Azərbaycanda səhiyyə sisteminin idarə edilməsində mühüm dəyişiklik baş verib. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qərar dövlət tibb müəssisələrinin idarə olunması, səhiyyə sistemində səlahiyyət bölgüsü və tibbi xidmətlərin təşkili ilə bağlı yeni suallar yaradır.
TƏBİB-in Nazirliyin tabeliyinə verilməsi idarəetmədə hansı dəyişikliklərə səbəb olacaq?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-la fikrini bölüşüb:
“Uzun müddət idi bu müzakirələr gedirdi. Əslində, səhiyyə strukturlarının bir qurumda cəmləşməsi olduqca vacib addım idi. Biz dəfələrlə bu barədə fikirlərimizi bildirmişdik. Məqsəd ümumi işə nəzarəti, praktikliyi və tibbi xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq idi. Davamlı müzakirələr nəticəsində bu gün Prezident tərəfindən belə bir fərmanın imzalanması müsbət haldır. Düşünürəm ki, bu dəyişiklik səhiyyəmizin vahid məqsəd ətrafında, bir mərkəzdən idarə olunmasına və proseslərin vətəndaşlarımız üçün daha uğurlu, əlçatan və səmərəli şəkildə həyata keçirilməsinə səbəb olacaq. Eyni zamanda, səhiyyə və tibbi sığorta münasibətlərində də yeni mərhələnin başlanmasının şahidi olacağıq. Əvvəllər TƏBİB və Səhiyyə Nazirliyinin ayrı-ayrı qurumlar kimi fəaliyyət göstərməsi fonunda dövlət və özəl tibb müəssisələrinə münasibətdə müəyyən fərqlər mövcud idi. İndi isə bu strukturların vahid mərkəzdən idarə olunması onların fəaliyyətinə yanaşmanın da eyniləşməsinə şərait yarada bilər. Bu, təqdirəlayiq haldır.
Düşünürəm ki, bütövlükdə özəl sektorun inkişafına da ciddi təkan verəcək. Eyni zamanda, tibbi sığortanın özəl sektora da şamil olunmasına gətirib çıxara bilər. Uzun müddətdir strateji proqramların həyata keçirilməsi üçün belə bir ümumi şəraitin yaradılmasına ehtiyac var idi. Proseslərin vahid qurum tərəfindən mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi bu istiqamətdə geniş imkanlar yaradacaq”.
Afaq Mirayiq,
Musavat.com

