ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı qəfil görmə itkisinə səbəb ola bilən nadir göz xəstəliyi riskinin arta biləcəyi barədə xəbərdarlıq edib. Söhbət qeyri-arteritik ön işemik optik neyropatiyadan (NAION) gedir. Bu xəstəlik bir gözdə görmənin qəfil və ağrısız zəifləməsinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilər. Xəstəlik bir gözdə inkişaf etdikdə digər gözdə də yaranma riski artır.
FDA əsasən arıqlamaq üçün istifadə olunan “Ozempic” və “Wegovy” də daxil olmaqla, bu qrupa aid bütün preparatların rəsmi istifadə məlumatının “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə mümkün risk barədə məlumatın əlavə edilməsini tələb edib. Qurum bu preparatları qəbul edən şəxsləri bir gözdə görmənin qəfil və ağrısız zəifləməsi, görüntünün bulanıqlaşması, görmə sahəsinin bir hissəsinin itməsi və ya rənglərin təhrif olunmuş şəkildə qavranılması hallarında dərhal həkimə müraciət etməyə çağırıb. FDA-nın məlumatına görə, xəstəlik görmə sinirinin ön hissəsinə qan axınının azalması nəticəsində yaranır. Qan axınının niyə azaldığı isə hələ tam aydınlaşdırılmayıb.
Ümumiyyətlə, kimyəvi preparatlar vasitəsilə sağlıqlı arıqlamaq mümkündürmü? Çəki atmaq üçün ən təhlükəsiz üsul varmı? Nədir?
Mövzu ilə bağlı dietoloq-həkim Ləman Süleymanova Musavat.com-a danışıb: “İllər ərzində yığılan artıq çəki insanda qısa müddətdə arıqlamaq istəyi yaradır. Bəs bu tələskənliyin səbəbi nədir? Bəzi insanlar uzun müddət fərqinə varmadan qidalanır, çəkilərinin artmasına əhəmiyyət vermirlər. Lakin bir gün sanki qəflət yuxusundan oyanır və illər ərzində yığılmış çəkidən mümkün qədər tez qurtulmağa çalışırlar”.
Həkim qeyd edib ki, bu tələskənlik insanları yanlış arıqlama üsullarına yönəldə bilər: “Psixoloji baxımdan bu vəziyyəti psixoloji oyanıqlıq kimi xarakterizə etmək olar. İnsan stress keçirir, qəfil şəkildə problemin fərqinə varır və uzun müddət diqqət yetirmədiyi artıq çəkidən qısa zamanda xilas olmaq istəyir. Məhz buna görə də belə insanlar çox vaxt müxtəlif teleulduzların vəd etdiyi arıqlama metodlarının təsiri altına düşür, apteklərdə və sosial şəbəkələrdə arıqladıcı preparatlar axtarmağa başlayırlar”.
Ləman Süleymanova vurğulayıb ki, kimyəvi tərkibli və ya bitki mənşəli olduğu iddia edilən saxta arıqladıcı preparatların bir çoxu ciddi təhlükə yaradır: “Belə vasitələrin tərkibində sağlamlıq üçün zərərli maddələr ola bilər. Məsələn, bəzi preparatlarda sidikqovucu təsirə malik furosemid, eləcə də iştahanı süni şəkildə azaldan, lakin beyin və sinir sisteminə təsir göstərən sibutramin kimi maddələrə rast gəlinir. Bu maddələr insanın ümumi sağlamlığına və həyat keyfiyyətinə ciddi zərər vura bilər.
Bu preparatların yaratdığı çəki itkisi çox vaxt aldadıcı və müvəqqəti xarakter daşıyır. Belə ki, bəzi vasitələr piy kütləsini azaltmaq əvəzinə, orqanizmdən mayenin xaric olunmasına səbəb olur. Nəticədə tərəzidə çəki azalsa da, bu, real piy itkisi demək deyil. Sonradan itirilmiş çəki hətta ikiqat arta bilər. Xüsusilə Haşimoto xəstəliyindən əziyyət çəkən şəxslər üçün bu cür preparatlardan istifadə risklidir. Həmin vasitələr qaraciyərin, mədəaltı vəzinin fəaliyyətinə, hormonal sistemə və dəriyə mənfi təsir göstərə bilər. Həmçinin, gələcəkdə ana olmaq istəyən qadınlarda yumurtalıqların fəaliyyətinə zərər vurmaq, kişilərdə isə cinsi zəifliyə səbəb olmaq riski var.Bütün bunları nəzərə alaraq, bu cür arıqladıcı preparatların istifadəsindən mümkün qədər uzaq durmaq lazımdır. Çünki qısa müddətdə çəki itirmək naminə sağlamlığı və hətta həyatı riskə atmaq yolverilməzdir”.
Xalidə Gəray,
Musavat.com

