Azərbaycanda 2027-ci il yanvarın 1-dən heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatların uçotunda yeni qaydalar tətbiq olunacaq.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə təsərrüfatbaşına uçot sənədlərində və onların doldurulmasına dair göstərişlərdə dəyişiklik edilib.
Yeni qaydalara əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.
Bu göstəricilər inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də ev quşları üzrə ayrıca qeydə alınacaq.
Qərarda yun və barama istehsalı ilə bağlı da xüsusi tələblər müəyyənləşdirilib. Belə ki, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı kiloqramla uçota alınacaq.
Məlumatlar faktiki istehsal göstəricilərinə əsaslanmalıdır. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin edilməli, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.
Məlumatların dəqiq müəyyənləşdirilməsi mümkün olmadıqda isə uçot sənədlərinə əsassız rəqəmlərin daxil edilməsi yolverilməz sayılır.
Qərarın mühüm məqamlarından biri də yeni uçotun aparılması qaydasıdır. Nazirlər Kabinetinin 22 may 2024-cü il tarixli qərarına əsasən, ev təsərrüfatlarının uçotu yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən aparılır.
Uçot hər il yanvarın 1-i vəziyyətinə əsasən, yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısının və ya təsərrüfatın hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünün sorğusu əsasında həyata keçirilir.
Bundan başqa, nümayəndəliklər hər il fevralın 10-dək ev təsərrüfatlarının və onların üzvlərinin sayı barədə müvafiq bələdiyyələrə və statistika orqanlarına məlumat təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsinin yeni qərarı ilə ev təsərrüfatlarının uçotu kitabı, müvəqqəti yaşayan şəxslərin siyahısı və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlər yeni redaksiyada təsdiqlənib.
Bildirək ki, dəyişikliklər yalnız yun və barama istehsalının qeydə alınması ilə məhdudlaşmır. Qərar ev təsərrüfatları haqqında məlumatların toplanması və rəsmiləşdirilməsi sistemini də əhatə edir.
Yeni uçot sənədlərində kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatların daha ətraflı göstərilməsi nəzərdə tutulur. Buraya taxıl, tərəvəz, bostan məhsulları, kartof, pambıq, yem bitkiləri və digər kənd təsərrüfatı məhsulları üzrə göstəricilər də daxildir.
Sənədlərdə məhsulların növlər üzrə ayrıca göstərilməsi nəzərdə tutulur. Məsələn, tərəvəz və bostan məhsulları arasında pomidor, xiyar, badımcan, bibər, qarpız, qovun, soğan və sarımsaq kimi məhsullar üçün ayrıca uçot sətirləri müəyyən edilib.
Bununla yanaşı, yeni qaydalar çərçivəsində heyvandarlıq məhsullarının istehsalına dair göstəricilərin də təsərrüfatbaşına uçot sənədlərində əks etdirilməsi nəzərdə tutulur.

