Daş karxanasının sahibinin evindən 300 min manatlıq pul və qızıl aparan dəstənin məhkəməsi

Sahibkarın evindən 300 min manat dəyərində pul və qızıl aparn 4 nəfərdən ibarət dəstənin məhkəməsi başlayıb.

ARANTV.AZ-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan dəstə üzvləri – Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyevin cinayət işi üzrə məhkəmə iclasına hakim Cavid Hüseynov sədrlik edir.

Cinayət işində zərəçəkmiş qismində Sultanov Aydın Həmid oğlu tanınıb.

Keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Aydın Sultanov məhkəmədə mülki iddia qaldırıb və dəymiş zərərdən ödənilməyən 50 min manatı tələb edib.

Məhkəmə iddia ərizəsini icraata götürüb.

Qeyd edək ki, oğurluq hadisəsi bu il martın 21-də Novruz bayramı günü Qaradağ rayonu ərazisində baş verib. Təqsirləndirilən şəxslər rayon ərazisindəki daş karxanasında sahibkar olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl –zinət əşyaları oğurlayıblar.

Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev saxlanılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.ölkə.az