“ABŞ və Ukrayna arasında fikir ayrılıqlarının dərinləşməsi, Vaşinqtonun dəstəyində yarana biləcək qeyri-müəyyənliklər və Avropada artan daxili gərginliklər Moskva ilə birbaşa dialoq imkanlarını nəzərdən keçirməyə sövq edir”. Bu sözləri Musavat.com-a hərbi ekspert Səxavət Məmməd bildirib.
Onun sözlərinə görə, bu çərçivədə Avropa liderlərinin Vladimir Putinlə təmaslar quraraq müharibənin dondurulması və alternativ razılaşma yollarının axtarılması ehtimalı gündəmə gəlir: “Ancaq bu cür birbaşa danışıqların başlaması, Avropadakı sosial-iqtisadi etirazlar və Kiyevin mövcud resurs reallıqları fonunda geostrateji mənzərə Ukrayna üçün oldukça mürəkkəb xarakter alır. Avropa ölkələrinin Vaşinqton və Kiyevdən müstəqil şəkildə Moskva ilə masaya oturması Ukraynada ədalətli və davamlı sülhdən daha çox, Kiyevin analitik maraqlarının böyük dövlətlərin razılaşması qarşısında ikinci plana keçməsi riskini doğurur. Tarixi təcrübə göstərir ki, kənar güclər münaqişə tərəfinin iştirakı olmadan və ya ona təzyiq göstərərək razılaşmaya gedəndə, əsas prioriteti müharibənin tezliklə dondurulması və öz iqtisadi-təhlükəsizlik komfortlarına qaytarılması təşkil edir”.
Onun fikrincə, mövcud cəbhə xəttində döyüşlərin dayandırılması və Ukraynanın NATO üzvlüyündən imtina etməsi ssenarisi mahiyyətcə Rusiyanın strateji məqsədlərinin böyük hissəsinin qəbul edilməsi və Ukraynanın uzunmüddətli “boz zona”da qalması deməkdir: “Digər tərəfdən, Donbasın nəzarətdə qalan hissəsinin güzəştə edilməsi müqabilində NATO-ya üzvlük imkanının saxlanılması variantı Kiyev üçün ağır görünməklə yanaşı, Rusiyanın NATO-nun şərqə genişlənməsini əsas təhdid saydığı bir fonda Moskvanın bu kompromisə razılaşması da ciddi sual altındadır. Qərbin daxilində vahid cəbhənin pozulması isə Rusiyanın diplomatik manevr imkanlarını genişləndirərək Vaşinqton, Brüssel və Kiyev arasındakı çatları daha da dərinləşdirir. Bu diplomatik daxili təzyiqləri gücləndirən əsas amillərdən biri də Avropanın özündə baş verən sosial-iqtisadi narazılıqlar, inflyasiya, enerji xərclərinin artması və kütləvi etirazlardır. Avropanın hərbi-sənaye kompleksi uzunmüddətli və yüksək intensivlikli müharibəni təkbaşına təmin edəcək istehsal gücünə malik deyil. ABŞ-ın hərbi yardımları zəifləyəcəyi təqdirdə, Avropa bu texniki və maliyyə boşluğunu doldurmaqda aciz qalacaq ki, bu da liderləri müharibəni nəyin bahasına olursa-olsun kompromis yolla dondurmağa məcbur edir”.
Hərbi ekspertin sözlərinə görə, mövcud şəraitdə Ukraynanın bu prosesdən klassik mənada “qazanclı”, yəni 1991-ci il sərhədlərini bərpa edərək tam suverenlik və təhlükəsizlik təminatı ilə çıxması reallıqdan uzaq görünür.
Cavanşir Abbaslı
Musavat.com
