Yeni tədris ilinin başlanmasına sayılı həftələr qaldıqca bölgələrdən minlərlə tələbənin Bakıya axını kirayə mənzil bazarında da canlanma yaradır. Mütəxəssislərin fikrincə, avqustun sonuna doğru tələbin daha da artması paytaxtın bəzi rayon və qəsəbələrində kirayə qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Bəs bahalaşmanın daha çox hansı ərazilərdə müşahidə ediləcəyi gözlənilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda tələbələrin yerləşdirilməsi prosesi tam başa çatmadığı üçün kirayə bazarında hələlik ciddi aktivlik müşahidə olunmur.
“Hazırda bazarda yalnız nisbi canlanma var. Ümumilikdə isə kirayə mənzil bazarında mövcud tendensiya dəyişməyib – tələb yüksək, təklif isə məhduddur. Bununla belə, indiki mərhələdə bu amil qiymətlərə hələ ciddi təsir göstərmir”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, avqustun sonuna doğru tələbə axınının artması kirayə bazarında daha dinamik vəziyyət yaradacaq:
“Avqustun sonuna yaxın kirayə bazarında əhəmiyyətli canlanma müşahidə ediləcək. Tələbin artması qiymətlərə də təsirsiz ötüşməyəcək və kirayə haqlarında yüksəliş özünü göstərəcək.”
Ramil Osmanlı vurğulayıb ki, xüsusilə ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə və onların ətrafında yerləşən mənzillərə tələbatın artacağı gözlənilir. Bu səbəbdən həmin istiqamətlərdə kirayə qiymətlərinin digər ərazilərlə müqayisədə daha sürətlə bahalaşacağı ehtimal olunur.

