Rəqəmsallaşmanın sürətlə dərinləşməsi, texnoloji inkişafın kəskin sürətlənməsi dünyanın əksər ölkələrində hökumətlər qarşısında ciddi çağırışlar formalaşdırıb. İndi hökumətlər iqtisadi inkişafın əsas təkanverici qüvvəsi olaraq real iqtisadiyyatla yanaşı “virtual” iqtisadiyyatı da görür və bu sahədə öncül texnologiyaların tətbiqinə külli miqdarda investisiya yatırırlar. Bu sahədə proseslər o qədər sürətlə gedir ki, ən yüksək inkişaf etmiş dövlətlər belə onunla ayaqlaşmaqda çətinlik çəkirlər.
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda da müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma prosesinin sürətləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu il fevralın 26-da Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb. Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.

Martın 2-də isə prezidentin digər fərmanı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Rəsmi açıqlamaya əsasən sənəd yaxın üç il ərzində ölkənin texnoloji mənzərəsini dəyişdirəcək kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Eyni zamanda dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması əsas hədəflər kimi müəyyən edilib.
Qeyd olunur ki, idarəetmə sahəsində effektivliyin artırılması və strateji hədəflərin icrası məqsədilə Fəaliyyət Planı çərçivəsində aydın institusional məsuliyyət mexanizmi formalaşdırılıb. Bu məqsədlə hər bir dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyə birbaşa cavabdeh məsul şəxsin təyin edilməsi qərara alınıb. Həmçinin dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizminin qurulması ilə dövlət investisiyalarının effektivliyinin artırılması və rəqəmsal layihələrin vahid arxitekturaya tam uyğunluğunun təmin edilməsi hədəflənir.
Plana əsasən, dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçid baş verəcək. Bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunacaq. Ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqləri ləğv edilərək vahid ekosistemdə birləşdiriləcək.
Plan mövcud xidmətlərin rəqəmsallaşdırılması ilə yanaşı, proaktiv modelə keçidi də nəzərdə tutur. Bu yanaşmaya əsasən, bəzi xidmətlər vətəndaşın əlavə müraciəti olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. “Yalnız bir dəfə” prinsipinin tətbiqi isə təkrar sənəd tələbini minimallaşdırmaqla bürokratik maneələri aradan qaldıracaq. Eyni zamanda “Dövlət məlumat hövzəsi”nin yaradılması və müxtəlif informasiya resurslarının ora inteqrasiyası məlumatların dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edəcək.
Artıq dövlət qurumlarının elektron bazalarının hökumət buluduna transferi başlayıb, proses getdikcə sürətləndirilir. Rayon icra hakimiyyətlərinin də bu prosesdən kənarda qalmaması diqqəti cəlb edir. Hökumət buluduna qoşulan ilk icra hakimiyyətləri Sumqayıt Şəhər İcra Hakimiyyəti, Salyan, Şəmkir, Ağsu və Hacıqabul Rayon İcra hakimiyyətləridir. Onlar öz informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüblər.

Prezidentin təsdiqlədiyi planın əsas istiqamətlərindən biri kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır. Belə idarəetməyə keçidin 2028-ci ilin iyulunda yekunlaşması nəzərdə tutulur. Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda elektron hökumətə keçidin əsası 2011-ci ildən qoyulub. Ondan bəri çoxsaylı sənədlər qəbul edilib, bütün dövlət qurumlarında xidmətlərin elektron təqdimatına keçid başlanıb. Lakin 2-3 il əvvələ qədər azsaylı mərkəzi icra hakimiyyəti orqanları istisna olmaqla, elektron xidmət təqdimatı sahəsində uğurlu nəticələrin əldə olunduğunu söyləmək mümkün deyildi. ASAN xidmətin fəaliyyəti dövlət qurumlarında əhalinin kütləvi istifadə etdiyi xidmətlərin daha rahat və əlçatan hala gətirilməsindən sonra xidmətlərin elektronlaşdırılması məsələsi bir növ arxa plana keçib. Lakin dünyada rəqəmsallaşmanın sürətli inkişafı Azərbaycanın bu sahədə daha sürətli tədbirlər həyata keçirməsini zərurətə çevirib.

Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mühüm həlqəsinə çevrilən ölkənin idarəetmə sisteminin rəqəmsallaşması artıq məcburi xarakter daşımaqdadır. Bu, həm də iqtisadiyyatın diversifikasiyası, qeyri-neft və müasir texnologiyalara əsaslanan sahələrin inkişafı baxımından qaçılmaz prosesdir: ölkə ya ən müasir texnoloji yeniliklərə uyğunlaşmalı, ya da iqtisadi inkişafdan kənarda qalmalıdır. Bu iki amil bir-biri ilə o qədər bağlıdır ki, birinə digəri olmadan nail olmaq mümkün deyil.
Bu mənada, yerli icra hakimiyyətlərinin rəqəmsal idarəçiliyə keçidi də mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, indiyədək elektron xidmətlərə keçid məsələsində yerli İH-lərin fəaliyyəti birmənalı olaraq formal xarakter daşıyıb. Onların internet saytlarında Elektron xidmətlər bölməsi yaradılandan demək olar ki, fəaliyyətsiz qalıb. Çox az sayda İH bu bölmə vasitəsilə vətəndaşlara real xidmət göstərilməsini təmin edib.
Rəqəmsallaşma bütün dünyada böyük vüsət aldığı indiki mərhələdə yerli İH-lərin fəaliyyətinin, göstərdiyi xidmətlərin, vətəndaşlarla işin keyfiyyətli şəkildə rəqəmsallaşması əhalinin narazı olduğu çoxsaylı istiqamətlərdə müsbət dəyişikliklərə gətirib çıxara bilər. Buna nail olunması üçün məlıumat bazalarının hökumət buluduna köçürülməsi ilə kifayətlənilməməli, yerli İH-lərin vətəndaşlarla əsas iş istiqamətlərinin rəqəmsallaşdırılması üçün dəqiq və işlək həllə müəyyən olunaraq tətbiq edilməlidir. Əks halda, Abşerondan kənarda vətəndaşlar üçün rəqəmsal hökumət anlayışı elə elektron xidmətlər kimi “kağız üzərində” qalacaq.
Dünya,
Musavat.com

