Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə gücləndirir. Prezident İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycanın beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi mövqeyini vurğulayıb.
Statistik məlumata görə, 2025-ci ildə ölkəmizdə təbii qaz hasilatı 2,4 faiz artaraq 51,5 milyard kubmetrə çatıb. Bu ilin yanvar-sentyabr aylarında isə 18,4 milyard kubmetr qaz ixrac edilib. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz nəql edir ki, onların da 12-si Avropa İttifaqının üzvüdür. Bununla yanaşı, ölkəmiz bərpa olunan enerji sahəsinə də investisiyalar cəlb edir və gələcəkdə Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir.
Bəs Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin güclənməsi ölkə iqtisadiyyatına, geosiyasi nüfuzuna və uzunmüddətli inkişaf perspektivlərinə necə təsir göstərir? Gələcəkdə yaşıl enerjinin Avropaya ixracı ölkəmizin iqtisadi gəlirlərinə və enerji bazarındakı rəqabət qabiliyyətinə necə təsir göstərə bilər? Bu keçid neft və qazdan asılılığın azaldılmasına nə dərəcədə töhfə verə bilər?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a danışıb.
İqtisadçı qeyd edib ki, Azərbaycanın ənənəvi enerji layihələri çərçivəsində enerji ixracı ölkəmiz üçün həm iqtisadi, həm də geosiyasi baxımdan müsbət təsirlər yaradır:
“Birincisi, bu layihələr ölkəyə valyuta gəlirlərinin daxil olmasını təmin edir. Qaz ixracından əldə olunan gəlirlər dövlət büdcəsinə valyuta daxilolmalarını artırmaqla yanaşı, multiplikativ effekt yaradaraq müxtəlif fəaliyyət sahələrini də dəstəkləyir. Eyni zamanda, enerji ixracı ölkənin geosiyasi nüfuzuna müsbət təsir göstərir və enerji təchizatçısı kimi uzunmüddətli tərəfdaşlıqlar qurmasına imkan verir. O cümlədən, Avropa ilə münasibətlərdə Azərbaycanın mövqeyini gücləndirir. Hazırda açıqlanan statistik məlumatlara əsasən, Azərbaycan 16-dan çox ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa İttifaqının üzvüdür. Göründüyü kimi, bu amil Azərbaycanın geosiyasi nüfuzunun güclənməsində mühüm rol oynayır. Eyni zamanda, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. İxrac həcmlərində 0,5 faizlik artım qeydə alınıb. Hasilat həcmlərində də artım müşahidə olunur”.
İqtisadçı yaşıl enerji ixracının perspektivlərinə də diqqət çəkib. O bildirib ki, bu istiqamət ölkəyə əlavə valyuta gəlirlərinin daxil olması və enerji ixracının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu gün Azərbaycanda günəş və külək enerjisi potensialının yüksək olması alternativ enerji mənbələri hesabına daha çox elektrik enerjisi istehsalı üçün ciddi imkanlar yaradır. Bu potensialın praktiki baxımdan reallaşdırılması üçün isə xarici investorlarla və müxtəlif ölkələrlə əməkdaşlığın genişləndirilməsi, müvafiq hüquqi əsasların formalaşdırılması vacibdir. Bu istiqamətdə xarici investorlarla imzalanan müqavilələri, eləcə də Xəzər dənizi–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi layihəsini qeyd edə bilərik. Həmçinin Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizinin yaradılması ilə bağlı imzalanmış anlaşma memorandumunu da bu baxımdan vurğulamaq olar. Yaşıl enerji dünya tendensiyalarına uyğun ixrac istiqamətidir. Bərpa olunan enerji mənbələrindən istifadə uzunmüddətli perspektivdə enerji resurslarının davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, heç bir resurs mütləq mənada tükənməz deyil. Günəşin də müəyyən zaman sonra tükənəcəyi elmi baxımdan məlumdur. Lakin geniş zaman çərçivəsində yanaşdıqda, bərpa olunan enerji mənbələrinin tükənmə riski ənənəvi enerji resursları ilə müqayisədə olduqca aşağıdır”.
Eldəniz Əmirov neft və qazdan asılılığın azaldılmasının dayanıqlı iqtisadiyyat qurmaq baxımından əhəmiyyətini də vurğulayıb:
“Neft və qazdan asılılığın azaldılması, ilk növbədə, iqtisadiyyatda rahatlıq və arxayınlıq yaradan yanaşmadan uzaqlaşmağa, daha dayanıqlı iqtisadiyyat qurmağa və uzunmüddətli iqtisadi proqnozları daha dəqiq formalaşdırmağa imkan verir. Çünki neft və qaz qiymətləri son dərəcə dəyişkəndir və ciddi dalğalanmalara məruz qalır. Bu isə gəlirlərin proqnozlaşdırılmasını çətinləşdirir. Söhbət təkcə Azərbaycandan deyil, bütövlükdə dünya iqtisadiyyatından gedir. Hətta Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da ölkələrin və qlobal iqtisadiyyatın ÜDM-i, neft gəlirləri və digər iqtisadi göstəricilərlə bağlı proqnozlarını vaxtaşırı dəyişirlər. Bəzən rüblük proqnozlar arasında belə ciddi fərqlər yaranır. Bunun əsas səbəblərindən biri ənənəvi enerji bazarlarının proqnozlaşdırılmasının çətin olmasıdır. Geosiyasi risklər və hərbi münaqişələr enerji qiymətlərinə birbaşa təsir göstərir. Alternativ enerji resurslarına əsaslanan enerji istehsalı və ixracı isə bir çox hallarda daha dayanıqlı inkişaf imkanları yaradır. Bu resurslardan istifadənin genişləndirilməsi enerji təchizatının davamlılığının təmin edilməsi, ekoloji səmərəliliyin artırılması və enerji ötürülməsi sahəsində yeni imkanların formalaşdırılması baxımından həm Azərbaycan, həm də digər ölkələr üçün əlavə fürsətlər açır”.
Xalidə Gəray
Musavat.com

