“Aqrar sahə haqqında” qanun Azərbaycanın kənd təsərrüfatının inkişaf trayektoriyasını dəyişdirməyə – onun ənənəvi üsullarla inkişaf relsindən çıxarıb,innovasiyalı inkişaf relsinə keçməsinin hüquqi bazası kimi strateji əhəmiyyət kəsb edir.
Musavat.com-un məlumatına görə, bunu parlamentin iclasında deputat Əli Məsimli bildirib.
Deputat bu kontekstdə “Aqrar sahə haqqında” yeni qanun layihəsi barədə bəzi mülahizələrini bölüşüb:
“Birincisi, “Aqrar sahə haqqında” yeni qanun “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın reallaşdırılmasının hüquqi bazası olacaq. Həmin Proqramda kənd təsərrüfatında inkişafını daha çox iri təsərrüfatlara üstünlük verilməklə təmin etmək prioritet təşkil edir. SSRİ dönəmində Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlarının 98 faizi,kənd təsərrüfatı texnikası, suvarma sistemi və sair kolxoz-sovzozların timsalında iri təsərrüfatların ixtiyarında idi. Buna baxmayaraq, həmin iri təsərrüfatlar Azərbaycanın kənd təsərrüfatı məhsulunun üçdə iki hissəsini verirdi. Kənlilərin həyətyanı (şəxsi köməkçi) təsərrüfatları isə respublikanın kənd təsərrüfatına yararlı torpaqlarının cəmi 1,5-2 faizini təşkil edirdi. Buna baxmayaraq, yüksək məhsuldarlıq və səmərəlilik sayəsində həmin torpaqlar Azərbaycanın ümumi kənd təsərrüfatı məhsulunun 35 faizindən çoxunu, bir sıra heyvandalıq məhsullarının isə 40 faizindən çoxunu verirdi. Azırbaycanda həyata keçirilən aqrar islahatlardan sonra kənd təsərrüfatı sektorunun strukturu tamamilə dəyişmişdir.

Kənd təsərrüfatı torpaqlarının və istehsalının böyük hissəsi iri müəssisələrin deyil, kiçik fərdi və ailə-kəndli təsərrüfatlarının əlində cəmləşmişdir. Belə şəraitdə həyat keçirilən yeni islahat tədbirlərinin kiçik təsərüfatların yeni aqrar strategiyasına uyğunlaşması ilə yanşı, həm də onlar üçün yarana biləcək risk amillərini də nəzərə almaq lazımdır. Aqrar sahəyə dair yeni qəbul edilmiş Proqram 4 ili əhatə edir. Bu əsasda hazırda müzakirə olunan “Aqrar sahə haqqında” yeni qanun layihəsinin əhatə etdiyi islahatların tam rəqəmsal və hüquqi mexanizmlərlə işə düşəcəyini nəzərə alsaq, Azərbaycan üçün optimal effekt müddəti 4 il hesab oluna bilər.”Aqrar sahə haqqında” yeni baza qanun layihəsi məhz bu faktları-istehsalın tamamilə özəl sektorun əlində olmasını və sahənin dağınıq strukturunu nəzərə alaraq elə bir yeni tənzimlənmə mexanizmi ortaya qoymalıdır ki, burada beynəlxalq təcrübən məlum olan kiçik, orta və iri təsssüfatların fəaliyyətinin effektiv kombinasiyasına və bu əsasda dinamik inkişafına nail olmaq mümkün olsun”.
Əli Məsimli bildirib ki, fermerlər arsında sosioliji sorğular keçirilməli, onları narahat edən məsələlər, süni maneələr və sair aşkarlanmalı, aqrar sahəya dair sənədlər hazırlanda həmin problemlərin aradan qaldırılması yolları da bu sənədlərdə öz əksini tapmalıdır:
“Əks halda, ölkəmizdə kənd təsərrüfatı istehsalının 90 faizini verən kiçik və orta təsərrüfatların geriləməsi bir sıra, xüsusən də heyvandarlıq məhsullarınn azalma tempinin daha da sürətlənməsinə, bu isə qiymətlərin artım sürətinin güclənməsinə, həm də idxaldan asılılığın artamsına gətirib çıxara bilər. Əgər strateji əhəmiyyətli ərzaq məhsulları üzrə idxalın payı 25-30%-i keçərsə, bu, xarici şoklara, qlobal qiymət dəyişikliklərinə və logistik böhranlara qarşı ölkənin iqtisadi dayanıqlığını birbaşa risk altına qoyur. Ona görə də qanunda nəzərdə tutulan mexanimin tətbiqi, həm də fermerlərin problemlərinin optimal həlli və onların qarşılaşdığı süni maneələrin aradan qaldırılması ilə paralel həyat keçirilsə, Azərbaycanda yeni aqrar proqramında nəzərdə tutulan 4 il ərzində ərzaq bolluğunun yaranmasının şahidi olarıq”.
Deputat ardınca qeyd edib:
“İkincisi, Azərbaycanda aqrar sahənin hərtərıfli inkişafı üçün kifayət qədər geniş imkanlar var. Bununla belə, uzun illərdir əsas sual hələ də aktuallığını saxlayır:”Niyə mövcud imkanlara və dövlət dəstəyinə baxmayaraq, kənd təsərrüfatında məhsuldarlıq və səmərəlilik məqbul hesab oluna biləcək səviyyəyə çatmır?” Aparılmış bir tədqiqatın nəticələrinə görə, Azərbaycanın kənd təsərrüfatına orta müddətdə hər il 500 milyon manat vəsait qoyub, səmərəli istifadə etməklə əsas kənd təsərrüfatı məhsüllarının orta illik artım tempini 5 faizə və ondan da yüksəyə qaldırmaq olar. Artıq neçə illərdir ki, kənd təssərrüfatına büdcədən 1 milyard manatdan artıq vəsait ayrılır. Lakin aqrar sahədə artım potensial imkanlardan xeyli geri qalır. Görünür, həmin vəsaitdən istifadənin səmərəlilik dərəcəsi lazımı səviyyədə deyil. Kommersiya bankları aqrar sektoru yüksək riskli sahə hesab etdiyi üçün kredit portfelində kənd təsərrüfatının payı çox aşağıdır. 2025-ci ilin sonuna ölkə banklarının cəmi kredit portfeli 30 milyard manatı ötmüş, kənd təsərrüfatı sahəsinə yönəldilmiş cəmi kredit qoyuluşlarının (bank və qeyri-bank portfeli birlikdə) ümumi kreditlərdəki xüsusi çəkisi təxminən 2% intervalında qərarlaşıb.
Digər tərəfdən, kommersiya banklarının yüksək faiz dərəcələri və sərt girov tələbləri aqrar sahənin mövsümi və təbii amillərdən asılı olan strukturuna uyğun gəlmir. Aqrar sektorun maliyyələşdirilməsini bu sahənin real maliyyə tələbatı səviyyəsinə çatdırmaqdan ötrü alternativ maliyyələşmə mexanizmlərindən geniş istifadə edilməlidir. Məsələn, Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının hüquqi təminatı kimi çıxış edəcək “Aqrar sahə haqqında” qanunun reallaşdırılmasının maliyyə təminatını gücləndirmək üçün Azərbaycanda kənd təsərrüfatının spesifik xüsusiyyətlərini nəzərə alan, aşağı faizlə və əverişli şərtlərlə kredit verən Aqrar-Sənaye Bankının yaradılmasının və bu bankın ilkin kapitalı kimi Dövlət Neft Fonundan məqbul sayıla biləcək məbləğdə vəsaitin cəlb edilməsi məqsədəuyğun olardı. Kreditlərin ödəniş qrafiki məhsul yığımı dövrünə uyğunlaşdırılmalı və 1–2 illik güzəşt müddəti tətbiq edilməlidir. Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin ölkə daxilində strateji layihələrə yönəldilməsi onun əsasnaməsinə və makroiqtisadi sabitlik prinsiplərinə tam uyğundur. ARDNF-nin fəlsəfəsi tükənən neft gəlirlərini daimi gəlir gətirən qeyri-neft sektoruna investisiya etməkdir. Aqrar-Sənaye Bankının yaradılması bu strategiyanın bariz nümunəsi olar. İlkin nizamnamə kapitalı üçün ARDNF-dən təqribən 500 milyon AZN həcmində vəsaitin ayrılması məqbul hesab edilə bilər. Bu məbləğ həm bankın dərhal genişmiqyaslı fəaliyyətə başlamasına imkan verəcək, həm də Fondun ümumi aktivləri qarşısında minimal risk daşıyacaqdır. ARDNF üçün bu, xarici maliyyə alətlərindən (aşağı gəlirli xarici istiqrazlar) fərqli olaraq, daxili bazarda yüksək multiplikativ effekt yaradan diverisifikasiya aləti kimi çıxış edə bilər. Aqrar-Sənaye Bankının yaradılması və ARDNF tərəfindən kapitallaşdırılması sadəcə bir bankçılıq layihəsi deyil, Azərbaycanın post-neft dövründə dayanıqlı iqtisadiyyat qurmaq və regional inkişafı təmin etmək üçün strateji təhlükəsizlik addımı olardı…Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində ixtisaslaşmış və kommersiya deyil, inkişaf və innocasiya xarakterli Aqrar-Sənaye Bankının (ASB) yaradılması və onun nizamnamə kapitalının formalaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Neft Fondundan vəsaitin cəlb edilməsi aqrar sektorun spesifik risklərini idarə etmək və strateji hədəflərə çatmaq üçün həlledici addım olardı. Aqrar-Sənaye Bankı vasitəsilə aşağı faizlə və əlverişli şərtlərlə aqrar sahənin maliyyələşdirilməsinə güclü təkan vermək olar. Bununla yanaşı, kollektiv maliyyələşmə və İslam Bankçılığı prinsiplərinə uyğun aqrar maliyyə alətlərinin hüquqi əsasları qanuna daxil edilə bilər”.
Deputat daha sonra digər amillərə diqqət çəkib:
“Üçüncüsü, ölkəmizdə son 5 ildə kənd təsərrüfatında 1,5%-3.2% intervalında orta illik artım olub. Digər tərəfdən, qlobal tendensiyalara və yerli monitorinqlərə əsasən, tarladan süfrəyə qədərki zəncirdə kənd təsərrüfatı və qıda məhsullarının itkiləri ümumi istehsalın təxminən 1/3-ni təşkil edir. Belə çıxır ki, tarladan süfrəyə qədərki zəncirdə kənd təsərrüfatı və qıda məhsullarının itkiləri istehsal tempindən 10 dəfə yüksəkdir. Bu, ölkənin ərzaq sarıdan idxaldan asıllığənın gücləndirməsinə ciddi rol oynayır. Ölkəmizdə qida təhlükəsizliyi və israfın qarşısının alınması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “tarladan süfrəyə” nəzarət mexanizmi tətbiq olunur. Lakin logistika, saxlama imkanları və istehlak zəncirindəki boşluqlar səbəbindən itki göstəriciləri hələ də yüksəkdir. Hazırda qəbul edilmiş yeni dövlət proqramları şərçivəsində intensiv üsullarla kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə yanaşı, sözügedən itkilərin minimuma endirilməsi istiqamətində də təsirli tədbirlərin görülməsini vacib hesab edirik. Dördüncüsü, “Aqrar sahə haqqında” yeni baza qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq kənd təsərrüfatının ayrı-ayrı istiqamətlərini tənzimləyən 4 mühüm qanun “Taxıl haqqında” qanun,“Çayçılıq haqqında” qanun,“Pambıqçılıq haqqında” qanun,“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun tamamilə ləğv olunacaq. Aqrar sahəyə aid hazında qüvvədə olan Kənd təsərrüfatı kooperasiyası haqqında, Ailə kəndli təsərrüfatı haqqında,Aqrar sığorta haqqında və digər qanunların həm icra mexanizminin mükəmməl olmaması, həm də onların icrasına nəzarət mexanizminin zəif işləməsi faktından çıxış edərək demək olar ki, Aqrar sahə haqqında” qanunun uğuru onun mətnindən daha çox səmərəli faəliyyət göstərə bilən reallaşma mexanizmindən,fermerlərin problemlərinin optimal həlli və qarşılaşdığı süni maneələrin aradan qaldırılması dərəcəsindən,aidiyyatı qurumların regionlarda fermerlərlə quracağı işin səmərəlilik dərəcəsindən, qanunun gətirdiyi əsas yeniliklər və sərt tələblər kontekstində məsələlərə inzibatı və iqtisadi yanaşmanın optimal varinatının tapılma dərəcəsindən,eləcə də maarifləndirmə işindən asılı olacaq”.
E.Paşasoy,
Musavat.com

