Azərbaycanın mina faciəsi Romada gündəmə gətirildi: Dünya nəhayət hərəkətə keçəcəkmi?

Azərbaycanın mina faciəsi Romada gündəmə gətirildi: Dünya nəhayət hərəkətə keçəcəkmi?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də insanların həyatına son qoyan, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını çətinləşdirən və genişmiqyaslı bərpa-quruculuq işlərinə mane olan ən ciddi problemlərdən biri olaraq qalır. Bu məsələ beynəlxalq müstəvidə yenidən diqqət mərkəzinə gəlib. Oktyabrın 19-da Romada Ermənistanın mina müharibəsi ilə bağlı foto-sərginin açılması mövzunun Avropa ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Azərbaycanın mina problemi yalnız humanitar məsələ deyil, həm də regionda davamlı sülhün, təhlükəsizliyin və münaqişədən zərər çəkmiş ərazilərin bərpasının qarşısında duran ciddi maneədir. Torpaqların minalardan təmizlənməsi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün beynəlxalq dəstəyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığı real siyasi və praktiki dəstəyə çevriləcəkmi?

WhatsApp Image 2026-10-19 at 14.36.00.jpeg (73 KB)

Milli Məclisin üzvü Könül Nurullayeva Musavat.com-a bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi bu gün də insan həyatına ciddi təhdid yaradan, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidən və genişmiqyaslı bərpa-quruculuq prosesinə mane olan əsas problemlərdən biri olaraq qalır: “Müharibənin bitməsinə baxmayaraq, Ermənistan mina xəritələrini yox, qeyri-dəqiq formulyarlar verib. Bu isə problemin həllini yubadır və insan itkisinə səbəb olur. Təəssüf ki, müharibənin başa çatmasına rəğmən, 500-ə yaxın insan mina qurbanı olub. Son üç onillik ərzində isə qurbanların ümumi sayı 3500-ü ötüb. Oktyabrın 19-da Romada Ermənistanın mina müharibəsi ilə bağlı foto-sərginin açılması da bu problemin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Minalar mülki əhali üçün real təhlükə yaratmaqla yanaşı, ərazilərin təhlükəsiz istifadəsinə də ciddi mane olur. Kənd təsərrüfatı torpaqlarının dövriyyəyə qaytarılması, yolların və kommunikasiya xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin istifadəyə verilməsi əksər hallarda ərazinin əvvəlcədən təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Belə şəraitdə mina təmizlənməsi insanların təhlükəsizliyini təmin etmək, iqtisadi fəallığı bərpa etmək və azad edilmiş ərazilərdə dayanıqlı yaşayış mühiti yaratmaq üçün zəruri şərtdir”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və davamlı qayıdışını təmin etməkdir: “Mina təhlükəsi isə insanların gündəlik həyatına təsir etməklə yanaşı, gələcəyə dair planlarını da çətinləşdirir. Təhlükəsizliyin tam təmin olunmadığı ərazilərdə sosial və iqtisadi həyatın canlanması, yeni iş yerlərinin yaradılması və yerli icmaların formalaşması əlavə çətinliklərlə üzləşir. Bu səbəbdən, mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu sahədə əldə edilən hər bir nəticə insanların təhlükəsizliyinə, qayıdış prosesinə və regionun gələcək inkişafına birbaşa töhfə verir. Romada keçirilən foto-sərgi mina probleminin beynəlxalq müstəvidə müzakirəsi və Avropa ictimaiyyətinin məlumatlandırılması baxımından uğurlu təşəbbüsdür. Faktların əks olunduğu fotoşəkillər vasitəsilə insanların üzləşdiyi təhlükənin, dağıntıların və 30 ilə yaxın davam edən işğalın nəticələrinin nümayişi problemin miqyasını daha geniş auditoriyaya çatdırır. Belə tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini mina qurbanlarının taleyinə, mülki əhalinin təhlükəsizliyinə və azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin qarşılaşdığı çətinliklərə yönəldir. Eyni zamanda, onlar mina təhlükəsinin unudulmaması və bu məsələnin beynəlxalq gündəlikdə saxlanılması üçün əhəmiyyətli platforma rolunu oynayır. Beynəlxalq təşkilatlar, Avropa institutları və donor ölkələr bu istiqamətdə daha fəal mövqe nümayiş etdirməlidir.

Əgər beynəlxalq ictimaiyyət problemin miqyasını daha dərindən dərk edirsə, bu, mina təmizlənməsinə dəstək proqramlarının genişləndirilməsində və humanitar əməkdaşlığın gücləndirilməsində öz əksini tapmalıdır. Hər bir təmizlənmiş ərazi yeni həyatın başlanğıcı, hər bir xilas edilmiş insan həyatı isə görülən işin ən mühüm nəticəsidir. Azərbaycanın azad edilmiş torpaqlarında təhlükəsiz gələcəyin qurulması üçün beynəlxalq həmrəylik sözdə deyil, əməli dəstəklə təsdiqlənməlidir”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir