Toya hazırlaşanlar OXUSUN! Qızıl bazarındakı qiymətlər bu REPORTAJDA

Toya hazırlaşanlar OXUSUN! Qızıl bazarındakı qiymətlər bu REPORTAJDA

Qızıl bazarının özünəməxsus, yazılmamış qanunları var. İqtisadi nəzəriyyəyə görə, qiymətlər bahalaşdıqca tələbat azalmalıdır. Amma söhbət Bakının məşhur qızıl bazarından gedirsə, nəzəriyyələr yerini vitrinlərin parıltısına, alıcı ilə satıcı arasındakı qızğın söhbətlərə verir. Məhərrəm və Səfər aylarının başa çatmasına sayılı günlər qalmış, dünya birjasında qızılın qiymətinin kəskin bahalaşmasına baxmayaraq, bazarda müşahidə olunan canlanmanın izinə düşürük.

Məlumat üçün bildirək ki, avqustun 5-də Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4201 dollar civarında olub. Gün ərzində qızılın qiyməti 4 faizdən çox artıb. Platin və palladiumun qiymətləri də artıb. ABŞ-də mis fyuçersləri tarixi rekorda yaxınlaşıb. “Comex” birjasında ticarət edilən mis qiymətləri bu il 17 faizdən çox bahalaşıb.

Musavat.com oxucuları üçün toyların başlaması ərəfəsində qızıl bazarında olub, vəziyyəti yaxından öyrənmişik. Dükanların arasında addımlayarkən diqqətimizi çəkən ilk mənzərə vitrindəki zinət əşyasını diqqətlə nəzərdən keçirən bir xanımla satıcı arasındakı söhbət olur. Dünya birjasında qızılın troy unsiyası təxminən 200 dollar bahalaşıb, daxili bazarda isə “lom” qızılın bir qramı artıq 130 manatı keçib. Amma alıcılar hələ də köhnə qiymətlərin sorağındadır. Xanım alıcı satmaq istədiyi zinət əşyasının qiymətini soruşur. Satıcı 295 manat olduğunu deyir. Bu qiymət alıcını təəccübləndirir. O, məhsulu 3 il əvvəl Türkiyədən 350 manata aldığını xatırladaraq, niyə burada daha ucuz aldıqlarını soruşur.

Satıcı isə bunun böyük alış qiyməti olduğunu bildirir. Onun sözlərinə görə, burada məhsul daha ucuz satılır, gərək alıcılar başqa yerə gedəndə aldanmasınlar: “Bəzən otellərdə alırsınız, sizə baha satırlar. Həmin qızılı buradan daha ucuz alardınız”, – deyə o, əlavə edir. Yolumuza davam edirik. Bu dəfə məqsədimiz 750 əyar, yəni 18 karat qızılın qiymətini öyrənməkdir. İlk satıcı həmin əyarın özündə olmadığını deyərək bizi qonşu vitrinə yönləndirir.
Yan dükanın zərgəri bildirir ki, hazırda 750 əyar qızılın “lom” alış qiyməti 166 manat 40 qəpik, satış qiyməti isə 185-190 manat arasında dəyişir. Alıcı isə “Cartier” qolbağı və dəstinin olduğunu, qiymətlərin son günlər xeyli bahalaşdığını deyir.

Zərgər söhbəti davam etdirərək bildirir ki, alıcı bir gün əvvəl gəlsəydi, eyni qızılın qiyməti 162-163 manat idi. Onun sözlərinə görə, dünya birjasında baş verən artım daxili bazara da dərhal təsir edir. “Birjada qiymət təxminən 200 dollar qalxıb. Dünən “lom” qızılın qramı 126 manat idi, bu gün artıq 130 manatdır. Biz birja ilə işləyirik. Orada qiymət necə dəyişirsə, biz də ona uyğun qiymət qoyuruq”.

Söhbətin ən maraqlı yerində zərgərə hamını düşündürən sualı ünvanlayırıq. Qiymətlər bahalaşanda alver zəifləyir, yoxsa əksinə?

Cavab gözlədiyimizin tam əksi olur: “Əksinə. Qiymət aşağı olanda hamı gözləyir ki, bəlkə bir az da düşər. Amma bahalaşan kimi hamı tələsir ki, sonra daha baha olacaq. Üstəlik, Məhərrəm və Səfər ayları bitir, toy mövsümü başlayır. İki gün əvvəl 162 manata satdığımız malı bu gün 170 manata satırıq, yenə də alan var. Həm satan çoxdur, qiymət qalxıb deyə qızılını pula çevirir, həm də alan çoxdur. Toy hazırlığı görənlər də qiymət daha da artmamış alış-verişlərini tamamlamağa çalışırlar”.

Bazarı gəzərkən bu fikirlərin təsdiqini görmək çətin olmur. Bir tərəfdə insanlar köhnə qızıllarını satmağa gətirir, digər tərəfdə isə toy hazırlığında olan ailələr vitrin-vitrin gəzərək seçim edirlər. Xeyli insan qızıl almaq üçün növbələrə durub. Halbuki bir ay əvvəl vəziyyət tam fərqli idi. Satıcılar isə demək olar ki, hər söhbətdə birjanı xatırladırlar. Buradakı mənzərə bir daha göstərir ki, Azərbaycanda qızıl təkcə zinət əşyası deyil.
Bir çoxları üçün o, həm də etibarlı yığım və investisiya vasitəsidir. Qiymətlərin sürətlə bahalaşması insanlarda “geciksəm, daha baha alacağam” düşüncəsini gücləndirib. Məhərrəm ayının başa çatması və toy mövsümünün başlaması isə bazardakı canlanmanı daha da artırıb. Alıcılar “Sabah gətirərəm, bəlkə qismət oldu” deyərək dükanlardan ayrılır, satıcılar isə birja qiymətlərini izləyib vitrinlərdəki etiketləri yeniləyirlər. Qızıl bahalaşsa da, bazarda alver səngimir…

Afaq Mirayiq,
Foto müəllifindir,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir