başqa şəxslər vasitəsilə də əldə edə bilər. Belə olan halda, şəxsin eyniləşdirilməsi və cərimə mexanizminin tətbiqi özlüyündə problemin köklü həllinə zəmanət vermir. Buna görə də əsas diqqət yalnız inzibati tədbirlərə deyil, tütün istifadəsinə gətirib çıxaran səbəblərin aradan qaldırılmasına və profilaktik tədbirlərə yönəldilməlidir. Hesab edirəm ki, tütün məmulatlarından istifadənin azaldılmasının ən effektiv yollarından biri sistemli maarifləndirmə işinin aparılmasıdır. Xüsusilə yeniyetmələr və gənclər arasında tütünün insan sağlamlığına vurduğu zərər, nikotindən asılılığın yaratdığı fəsadlar barədə ardıcıl və təsirli məlumatlandırma həyata keçirilməlidir. Bu istiqamətdə məktəblərin, ailələrin və aidiyyəti dövlət qurumlarının üzərinə mühüm vəzifələr düşür. Eyni zamanda, reklam və ictimai kommunikasiya vasitələrindən istifadə etməklə tütün istehlakının zərərli vərdiş olduğu cəmiyyətə aydın şəkildə çatdırılmalıdır. Məqsəd yalnız insanları məlumatlandırmaq deyil, həm də onların davranış və seçimlərinə təsir göstərmək olmalıdır”.

Hüquqşünas tütün məmulatlarından istifadənin azaldılmasında vergi siyasətinin də mühüm rol oynadığını deyib: “Tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin artırılması onların qiymətinin yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə öz gəliri olmayan və ya məhdud maliyyə imkanlarına malik yeniyetmələrin həmin məhsullara çıxışını çətinləşdirə bilər. Təbii ki, qiymət artımı təkbaşına problemi tam həll etmir, lakin düzgün nəzarət və maarifləndirmə tədbirləri ilə birlikdə daha təsirli nəticə verə bilər”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir