Taksi sürücülərinə yeni vergi: Kim udacaq, kim uduzacaq?

Taksi sürücülərinə yeni vergi: Kim udacaq, kim uduzacaq?

Azərbaycanda taksi xidmətləri bazarında vergi sisteminin dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, taksi sürücülərinin gəlirlərindən sifariş operatorları və platformalar vasitəsilə 1 faiz sadələşdirilmiş vergi tutulacaq. Beləliklə, vergitutma obyekti nəqliyyat vasitəsi deyil, sürücünün faktiki gəliri olacaq. Hazırda isə taksi fəaliyyəti üzrə vergi avtomobilin regionlar üzrə müəyyən edilmiş sabit məbləğləri əsasında hesablanır.

Picture background

Təklif olunan dəyişikliyin əsas məqsədi taksi sektorunda gəlirlərin şəffaf uçotunu təmin etmək, nağd dövriyyəni və vergidən yayınma hallarını azaltmaq, eyni zamanda, tam iş günü çalışan sürücülərlə əlavə qazanc məqsədilə taksi fəaliyyəti göstərən şəxslər arasında vergi yükünü daha ədalətli bölüşdürməkdir. Yeni qaydaların tətbiqi taksi bazarında fəaliyyət göstərən sürücülərin gəlirlərinə, xidmət qiymətlərinə və rəqabət mühitinə də təsirsiz ötüşməyə bilər.

Qeyd edək ki, bu dəyişikliklər Vergi Məcəlləsinə təklif olunan düzəlişlər layihəsində əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bəs taksi sürücülərinin faktiki gəlirlərindən 1 faiz vergi tutulması indiki sabit vergi mexanizmi ilə müqayisədə nə dərəcədə ədalətli və effektiv olacaq? Bu dəyişiklik xüsusilə gün ərzində az sifariş qəbul edən, taksi fəaliyyətini əlavə qazanc mənbəyi kimi istifadə edən sürücülərin vergi yükünü azaldacaqmı?Yeni vergi mexanizmi taksi xidmətlərinin qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb. Onun dediyinə görə, vergi tutulması mexanizmi ilə bağlı konkret fikir söyləmək çətindir: Görünür, bu yanaşma müvafiq hesablamalar əsasında məqsədəuyğun hesab edilib. Ancaq hesab edirəm ki, əgər hazırda bütün taksi sürücüləri fəaliyyətlərinin həcmindən asılı olmayaraq sabit məbləğdə, məsələn, 18 manat vergi ödəyirlərsə, yeni mexanizmə əsasən az işləyən sürücünün bu məbləğdən az, daha çox işləyən sürücünün isə daha artıq vergi ödəməsi nəzərdə tutulursa, bu, müəyyən mənada daha ədalətli yanaşmadır. Çünki vergi öhdəliyi sürücünün real gəlirinə və fəaliyyətinin həcminə uyğunlaşdırılmış olur.Vergi yükünün azalıb-azalmayacağına gəlincə, burada əsas məsələ yeni mexanizmin tətbiqindən sonra sürücülərin faktiki olaraq nə qədər vergi ödəyəcəyidir. Məsələn, hazırda az işləyən sürücü 18 manat vergi ödəyirsə və yeni qaydalarla bu məbləğ azalacaqsa, deməli, onun vergi yükü də aşağı düşəcək. Ancaq ödədiyi məbləğ yenə 18 manat səviyyəsində qalacaqsa, bu halda vergi yükünün azaldığını söyləmək olmaz”.

Picture background

Ekspert dedi ki, yeni mexanizmə əsasən, daha çox işləyən və müvafiq olaraq daha yüksək gəlir əldə edən sürücülər daha çox vergi ödəyəcəklər. Bu baxımdan, dəyişiklik həmin sürücülər üçün vergi yükünün azalması demək deyil. Yəni yeni sistemin təsiri sürücülərin iş həcminə və gəlirlərinə uyğun olaraq fərqlənəcək: “Taksi qiymətlərinə və sürücülərin gəlirlərinə təsir məsələsinə gəldikdə isə hesab edirəm ki, burada diqqət yetirilməli əsas məqamlardan biri operator şirkətlərinin tətbiq etdiyi komissiya haqlarıdır. Hazırda taksi operatoru şirkətlərinin sürücülərə göstərdikləri xidmətlər müqabilində tutduqları komissiya faizi kifayət qədər yüksəkdir və təxminən 25-30 faiz təşkil edir. Bu isə sürücülərin əldə etdiyi gəlirin əhəmiyyətli hissəsinin komissiya şəklində tutulmasına, nəticədə onların maddi rifahının pisləşməsinə səbəb olur. Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən taksi operatoru şirkətləri sürücülərdən tutduqları komissiya faizlərini aşağı salmalıdırlar. Bu göstəricinin 25-30 faizdən 15-20 faizə endirilməsi daha məqsədəuyğun olardı. Belə olan halda sürücülərin sərəncamında daha çox vəsait qala, xalis gəlirləri arta və fəaliyyətlə bağlı xərclərinin müəyyən hissəsini kompensasiya etmək imkanları genişlənə bilər. Bu, sürücülərin sosial-iqtisadi vəziyyətinə də müsbət təsir göstərərdi”.

“Verginin sifariş operatorları və platformalar vasitəsilə tutulması taksi bazarında şəffaflığı və sağlam rəqabəti təmin edə biləcəkmi?” sualına ekspert bu cür cavab verib: “Düşünürəm ki, bunu zaman göstərəcək. Yeni mexanizm tətbiq olunduqdan sonra onun həm taksi sürücülərinin gəlirlərinə, həm vergi yükünə, həm də sərnişindaşıma bazarındakı qiymətlərə real təsirini qiymətləndirmək mümkün olacaq. İndidən bu barədə qəti fikir söyləmək bir qədər çətindir”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir