Yerin cazibə qüvvəsi bir anda yox olsa, nə baş verər?

Yerin cazibə qüvvəsi bir anda yox olsa, nə baş verər?

Yerin cazibə qüvvəsinin bir anda yox olması yalnız insanların havaya qalxmasına səbəb olmazdı. İnsanlardan okeanlara, atmosferdən Yerin daxili qatlarınadək planetdəki bütün sistemlər dağılmağa başlayardı. İlk təsirlər dərhal müşahidə olunsa da, Yerin tamamilə neçə saniyəyə məhv olacağını göstərən dəqiq hesablamalar yoxdur.

İnsanlar və bərkidilməmiş bütün əşyalar kosmosa sovrular

Cazibə qüvvəsi qəfil aradan qalxarsa, insanlar və bərkidilməmiş əşyalar yavaş-yavaş havaya qalxmaq əvəzinə, mövcud hərəkət istiqamətlərini qoruyaraq irəliləməyə davam edərdi. Yer fırlanmağa davam etdiyi üçün səthdəki insanlar, avtomobillər və digər əşyalar planetin fırlanma istiqamətinə uyğun şəkildə kosmosa doğru sovrulmağa başlayardı.

Towson Universitetinin fizika alimi Ceyms Overduin bildirir ki, cazibə sabiti kimi tanınan “G” dəyərinin birdən sıfıra endirilməsi mövcud fizika qanunları çərçivəsində riyazi olaraq mümkün deyil. Buna görə də bu hadisə real olaraq gözlənilən vəziyyət deyil, sadəcə cazibə qüvvəsinin planet üçün əhəmiyyətini izah edən nəzəri ssenaridir.

Cazibə qüvvəsi yox olduqda cisimlər artıq bir-birinə doğru çəkilməzdi. İnsanlar, binalardan qopan hissələr və Yer səthindəki digər obyektlər Yerin fırlanması zamanı sahib olduqları hərəkəti qoruyaraq müxtəlif istiqamətlərə yayılardı.

Okeanlar və atmosfer Yer kürəsini tərk edərdi

Okeanları, gölləri və çayları Yer səthində saxlayan əsas qüvvə cazibə qüvvəsidir. Bu qüvvə yox olduqda su kütlələri səthdən ayrılar, yüksələr, böyük damcılara parçalanar və kosmosa yayılmağa başlayardı.

Eyni vəziyyət atmosfer üçün də keçərli olardı. Hava molekullarını Yer ətrafında saxlayan cazibə qüvvəsi olmadığından atmosfer kosmosa yayılardı. Oksigen və hava təzyiqi sürətlə azalacağı üçün insanların nəfəs ala biləcəyi mühit yox olar, bitkilər və heyvanlar da həyatda qala bilməzdi.

Yerin cazibəsi Ayı orbitdə saxladığı üçün bu qüvvə aradan qalxdıqda Ay da Yer ətrafındakı hərəkətini davam etdirə bilməzdi. Ay həmin anda sahib olduğu hərəkət istiqamətini qoruyaraq Yerdən uzaqlaşmağa başlayardı.

Yer neçə saniyəyə parçalanardı?

Cazibə qüvvəsi yalnız Yer səthindəki obyektləri deyil, həm də planetin daxili nüvəsini, xarici nüvəsini, mantiyasını və qabığını bir yerdə saxlayır. Bu qüvvə yox olduqda Yerin daxilindəki yüksək təzyiqi tarazlayan amil aradan qalxar və planetin qatları bir-birindən ayrılmağa başlayardı.

Alimlərin fikrincə, Yerin daxili hissəsi yüksək təzyiq səbəbindən genişlənə, nüvə partlaya və nəticədə planet hissələrə ayrıla bilərdi. Yaranan parçalar isə onları bir yerdə saxlayacaq cazibə qüvvəsi olmadığı üçün kosmosa səpələnərdi.
Bununla belə, Yerin beş saniyəyə və ya hər hansı dəqiq müddət ərzində tamamilə yox olacağını söyləmək mümkün deyil. İnsanların və əşyaların kosmosa sovrulması dərhal başlasa da, atmosferin dağılması, okeanların səthdən ayrılması və planetin parçalanması fərqli vaxtlarda baş verəcək proseslərdir.

Əgər cazibə qüvvəsi kainatın yaranmasından bəri heç mövcud olmasaydı, ulduzlar, planetlər və həyat da heç vaxt formalaşa bilməzdi.//Demokrat.az

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir