Paşinyan niyə məhz indi İlham Əliyevə zəng etdi?

Paşinyan niyə məhz indi İlham Əliyevə zəng etdi?

Xəbər verildiyi kimi, avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığında iki ölkə arasında sülh prosesinin hazırkı vəziyyəti və ötən bir il ərzində əldə olunan irəliləyişlər müzakirə edilib. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaların və Sülh Sazişinin mətninin ilkin paraflanmasının ildönümü ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, tranzit daşımalar və TRIPP marşrutunun icrası ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər regionda davamlı sülh, sabitlik və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Bu telefon danışığı Bakı ilə İrəvan arasında sülh prosesinin növbəti mərhələsinə keçidin siyasi siqnalıdırmı?

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb.

HİKMET.jpeg (29 KB)

Millət vəkili qeyd edib ki, Paşinyanın məhz 8 avqustda Azərbaycan Prezidentinə zəng etməsi sadəcə diplomatik nəzakət hesab edilə bilməz:

“Bu, mühüm bir hadisənin ildönümü ilə əlaqədar edilmiş zəngdir və məhz 8 avqustda ABŞ-də keçirilən Vaşinqton görüşü Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələ yaratmışdı. Nikol Paşinyanın zəngini belə oxumaq lazımdır ki, məhz bu hadisə, yəni ABŞ-də imzalanmış, paraflanmış Sülh Sazişinin mətni və fəlsəfəsi Paşinyanı yenidən baş nazir edə bilib. Bu kontekstdə Azərbaycan Prezidentinə zəng etməklə Paşinyanın öz legitim hakimiyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər və Azərbaycanın da Nikol Paşinyanın hakimiyyətinin legitimliyini qəbul etməsi kimi dəyərləndirilə bilər. Çünki Azərbaycan Prezidentinin razılığı olmadan, heç şübhəsiz ki, belə bir telefon danışığı baş tuta bilməzdi”.

Hikmət Babaoğlu bildirib ki, bu telefon danışığı eyni zamanda Azərbaycan Prezidentinin regiondakı siyasi çəkisinin və Ermənistanın bu reallığa verdiyi əhəmiyyətin göstəricisidir:

“Bu, bir daha regionda Azərbaycan Prezidentinin regional siyasətdə mövqeyinin nə qədər əhəmiyyətli olduğunu və Ermənistanın buna nə qədər mühüm əhəmiyyət verdiyinin göstəricisi hesab oluna bilər”.

Millət vəkili telefon danışığında verilən digər mühüm mesajlara da diqqət çəkib. Onun sözlərinə görə, danışıq zamanı müzakirə olunan məsələlərə ardıcıllıqla nəzər saldıqda tərəflərin sülh prosesini davam etdirmək niyyətləri aydın görünür:

“Birincisi, paraflanmış sənəd yüksək qiymətləndirilir, ikincisi, əldə edilmiş razılaşmanın davam etdirilməsi əzmi nümayiş etdirilir, üçüncüsü, TRIPP marşrutunun icrası, həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılır. Yəni 8 avqust diplomatik fəlsəfəsinə uyğun olaraq proses davam edir və Zəngəzur dəhlizinin inşası önümüzdəki qısa müddət ərzində real icra mərhələsinə qədəm qoyacaq. Verilən mesaj, əlbəttə ki, budur. Ancaq “Biz bu zəngi Ermənistan-Azərbaycan arasında münasibətlərin yeni mərhələsi hesab edə bilərikmi?” sualının cavabı müsbət deyil. Çünki bu, yeni mərhələ adlandıra biləcəyimiz şərtlərin tələblərini hələ ödəmir. Bu, sadəcə 8 avqustda əldə edilmiş razılaşmaya sadiqliyin və onu daha da irəli götürülməsinin, paraflanmış sənədin imzalanma mərhələsinə çatdırılmasının əzmkarlığının nümayiş etdirilməsidir. Şübhəsiz ki, bu, çox vacib bir mövqedir. Nəhayət, sənədlər imzalandıqdan sonra Ermənistan-Azərbaycan münasibətlərinin artıq yeni mərhələyə qalxması perspektivi ilə bağlı verilən mesaj hesab edilə bilər. Çünki paraflanmış sənəd imzalanarsa, bundan sonra şübhəsiz ki, tamamilə yeni bir mərhələ başlaya bilər. İndi isə 8 avqust 2025-ci ildən başlamış proses davam edir və tərəflər sonuncu maneəni üstələməlidirlər. Yəni Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmalıdır”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir