Qeyri-sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Qeyri-sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Payızın ikinci ayı başa çatmaq üzrə olsa da, Azərbaycanda hava şəraiti hələ də yaz-yay aylarını xatırladır.

Oktyabrın son ongünlüyündə havanın mülayim və isti keçməsi, temperaturun mövsüm üçün gözlənilən payız mənzərəsini yaratmaması diqqət çəkir. Yalnız bu gün ölkənin bəzi rayonlarında yağış müşahidə olunub.

Bəs payızın bu qeyri-adi gedişatı nə ilə bağlıdır və isti hava nə vaxta qədər davam edəcək?

Ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, havanın bu cür keçməsinin əsas səbəblərindən biri cənub və cənub-qərb istiqamətindən gələn hava kütlələridir.

Onun sözlərinə görə, Xəzər dənizinin təsiri ilə bu hava kütlələri atmosferdə rütubətin artmasına səbəb olur. Yüksək rütubət isə insanların havanı daha ağır hiss etməsi ilə nəticələnir:

“Hazırkı hava şəraiti daha bir ay, hətta ay yarım davam edə bilər. Bununla belə, şimaldan gələn hava kütlələrinin vəziyyəti dəyişə biləcəyi də istisna deyil. Qarşıdakı dövrdə hava şəraitinin necə dəyişəcəyini izləmək lazımdır. Şimal istiqamətindən gələn hava axınlarının təsiri ilə temperaturda dəyişikliklərin baş verməsi mümkündür”.

enver-eliyev.jpg (70 KB)

Bəs yağışlı hava davam edəcəkmi?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, yağışlı hava şəraiti bu gün də davam edəcək:

“Sabaha gəlincə, Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”.

gülşad.jpeg (459 KB)

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir