“Sonuncu dəfə oktyabrın 18-də danışdıq. Mənə “Allaha əmanət ol” dedi. Nə biləydim ki, bu, oğlumla son söhbətim olacaq…”
Bu sözləri Vətən müharibəsində şəhid olan baş leytenant Vüsal Babayevin anası Əntiqə xanım deyir.
ARANTV.AZ xəbər verir ki, şəhid anası oğlunun son telefon danışığını, onunla bağlı xatirələrini və övladının yoxluğunu qəbul etməkdə nə qədər çətinlik çəkdiyini danışıb.
Babayev Vüsal Sübbuh oğlu 1992-ci il yanvarın 8-də Bakının Pirallahı rayonunda anadan olub. 1999-2010-cu illərdə 186 saylı tam orta məktəbdə təhsil alıb. Uşaqlıqdan vətənpərvərliyi, davranışı və savadı ilə seçilən Vüsal musiqi dərsində digər şagirdlərdən fərqli olaraq Azərbaycan Dövlət Himnini ifa etməsi ilə də yadda qalıb.
Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Vüsal 2014-cü ildə leytenant rütbəsi ilə məzun olub. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib, yerüstü artilleriya taqım komandiri kursunu bitirib. Hərbi xidmətə başladıqdan sonra baş leytenant rütbəsinə yüksəlib, ağır artilleriya komandiri vəzifəsində çalışıb.
O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Əsgərlərinə qayğı ilə yanaşan, məsuliyyətli zabit kimi tanınan Vüsal 44 günlük Vətən müharibəsində də ön cəbhədə döyüşüb.
Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən baş leytenant Vüsal Babayev Gecəgözlü kəndi uğrunda döyüşlər zamanı yaralı döyüş yoldaşını xilas etməyə çalışarkən şəhid olub.
Şəhidin anası Əntiqə xanım isə oğlunun son danışığını heç vaxt unuda bilmir. Onun sözlərinə görə, Vüsal müharibənin başladığını və qarşıda onu hansı təhlükələrin gözlədiyini anasına bildirməyib.
“Sonuncu dəfə oktyabrın 18-də danışmışdıq. Telefonla zəng etdi, halımı soruşdu. Mənə “Mama, necəsən?” dedi. Mən də cavab verdim ki, bizdən narahat olmasın, əsas özü özündən muğayat olsun. Hər şeyin yaxşı olduğunu söylədim.
Həmin danışığımızda mənə “Allaha əmanət ol”dedi. Amma müharibəyə gedəcəyini, qarşıda belə hadisələrin baş verəcəyini mənə heç nə deməmişdi. Müharibənin başladığını sonradan xəbərlərdən öyrəndim. O vaxta qədər heç nədən xəbərim yox idi.
Oğlum həmişə məni qucaqlayar, sinəmə sığınar, öpərdi. İşə gedəndə də adətən “Mama, mənə halallıq ver” deyərdi. Həmin sonuncu danışığımızda da sanki halallıq istədi. Mən isə nə biləydim ki, bu, son danışığımız olacaq…
Mənim xasiyyətimi yaxşı bilirdi, hər şeyə çox narahat olduğumu bilirdi. Ona görə də müharibə barədə heç nə deməmişdi. Məni nigaran qoymaq istəmirdi”, – deyə şəhid anası danışıb.

Əntiqə xanımın sözlərinə görə, Vüsal ailəli olub, iki qız övladı dünyaya gəlib.
Şəhid anası oğlunun sonuncu dəfə evdən ayrılarkən onunla üz-üzə görüşə bilmədiyini də kədərlə xatırlayır. Ana ilə övladın son ünsiyyəti telefon danışığı olub.
Baş leytenant Vüsal Babayevin qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin anası isə övladının yoxluğunu hələ də qəbul edə bilmir:
“Hələ indiyə qədər onun haqqında “rəhmətə gedib” sözünü dilimə gətirə bilmirəm…”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
İgidimiz, həmçinin Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə də təltif edilib.
Şahanə Rəhimli,
Musavat.com


