20 Oktyabr – Zəngilan: tarixi zəfərdən Böyük Qayıdışa

20 Oktyabr – Zəngilan: tarixi zəfərdən Böyük Qayıdışa

20 oktyabr – Zəngilan şəhəri günü Azərbaycan xalqının tarixi qələbəsini, milli iradəsini və işğaldan azad edilmiş torpaqlarımızda həyatın yenidən bərpasını təcəssüm etdirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün Zəngilanın qəhrəmanlıq tarixini, azadlıq mübarizəsini və bu gün keçdiyi inkişaf yolunu bir daha diqqətə çatdırır.

 

Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca yerləşir. Qədim tarixə və zəngin mədəni irsə malik olan rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanla həmsərhəddir. Araz, Həkəri, Oxçuçay və Bəsitçay kimi çayların ərazidən keçməsi, təbii sərvətləri və əlverişli coğrafi mövqeyi Zəngilanın iqtisadi və strateji əhəmiyyətini artırır. Rayonun tarixi memarlıq abidələri, türbələri, məscidləri və ziyarətgahları xalqımızın çoxəsrlik mədəni irsinin mühüm nümunələridir.

 

XX əsrin əvvəllərində regionda baş verən siyasi proseslər Zəngilanın da taleyinə təsirsiz ötüşməmişdir. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi nəticəsində tarixi ərazilərimizin inzibati və coğrafi bütövlüyünə ciddi zərbə vurulmuşdur.

 

1993-cü ilin oktyabrında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan əhalisi 67 gün mühasirə şəraitində düşmənə qarşı mübarizə aparmışdır. 1993-cü il oktyabrın 25–29-da rayonun müdafiəçiləri və sakinləri sonadək müqavimət göstərsələr də, ağır şəraitdə doğma yurdlarını tərk etməyə məcbur olmuşlar. Bu hadisələr zamanı 235 nəfər şəhid və itkin düşmüş, rayon sakinləri İran İslam Respublikası ərazisindən keçərək Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışlar. İşğal illərində Zəngilanın yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələri vandalizmə məruz qalmışdır. İmam Hüseyn məscidi, qədim türbələr, sərdabələr, körpülər və digər memarlıq nümunələri zərər görmüş, bəzi dini abidələrdən təyinatına zidd şəkildə istifadə edilmişdir.

 

Azərbaycan xalqının ədalətli mübarizəsi 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərlə nəticələndi. Sentyabrın 27-də başlayan müharibə zamanı Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində düşmən qüvvələri geri çəkilməyə məcbur edildi. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Sonrakı hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhəri, 4 qəsəbə və 49 kənd düşmən işğalından azad edildi.

 

Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi üzərində nəzarət bərpa olundu. Bu qələbə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, regionda yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması baxımından da mühüm əhəmiyyət daşıdı. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı ilə döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət göstərmiş hərbi qulluqçular təltif olundular.

 

Bu gün Zəngilan azadlığın və quruculuğun rəmzinə çevrilib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, verdiyi tapşırıqlar və həyata keçirilən genişmiqyaslı layihələr rayonun yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Zəngilan şəhərinin Baş planı təsdiqlənib, yaşayış kompleksləri, təhsil və sosial xidmət obyektləri, yol-kommunikasiya infrastrukturu və digər mühüm layihələr həyata keçirilməyə başlanılıb.

 

Rayonun inkişafında Ağalı kəndində reallaşdırılan “Ağıllı kənd” layihəsi xüsusi yer tutur. Müasir texnologiyalar, enerji səmərəliliyi, ekoloji yanaşma və rəqəmsal xidmətlər əsasında qurulan kənddə yaşayış üçün zəruri sosial və iqtisadi infrastruktur yaradılıb. Məktəb, uşaq bağçası, tibb və digər xidmətlərin təşkili, məşğulluq imkanlarının yaradılması sakinlərin doğma torpaqlarında rahat yaşayışına şərait yaradır. 2022-ci ilin mayından etibarən Ağalı kəndinə köçün başlanması Böyük Qayıdışın mühüm mərhələsi olub.

 

Zəngilan şəhərində də genişmiqyaslı quruculuq işləri davam edir. 2026-cı ildə şəhərdə 104 mənzilli ilk yaşayış kompleksinin açılması və ailələrin doğma yurdlarına qayıtması bu prosesin mühüm nəticələrindəndir. 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Yeni yaşayış məntəqələrinin salınması, əhalinin işlə təmin olunması və sosial xidmətlərin genişləndirilməsi rayonun dayanıqlı inkişafına xidmət edir.

 

Zəngilanın strateji əhəmiyyətini artıran əsas istiqamətlərdən biri də nəqliyyat infrastrukturunun inkişafıdır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu layihələri regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində, yükdaşımaların artırılmasında və iqtisadi inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. Eyni zamanda, “Dost Aqropark” layihəsi kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və yerli istehsal imkanlarının genişləndirilməsinə töhfə verir.

 

Rayonun tarixi-mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidində bərpa və tikinti işləri aparılıb, tarixi abidələrin qorunması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, Ağalı hotelinin istifadəyə verilməsi, Zəngilan İstirahət Kompleksinin inşası və yeni turizm layihələrinin həyata keçirilməsi rayonun turizm potensialının reallaşdırılmasına imkan yaradır.

 

Zəngilanın bugünkü mənzərəsi Azərbaycanın gücünü, qətiyyətini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşən bu torpaqlarda indi yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır, iqtisadi fəaliyyət genişlənir və insanlar doğma yurdlarına qayıdırlar.

 

20 Oktyabr – Zəngilan şəhəri günü yalnız tarixi qələbənin ildönümü deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və Böyük Qayıdışın təntənəsidir. Zəngilan yenidən qurulur, dirçəlir və Azərbaycanın gələcək inkişafında mühüm mövqeyini möhkəmləndirir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir