Bu gün Zəngilan Şəhəri Günüdür. Azərbaycanın tarixində mühüm yer tutan bu tarix Zəngilan şəhərinin Ermənistanın işğalından azad edildiyi günlə bağlıdır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd edilir.
Zəngilanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilən tarixi Zəfərin mühüm mərhələlərindən biri olmaqla yanaşı, rayonun gələcək inkişafı üçün də yeni imkanlar yaratdı. Uzun illər işğal altında qalan, infrastrukturu dağıdılan, yaşayış məntəqələri viran qoyulan Zəngilan bu gün yenidənqurma, iqtisadi dirçəliş və Böyük Qayıdış prosesinin mühüm ünvanlarından birinə çevrilib.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində rayonun yaşayış məntəqələri, sosial obyektləri və infrastrukturu ciddi dağıntılara məruz qalmışdı. Əhalisi doğma yurdlarından didərgin düşən Zəngilan uzun müddət öz sakinlərinin qayıdışını gözləyirdi.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Zəngilan şəhəri işğaldan azad edildi. Zəngilanın azad edilməsindən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Bu çərçivədə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, elektrik enerjisi, su və digər kommunal təminat sistemlərinin qurulması, sosial obyektlərin yaradılması, istehsal və xidmət sahələrinin inkişafı istiqamətində işlər həyata keçirilir.
“Zəfərdən sonra Zəngilan iqtisadiyyatı 515 dəfə böyüyüb. İqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə cəmi 1 milyon 161 min manat təşkil etdiyi halda, hazırda bu göstərici 600 milyon manata yaxınlaşıb”.
Bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sənaye sahəsində də irəliləyiş qeydə alınıb:
“2020-ci ildə Zəngilan rayonunda sənaye məhsulu istehsal edilmədiyi halda, hazırda bu sahədə istehsalın həcmi 3 milyon manata yaxınlaşır. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində də məhsul istehsalı artıb. Belə ki, bu sahələr üzrə göstərici 2020-ci ildəki 927 min manatdan 6 milyon manatadək yüksəlib”.
Təbii ki, iqtisadiyyatın belə qısa müddətdə genişlənməsi yalnız mövcud istehsal imkanlarının bərpası ilə bağlı deyil. Yeni infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövriyyəyə qaytarılması, sahibkarlıq fəaliyyətinin təşviqi və gələcək investisiyalar üçün şəraitin formalaşdırılması da bu prosesdə mühüm rol oynayır.
Zəngilanın işğaldan azad edilmiş ərazilər arasında xüsusi yeri onun məskunlaşma prosesində oynadığı rolla da bağlıdır. Rayon Böyük Qayıdış çərçivəsində sakinlərin doğma torpaqlarına dönüşünün həyata keçirildiyi ilk ünvanlardan biri kimi diqqət çəkir. Doğma yurda qayıdışın təmin edilməsi üçün yaşayış evlərinin tikilməsi ilə yanaşı, insanların gündəlik həyatını təmin edəcək sosial və kommunal infrastrukturun qurulması da vacibdir. Məktəblər, tibb müəssisələri, xidmət obyektləri, yollar və digər zəruri imkanlar məskunlaşmanın davamlı xarakter alması üçün əsas şərtlərdəndir. Zəngilanın yenidən qurulmasında qarşıya qoyulan əsas məqsədlərdən biri də sakinlərin yalnız yaşayış yerinə deyil, işləmək, təhsil almaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və rahat həyat sürmək imkanlarına malik olduqları doğma yurda qayıtmalarını təmin etməkdir. Bu baxımdan iqtisadi inkişafla məskunlaşma prosesi bir-birini tamamlayır. Yeni müəssisələrin yaradılması iş yerlərinin artmasına, iş yerlərinin çoxalması isə əhalinin bölgədə daimi məskunlaşmasına və yerli iqtisadi fəallığın yüksəlməsinə şərait yaradır.
Zəngilanın gələcək inkişafını müəyyənləşdirən əsas amillərdən biri onun əlverişli coğrafi mövqeyidir. Rayon Azərbaycanın cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşir. Bu mövqe Zəngilana regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, yükdaşımaların inkişafı və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından mühüm üstünlüklər verir.

Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi rayonun nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Hava limanı bölgəyə gediş-gəlişin asanlaşdırılması, biznes əlaqələrinin inkişafı və gələcəkdə turizm potensialının reallaşdırılması baxımından əhəmiyyət daşıyır.
Bununla yanaşı, Zəngilanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi perspektivləri Zəngəzur dəhlizi ilə bağlı layihələr kontekstində xüsusi diqqət çəkir. Bu istiqamətdə nəqliyyat bağlantılarının inkişafı Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqələrin genişləndirilməsi, eləcə də daha geniş regional marşrutların formalaşması baxımından əhəmiyyətli ola bilər.
Xalidə Gəray
Musavat.com

