Milli Qəhrəman Mübariz İbrahimov haqqında opera yazıldı – Premyera nə vaxt olacaq?

Milli Qəhrəman Mübariz İbrahimov haqqında opera yazıldı – Premyera nə vaxt olacaq?

“Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova opera həsr olunub”.

Bu barədə Musavat.com-a açıqlamasında tanınmış həkim, şair-bəstəkar Şahin Musaoğlu deyib.

O bildirib ki, Milli Qəhrəmana pyes həsr edib. Həmin pyes əsasında opera səhnələşdirilib.

Şahin Musaoğlunun sözlərinə görə, operanın librettosu ona, musiqisi isə bəstəkar Nəriman Ağasıyevə məxsusdur. Artıq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsərin məşqlərinə başlanılıb. Bəstəkarın sözlərinə görə, operanın premyerasının fevral ayında, Mübariz İbrahimovun doğum günü ərəfəsində keçirilməsi nəzərdə tutulur. Onun bildirdiyinə görə, Mübariz İbrahimov obrazını Azərbaycanın Xalq artisti Samir Zəfərovun canlandıracağı gözlənilir.

Şahin Musaoğlu açıqlamasında Zəfər Günü münasibətilə Parisdə keçiriləcək tədbirdə iştirak edəcək əsəri barədə də danışıb. Bəstəkar bildirib ki, noyabrın 1-dən 6-dək Fransada olacaq.

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Zəfər Günü tədbirləri çərçivəsində onun “Əsgər Vətən əmanəti” əsəri Paris Kamera Orkestrinin ifasında səsləndiriləcək.

Ş.Musaoğlunun sözlərinə görə, əsərin partiturası hazırlanıb və musiqi kompozisiyası orkestr ifası üçün işlənib. Konsertdə əsəri Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa edəcək. Orkestrin heyətini isə yerli musiqiçilər təşkil edəcək.

Bəstəkarın sözlərinə görə, əsər mahnı formatından daha geniş, klassik və simfonik üslubda təqdim olunacaq.

Ş.Musaoğlu hazırda “Şuşa marşı” üzərində də işlədiyini bildirib. Onun sözlərinə görə, Şuşa azad edildikdən sonra xorun ifası üçün bəstələdiyi marşı bu dəfə müasir musiqi üslubunda yenidən işləyib.

Bəstəkar qeyd edib ki, məqsədi əsəri kütləvi tədbirlərdə ifa üçün daha uyğun hala gətirmək, eyni zamanda gənc nəslin musiqi zövqünü nəzərə almaqdır. Yeni aranjemanda rok üslubunun elementlərindən də istifadə olunub.

media-Sahin4-g1ihkc.jpeg (36 KB)

“Şuşa marşı”nın ifası gənc və istedadlı müğənni Rəşad İsmayılova həvalə edilib.

Ş.Musaoğlu bildirib ki, Rəşad İsmayılov onun iki mahnısını da ifa edib.

Bəstəkarın sözlərinə görə, əsərin hazırlanması üzrə əsas işlər yekunlaşıb, yalnız texniki məsələlər və studiya yazılışı qalıb. O, marşın Zəfər Gününün altıncı ildönümü ərəfəsində ictimaiyyətə təqdim olunacağını gözləyir.

Qeyd edək ki, Şahin Musaoğlu “İgid əsgər, möhkəm dayan!”, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qərib karvan”, Milli Ordunun ilk batalyonu haqqında yazılmış “Birinci batalyon”, eləcə də “Cənab leytenant” kimi mahnıların müəllifidir.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir