Azərbaycan-Hindistan əlaqələri yenidən aktuallaşır – Prezident İlham Əliyevlə görüşün əhəmiyyəti

Azərbaycan-Hindistan əlaqələri yenidən aktuallaşır – Prezident İlham Əliyevlə görüşün əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Bakı ilə Dehli arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi hadisə kimi diqqət çəkir.

Bu görüşü yalnız diplomatik protokol çərçivəsində baş tutan təmas kimi qəbul etmək düzgün olmazdı. Çünki söhbət Cənubi Qafqazın mühüm dövləti olan Azərbaycanla dünyanın aparıcı güclərindən biri, böyük iqtisadi və texnoloji potensiala malik Hindistan arasında münasibətlərin yeni mərhələyə keçməsi imkanından gedir.

Son illərdə iki ölkə arasında müəyyən siyasi soyuqluğun yaranması, xüsusilə regional məsələlərə və Ermənistan-Azərbaycan münasibətlərinə fərqli yanaşmaların ikitərəfli əlaqələrə təsir göstərməsi əməkdaşlığın potensial imkanlarının tam reallaşmasına mane olan amillərdən biri olub. Lakin dövlətlərarası münasibətlərin mahiyyəti ondan ibarətdir ki, mövcud fikir ayrılıqları dialoqun qarşısını almamalı, əksinə, qarşılıqlı maraqların müəyyənləşdirilməsi və ortaq məxrəcə gəlmək üçün yeni imkanlar axtarılmalıdır. Prezidentin Hindistanın xarici işlər nazirini qəbul etməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Tərəflər arasında siyasi təmasların davam etdirilməsi münasibətlərdə gərginliyin azaldılması, qarşılıqlı etimadın bərpası və əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan hər zaman müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, suverenliyə və milli maraqların nəzərə alınmasına əsaslanan konstruktiv dialoqa hazır olduğunu nümayiş etdirib. Bakı üçün beynəlxalq münasibətlərdə əsas prinsip tərəfdaşlarla əlaqələrin qarşılıqlı fayda üzərində qurulması, siyasi fikir ayrılıqlarının iqtisadi və humanitar əməkdaşlığa maneəyə çevrilməməsidir. Hindistanla münasibətlərə də bu prizmadan yanaşılması vacibdir. İki ölkənin müəyyən məsələlərdə fərqli mövqelərə malik olması onların digər sahələrdə əməkdaşlıq etməsinə əngəl yaratmamalıdır. Əksinə, siyasi dialoqun genişləndirilməsi tərəflərə bir-birinin mövqeyini daha yaxşı anlamaq, mövcud anlaşılmazlıqları aradan qaldırmaq və münasibətləri daha praqmatik əsaslar üzərində inkişaf etdirmək imkanı verir. Bu mənada görüşün əhəmiyyəti təkcə hazırkı münasibətlərin vəziyyəti ilə məhdudlaşmır, həm də gələcəkdə Bakı ilə Dehli arasında daha sabit, davamlı və çoxşaxəli tərəfdaşlığın formalaşması üçün yeni perspektivlərin açılması ilə ölçülür.

Azərbaycanla Hindistan arasında əlaqələrin tarixi kökləri də bu münasibətlərin inkişafı üçün mühüm əsaslardan biridir. Hər iki ölkə qədim sivilizasiya ənənələrinə, zəngin mədəni irsə və əsrlər boyu formalaşmış tarixi əlaqələrə malikdir. Hindistan mədəniyyətinin Azərbaycanda buraxdığı izlər, qarşılıqlı mədəni təsirlər və xalqlar arasında yaranmış tarixi təmaslar göstərir ki, iki ölkəni birləşdirən amillər yalnız müasir siyasi və iqtisadi maraqlardan ibarət deyil. Bu tarixi yaxınlıq indiki dövrdə də münasibətlərin inkişafı üçün istifadə oluna biləcək mühüm mənəvi və humanitar potensialdır. Mədəniyyət, təhsil, elm, turizm və insanlar arasında əlaqələrin genişləndirilməsi siyasi münasibətlərdə yaranan soyuqluğun aradan qaldırılmasına da töhfə verə bilər. Çünki dövlətlər arasında münasibətlərin uzunmüddətli və dayanıqlı olması yalnız rəsmi görüşlərdən deyil, həm də gələcəyə hesablanmış, çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəltməkdir.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir