Abşeronun Ceyranbatan qəsəbəsində səkkiz şagirdin zəhərlənmə şübhəsi ilə tibbi yardıma müraciət etməsi məktəblərdə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi araşdırmaya başlayıb. Bu hadisə məktəb bufetlərində satılan məhsulların keyfiyyətinə, qidaların saxlanma şəraitinə və təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara nəzarətin nə dərəcədə effektiv olduğu sualını ortaya çıxarır.
Bəs məktəblərdə uşaqlara təqdim olunan qidaların təhlükəsizliyinə hansı qurumlar cavabdehdir? Bufetlərin fəaliyyətinə nəzarət necə həyata keçirilir? Yoxlamalar mütəmadi aparılırmı, yoxsa yalnız belə hadisələr baş verdikdən sonra hərəkətə keçilir?

Qida mütəxəssisi İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, ilk növbədə, şagirdlərin zəhərlənməsinin hansı səbəbdən baş verdiyi araşdırılmalıdır. Onun sözlərinə görə, uşaqların evdən gətirdikləri, yaxud kənardan aldıqları məhsullardan, yoxsa məktəb daxilində satılan qidalardan zəhərlənməsi dəqiqləşdirilməlidir: “Təəssüf ki, qida zəhərlənməsi halları baş verdikdə çox vaxt yalnız bir nəfəri və ya bir qurumu günahlandırmaqla kifayətlənirik. Bəzən məsuliyyətin məktəbin, Elm və Təhsil Nazirliyinin, yaxud Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşdüyü müzakirə olunur. Halbuki azyaşlıların qidalanması və onların qida təhlükəsizliyi ən ciddi nəzarət tələb edən məsələlərdən biridir. Bu məsələdə ilk növbədə Elm və Təhsil Nazirliyi ilə məktəblərdə şagirdlərin iaşə xidmətini təşkil edən, müvafiq müqavilələr əsasında bufetləri işlədən şirkətlərin məsuliyyəti araşdırılmalıdır. Xüsusilə həmin şirkətlərin məhsul və mal təchizatının hansı səviyyədə təşkil edildiyi diqqətdə saxlanılmalıdır. Digər tərəfdən, məktəblərdə qida təhlükəsizliyinin təmin edilməsi yalnız bir qurumun məsuliyyəti deyil. Bu prosesdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyi və məktəb rəhbərləri mütəmadi şəkildə birgə iştirak etməlidirlər”.

Ekspert qeyd edib ki, məhsulların təhlükəsizliyinə, mənşəyinə, yararlılıq müddətinə, saxlanma temperaturuna və sanitar-gigiyenik tələblərə nəzarəti AQTA həyata keçirir:
“Təhsil müəssisəsinin rəhbərliyi isə məktəbdə iaşə xidmətinin təşkili və müvafiq qaydalara əməl olunmasına görə məsuliyyət daşıyır. Bufetlərin fəaliyyətini həyata keçirən, iaşə xidməti göstərən və bununla bağlı müqavilə bağlayan şirkətlərin də üzərinə müvafiq öhdəliklər düşür. AQTA-nın apardığı monitorinqlərin nəticələrinə görə, 2026-cı ildə 300-dən çox ümumtəhsil məktəbində yoxlamalar həyata keçirilib. Səhv etmirəmsə, 250-260 məktəbdə sanitar pozuntular, 20-dən artıq məktəbdə isə yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin bir neçə məktəbdə satışına icazə verilməyən qidalar müəyyən edilib. Bu göstəricilər məktəblərin qida bloklarında nəzarət mexanizminin zəif olduğunu göstərən nümunələrdir. Məktəb bufetlərində əsas risklərdən biri də tez xarab olan məhsulların düzgün temperatur rejimində saxlanılmamasıdır. Süd və süd məhsulları, kremli şirniyyatlar, hazır qidalar, eləcə də mikrobioloji baxımdan riskli məhsulların saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, məhsulların mənşəyi, istehsal tarixi, son istifadə müddəti, daşınma şəraiti və işçilərin şəxsi gigiyenası da ciddi nəzarət tələb edən məsələlərdəndir. Digər vacib məqam odur ki, qida təhlükəsizliyi yalnız məhsulun keyfiyyəti ilə məhdudlaşmır. Burada istehsaldan başlayaraq daşınma və saxlanma prosesinədək bütün mərhələlər nəzərə alınmalıdır”.

İlkin Şirinova görə, məktəb bufetlərini təchiz edən şirkətlərin hansı məhsulları məktəblərə çatdırdığı, bu məhsulların hansı şəraitdə daşındığı, daşınma zamanı sanitar-gigiyenik normalara əməl edilib-edilmədiyi, həmçinin məktəb bufetlərinin anbar və saxlama yerlərinin vəziyyəti diqqətdə saxlanılmalıdır: “Biz əvvəllər dəfələrlə peraşki məsələsini gündəmə gətirmişik. Bu, məktəblərdə problem yaradan məsələlərdən biri olub. Bildiyimiz kimi, peraşki bişirilən aparatın içinə bir dəfəyə beş litrlik qabla yağ tökülür. Nəzarət olarsa, həmin yağla peraşkilər bişirildikdən sonra o dəyişdirilməli, yenisi əlavə olunmalıdır. Ancaq nəzarət edilmədikdə, necə deyərlər, yağ mazut rəngini alana qədər həmin peraşkilər orada bişirilir. Bu da məsələnin bir tərəfidir. Bir müddət əvvəl bu problemi əsas gətirərək məsələni gündəmə gətirmişdik. Görünür, zaman keçdikcə peraşki məktəb bufetlərindən yığışdırılmaq üzrədir. İndi isə əsas diqqət məktəblərin təchizatında yer alan, kremli və kremsiz şirniyyatların saxlanma şəraitinə yönəldilməlidir. Mən hesab edirəm ki, məktəb bufetlərində nəzarət yalnız hər hansı hadisə baş verdikdən sonra həyata keçirilməməlidir. Risk əsaslı, mütəmadi və əvvəlcədən xəbərdarlıq edilmədən monitorinqlər aparılmalıdır. Aşkar edilən nöqsanlar aradan qaldırılmadıqda təkrar yoxlamalar keçirilməlidir. Aidiyyəti şəxslər də öz məsuliyyətlərini hiss etməli və dərk etməlidirlər. Xüsusi vurğulamaq istəyirəm ki, məktəb bufeti adi ticarət obyekti deyil. Burada istehlakçıların böyük əksəriyyəti uşaqlardır. Onlar aldıqları məhsulun keyfiyyətini, təzəliyini və saxlanma şəraitini yoxlamaq, bu barədə maraqlanmaq imkanına malik deyillər. Bu baxımdan məsuliyyət həm qida təhlükəsizliyinə nəzarət edən qurumun, həm məktəb rəhbərliyinin, həm də bufetləri işlədən operator şirkətlərin üzərinə düşür.
Məncə, məktəb bufetlərinin fəaliyyətində əsas meyar gəlir əldə etmək deyil, uşaqların sağlamlığını qorumaq olmalıdır. Təəssüf ki, biz çox vaxt məsələlərə hadisə baş verdikdən sonra reaksiya veririk. Necə deyərlər, daldan atılan daş topuğa dəyir. Yalnız hadisədən sonra hərəkətə keçməyə başlayırıq. Bu, bizim həllini gözləyən problemlərimizdən biridir. Halbuki vaxtında və mütəmadi monitorinqlər aparılsa, ən azı məktəb rəhbərləri və operator şirkətlər də öz məsuliyyətlərini daha ciddi dərk edərlər”.
Afaq Mirayiq,
Musavat.com

