1500 manatlıq müavinət – Ailələrin yükü azalacaq, doğum artacaq?

1500 manatlıq müavinət – Ailələrin yükü azalacaq, doğum artacaq?

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Bu, 900 manat artım deməkdir.

Bəs müavinətin yeni məbləği ailələrin xərclərini nə dərəcədə qarşılaya biləcək və doğumla bağlı qərarlara necə təsir edəcək? Məlumdur ki, ölkəmizdə yeni doğulan uşaqların sayı ildən-ilə azalır.

Deputat seçilən Elşad Musayevdən iddialı AÇIQLAMA | Modern.az

Mövzu ilə bağlı millət vəkili Elşad Musayev Musavat.com-a danışıb: “2027-ci il üçün təqdim olunan büdcə layihəsindən də görünür ki, sosial yönümlü xərclərə yenə böyük yer ayrılıb. Belə ki, büdcənin təqribən 44,2 faizi sosial yönümlü xərclərə, o cümlədən 4,9 milyard manatı sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsinə nəzərdə tutulub.

Burada insanlarımızı maraqlandıran bir sıra məqamlar var. Belə ki, 2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub. Bu, cari il üçün təsdiqlənmiş proqnozla müqayisədə 38 faiz, yaxud 77 milyon manat çoxdur.

Büdcənin bu bəndində nəzərdə tutulan 77 milyon manatlıq artım gələn il bir sıra müavinətlərin məbləğinin artırılmasına maliyyə imkanları yaradacaq. Belə ki, uşağın anadan olmasına görə müavinətin 600 manatdan 1500 manata, sığortaolunan şəxslər üçün dəfn müavinətinin 590 manatdan 700 manata, pensiyaçılar üçün dəfn müavinətinin 936 manatdan 1200 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata çatdırılması nəzərdə tutulur.

Təbii ki, mən də digər sahələrdə artımların olmasında maraqlıyam. Ümumiyyətlə, hamı bu artımları gözləyir. Amma hər halda hesab edirəm ki, bu məsələ ölkənin demoqrafik vəziyyəti ilə də bağlıdır. Uşağın anadan olmasına görə müavinətin 600 manatdan 1500 manata çatdırılması ölkənin gələcəyi baxımından da çox əhəmiyyətlidir. Çünki dünyanın hər yerində doğum səviyyəsinin artırılması, uşaqların sağlam böyüməsi, maddi və mənəvi problemlərinin həlli istiqamətində addımlar atılır. Bu baxımdan artımları müsbət hal kimi qiymətləndirirəm”.

Xalidə Gəray,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir