Azərbaycanda uşaq oyuncaqlarının təhlükəsizliyi ilə bağlı yeni texniki reqlament təsdiqlənib. Yeni sənəd 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqların istehsalı, idxalı və satışı ilə bağlı bir sıra məcburi tələblər müəyyən edir.
Reqlamentə əsasən, oyuncaqların konstruksiyası, hazırlandığı materiallar, kimyəvi tərkibi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəriciləri təhlükəsizlik normalarına uyğun olmalıdır.
Bundan əlavə, oyuncaqlar bazara çıxarılmazdan əvvəl akkreditasiya edilmiş qurumlar tərəfindən məcburi sertifikatlaşdırılmalı və uyğunluq nişanı ilə markalanmalıdır.
Sənəd dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək. Həmin müddətdən sonra texniki reqlamentin tələblərinə cavab verməyən və ya uyğunluğu qiymətləndirilməyən oyuncaqların istehsalı, idxalı və satışı qadağan ediləcək.
Bəs uşaq oyuncaqlarının təhlükəsizliyinə dair yeni texniki reqlamentin təsdiqlənməsi bazarda hansı dəyişikliklərə səbəb olacaq?
Valideynlər oyuncaq alarkən onun təhlükəsizliyini necə müəyyən edə bilərlər? Hansı əlamətlərə xüsusi diqqət yetirməlidirlər?
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Uzun illər Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud olub. Həmin qərar təhlükəsizliyi təmin edilməli olan malların siyahısını əhatə edirdi. Siyahıda yüzdən çox məhsul, o cümlədən uşaq oyuncaqları da yer alırdı. Bu mallar ölkənin əmtəə bazarına daxil olmamışdan əvvəl mütləq ciddi yoxlamadan keçirilməli idi. Təhlükəsizliyi təsdiqləndikdən sonra onların ölkənin əmtəə bazarına buraxılmasına icazə verilirdi.
Hətta “Reklam haqqında” qanunda da təhlükəsizliyi təmin olunmamış malların reklamının qadağan edildiyi qeyd olunurdu. Yəni təhlükəsizlik sertifikatı olmayan məhsulların reklamına da icazə verilmirdi.
2021-ci ildə bu qərar ləğv olundu. Nəticədə ölkədə böyük bir boşluq yarandı. Hazırda uşaq oyuncaqlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı texniki reqlamentin qəbul olunması çox yaxşı haldır. Bundan sonra ciddi yoxlamaların aparılacağı və oyuncaqların bu yoxlamalardan keçirildikdən sonra əmtəə bazarına buraxılacağı gözlənilir.
Uşaq oyuncaqları ilə bağlı həftədə azı bir dəfə valideynlər mənə zəng edərək hansı oyuncağı seçməli olduqlarını, nələrə diqqət yetirməli olduqlarını soruşurlar. Mən də xüsusi biliyim olmasa da, təcrübəmə, eşitdiklərimə, istehlakçılardan aldığım məlumatlara və qanunvericiliyə əsaslanaraq onlara məsləhətlər verirəm.
Məsləhətim budur ki, valideynlər oyuncaq mağazasına daxil olarkən oradan kəskin qoxu, xüsusilə plastmas qoxusu gəlirsə, həmin mağazadan uzaq dursunlar və oradan uşaq oyuncağı almasınlar.
Oyuncaq alarkən ağ tənzifi isladıb onun səthini sürtmək lazımdır. Əgər oyuncağın rəngi tənzifə çıxırsa, belə məhsulu almaqdan imtina etmək lazımdır.
Oyuncaqların üzərində qopan elementlər varsa, onları da almaqdan çəkinmək lazımdır. Xüsusilə xırda hissələr təhlükəlidir. Təcrübədə oyuncaqdan qopan elementlərin uşaqların burnunda və boğazında qalması, bunun isə ağır nəticələrə səbəb olması ilə bağlı məlumatlar var. Yumşaq oyuncaqlar alarkən onların tüklərini də çəkmək lazımdır. Əgər tüklər qopursa, belə oyuncaqları almaqdan imtina edilməlidir.
İstehlakçının uşaq oyuncaqlarının mənşəyini təsdiq edən sənədləri, təhlükəsizlik sənədlərini, eləcə də məhsulun testdən keçib-keçmədiyini göstərən sənədləri satıcıdan tələb etmək hüququ var. Satıcı isə həmin sənədləri təqdim etməyə borcludur.
Lakin təəssüflə qeyd edirəm ki, ölkədə istehlakçı siyasəti zəif olduğundan, əmtəə bazarında satılan bütün malları ümumi götürsək, onların təxminən 80 faizinin satış şəbəkəsində heç bir sənədi olmur. Bu, çox təəssüf doğuran haldır. Nəticədə istehlakçı öz hüququndan istifadə edə bilmir.
İstehlakçılar uşaq oyuncaqlarında hər hansı şübhəli məqamla rastlaşarlarsa, 012-599-76-00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə zəng edərək məlumat verə bilərlər. Bütün hallarda kassa çekini saxlamaq və tələbatlarını ödəməyən uşaq oyuncaqları ilə bağlı dövlət orqanına məlumat vermək tövsiyə olunur”.
Xalidə Gəray,
Musavat.com

