“Ermənistan Respublikasının ərazisi 29.743 kvadrat kilometrdir və əsas vəzifəmiz gələcəkdə Azərbaycanla sülh müqaviləsi imzalamaq və 29.743 kvadrat kilometrlik ərazinin tam demarkasiyası və sərhədlərinin müəyyən edilməsini həyata keçirməkdir”. Musavat.com bildirir ki, bunu iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərlə söhbətində deyib.

Nazir “Ermənistan hökumətinin COP17 çərçivəsində Şikahoq qoruğuna (Qərbi Zəngəzur ərazisi – E.S) hücum edən azərbaycanlıların orada ağacları kəsməsi və həmçinin Laçın dəhlizini ekoloji tezislər altında bağlaması məsələsini qaldırıb-qaçırmayacağı” sualına toxunaraq belə cavab verib.
“Ermənistan həmin sərhəd daxilində olacaq və biz biomüxtəlifliyin qorunması üçün bütün işləri görəcəyik və həmin sərhəddən kənarda Ermənistan Respublikasının hüdudlarından kənarda olacaq, ona görə də bu, bizim də maraqlarımızdan kənarda olacaq. Hər bir ölkənin öz ərazisi daxilində nə edəcəyinə qərar vermək hüququ var”, – erməni nazir təxribatçı və böhtan xarakterli suala cavabında söyləyib.

Papoyan bildirib ki, “Ermənistan ərazisində baş verən hər şey Ermənistan Respublikası hökumətinin diqqət mərkəzindədir, həmin ərazidən kənarda heç nə diqqət mərkəzində deyil, çünki biz 29.743 kvadrat kilometrdən kənar ərazilər üçün heç bir tədbir görməyəcəyik”.
Erməni mediası hələ də yalan məlumatlar yaymağa davam edir və hətta nazirdən buna münasibət öyrənmək istəyir. Halbuki azərbaycanlıların Şikahoq qoruğuna daxil olması və ağacları kəsməsi barədə deyilənlər cəfəngiyatdır.
Papoyanın da mövqeyi kifayət qədər aydın olub. Xüsusən də keçmiş Laçın koridoru ilə bağlı demək istəyib ki, Azərbaycan əraziləri haqda erməni tərəfinin danışmağa ixtiyarı yoxdur. Amma erməni mediası hələ də “Berdzor” deyə Laçın şəhərini öz toponimi ilə adlandırır. Üstəlik, hələ də Azərbaycan ərazilərinə iddia irəli sürməkdədirlər. İndi COP17 tədbirini fürsət bilərək təbliğat aparırlar.
![]()
Şikahoq mövzusu təkcə ekologiya kimi təqdim edilmir. Ermənistan mediası onu Nerkin Hand kəndi, Azərbaycan hərbçilərinin mövqeləri və sərhədin delimitasiyası ilə əlaqələndirir. Belə təqdimatın mümkün məqsədi beynəlxalq auditoriyada bu təsəvvürü gücləndirməkdir ki, sərhəd məsələsi yalnız xəritələr və hüquqi mübahisə deyil, həm də Ermənistanın guya ərazi bütövlüyü və təbiətinin qorunması problemidir. Ermənistan COP17-dən informasiya və diplomatiya baxımından müəyyən fayda əldə edə bilər. Ancaq bu, avtomatik olaraq Azərbaycanın beynəlxalq səviyyədə məğlubiyyəti demək deyil. Bundan başqa, COP17 biomüxtəlifliyin qorunmasına həsr edilmiş beynəlxalq konfransdır. Orada Laçın aksiyasının qabardılması öz-özlüyündə Azərbaycanın ərazi suverenliyini şübhə altına almaq cəhdi ola bilər, lakin həqiqəti dəyişmir.
Emil Salamoğlu
Musavat.com

