Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində yeni mərhələyə keçid hazırlanır. “Hökumət buludu”nun əhatə dairəsinin genişləndirilməsi və dövlət xidmətlərinin elektronlaşdırılması ilə kağız üzərində sənəd dövriyyəsinin tədricən azalması nəzərdə tutulur. Prosesin ən diqqətçəkən hədəflərindən biri isə 2028-ci ilin iyuluna qədər dövlət qurumlarında sənəd dövriyyəsi və əməliyyatların 80 faizinin rəqəmsal formata keçirilməsidir.
Bəs “kağızsız hökumət”ə keçid Azərbaycan iqtisadiyyatına nə verəcək? Bu proses biznes və vətəndaşların xərclərini azalda biləcəkmi? Rəqəmsallaşmanın dövlət büdcəsinə və iqtisadi səmərəliliyə təsiri necə olacaq? Yeni sistemin hansı riskləri və əlavə xərcləri yarana bilər?
Mövzu ilə bağlı iqtisadçı-alim və hüquq elmləri doktoru Vüsalə Əhmədova Musavat.com-a danışıb. İqtisadçı alimin fikrincə, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması yalnız kağız dövriyyəsinin azaldılması demək deyil, ən əsası biznes və vətəndaşların inzibati yükünün azaldılması və dövlət xərclərinin optimallaşdırılmasıdır. Onun sözlərinə görə, “kağızsız hökumət”ə keçidin ən mühüm üstünlüklərindən biri korrupsiya risklərinin azaldılmasıdır:
“Hansı ki, bu istiqamətdə dəfələrlə təkliflərimiz olmuşdu. Hesab edirəm ki, “kağızsız hökumət”ə keçidin ən mühüm üstünlüklərindən biri korrupsiya risklərinin azaldılmasıdır. Dövlət qulluqçusu ilə vətəndaş və ya sahibkar arasında birbaşa təmasların sayı azaldıqca, qərarların subyektiv müdaxilədən daha çox sistem üzərindən qəbul edilməsinə imkan yaranacaq. Bu isə qeyri-rəsmi ödənişlər, işi sürətləndirmək üçün şəxsi əlaqələrdən istifadə və digər korrupsiya risklərinin məhdudlaşdırılmasına kömək edə bilər”.
Vüsalə Əhmədovanın fikrincə, rəqəmsallaşmanın digər mühüm üstünlüyü əməliyyat vaxtının azalmasıdır:
“Məsələn, sahibkarın və ya vətəndaşın bir arayışı almaq üçün bir neçə quruma müraciət etməsi, sənəd toplaması, növbədə gözləməsi və həmin sənədləri digər quruma təqdim etməsi əvəzinə, dövlət sistemləri məlumatı bir-birinə avtomatik ötürə bilsə, vətəndaş həmin vaxtı digər fəaliyyətinə sərf edə bilər. Həmçinin, əgər şirkətin əməkdaşı vergi, lisenziya, qeydiyyat, gömrük, sosial təminat və digər məsələlər üzrə sənəd toplamağa vaxt sərf edirsə, bu da biznesin xərcidir. Fəaliyyət Planında məhz bu məqsədlə “yalnız bir dəfə” prinsipi nəzərdə tutulur. Vətəndaşdan və sahibkardan dövlətin artıq malik olduğu məlumatın təkrar tələb edilməməsi hədəflənir. Məsələn, müxtəlif informasiya sistemlərində artıq mövcud olan məlumatı vətəndaşdan yenidən istəmək əvəzinə, sistem özü məlumatı götürür və xidmət avtomatik təqdim olunur. Bu, həm də iqtisadi baxımdan inzibati xərclərin azalması deməkdir. Eyni zamanda, əgər model düzgün qurularsa, vahid infrastruktur xərclərə qənaət gətirə bilər. Məsələn, hər qurumun ayrıca server, proqram təminatı və informasiya infrastrukturu qurması əvəzinə, ortaq “hökumət buludu”ndan istifadə etməsi təkrarlanan İT xərclərini azalda bilər. 2019-cu ildə “hökumət buludu”nun yaradılmasının əsaslandırılmasında da dövlətin İT xərclərinin optimallaşdırılması və idarəetmə xərclərinin azaldılması məqsədləri açıq şəkildə qeyd olunmuşdu”.
İqtisadçı dövlət gəlirlərinə də dolayı təsirin mümkün olduğunu düşünür. Onun sözlərinə görə, daha yaxşı inteqrasiya olunmuş dövlət məlumatlarının daha dəqiq idarə edilməsi təşkil oluna bilər:
“Məsələn, vergi uçotu, gömrük nəzarəti, sosial ödənişlər, dövlət satınalmaları, biznes qeydiyyatı kimi müxtəlif reyestrlərdəki məlumatlar əlaqələndirilərsə, uyğunsuzluqların aşkarlanması asanlaşar. Bu, vergi inzibatçılığında səmərəliliyi artıra, səhv və sui-istifadə hallarını azaltmağa kömək edə bilər”.
Vüsalə Əhmədova rəqəmsallaşmanın yaratdığı risklərə də diqqət çəkib. Onun fikrincə, ən ciddi risklərdən biri bütün dövlətin bir rəqəmsal sistemdən asılı vəziyyətə düşməsidir:
“Məsələn, bir idarənin kompüteri işləməyəndə proses başqa üsulla davam etdirilə bilir. Tam rəqəmsal sistemdə isə böyük informasiya sisteminin dayanması çox sayda xidmətə eyni anda təsir göstərə bilər. Ona görə də, “kağızsız hökumət” əslində kibertəhlükəsizliyə və fasiləsizliyə investisiya tələb edən hökumət deməkdir. Məlumatların sızması da ayrıca problemdir. Dövlət bir-biri ilə əlaqələndirilmiş böyük məlumat hövzəsi yaratdıqca, həmin məlumatların qorunmasının iqtisadi və siyasi əhəmiyyəti də artır. Burada əsas risklərdən biri də “rəqəmsallaşdıraq, sonra baxarıq” yanaşmasıdır. Maraqlıdır ki, Azərbaycan Fəaliyyət Planının özündə də ixtisaslı rəqəmsal mütəxəssislərin çatışmazlığı əsas risklərdən biri kimi göstərilir və xarici ekspertlərin cəlbi nəzərdə tutulur. Eləcə də, düşünürəm ki, illər ərzində formalaşmış bürokratik prosedurlar dəyişdirilmədən sadəcə rəqəmsal platformaya köçürülərsə, bu mənim üçün ən böyük xəyal qırıqlığı olar. Bu halda biz “kağızsız hökumət” deyil, əslində “rəqəmsal bürokratiya” yaratmış olarıq. Məsələn, vətəndaş əvvəllər bir sənədi almaq üçün üç dövlət qurumuna müraciət edirdisə və hər qurumda ayrıca ərizə, arayış və təsdiq tələb olunurdusa, həmin prosedurun elektronlaşdırılması avtomatik olaraq problemi həll etmir. Əgər vətəndaş eyni məlumatı yenə üç dəfə sistemə daxil etməli, müxtəlif elektron platformalarda ayrıca qeydiyyatdan keçməli və prosesin sonunda yenə də fiziki sənəd təqdim etməli olarsa, burada real rəqəmsal transformasiyadan söhbət gedə bilməz. Ona görə də, “kağızsız hökumət”ə keçidi ilk növbədə texnoloji deyil, institusional islahat kimi qiymətləndirərdim. Əvvəlcə prosedur sadələşdirilməli, lazımsız tələblər aradan qaldırılmalı, qurumlararası məlumat mübadiləsi təmin edilməli, daha sonra həmin sadələşdirilmiş proses rəqəmsallaşdırılmalıdır. Əks yanaşma bürokratiyanı azaltmaq əvəzinə onu sadəcə elektronlaşdırmaq riski yaradır”.
Xalidə Gəray
Musavat.com

