Bəstəkarlarımız çətin vəziyyətdə – Məşhurlar “QAN ağlayır”

Bəstəkarlarımız çətin vəziyyətdə – Məşhurlar “QAN ağlayır”

“Azərbaycanda bəstəkarlıq ixtisasına maraq azalır, müvafiq fakültələr bağlanır və ya digər fakültələrlə birləşdirilir, gənc bəstəkarlar isə iş tapa bilmir, əsərlərinin ifası və alınması ilə bağlı ciddi problemlərlə üzləşirlər”.

Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.

Firəngiz Əlizadə — Vikipediya

 

Qurum sədri bildirib ki, hazırda ən acınacaqlı vəziyyətdə olan sənət adamları bəstəkarlardır. Onun sözlərinə görə, artıq bəzi diplomlarda belə “bəstəkar” sözü qeyd edilmir, bəstəkarlıq fakültələri isə tədricən bağlanır və ya başqa fakültələrlə birləşdirilir. Firəngiz Əlizadə, həmçinin, qeyd edib ki, bu günlərdə ona akademiyanın bəstəkarlıq fakültəsinin rəhbəri tərəfindən məlumat verilib ki, bir neçə ildir fakültəyə, demək olar, ərizə daxil olmur: “Heç kim bəstəkarlığa qəbul olmaq istəmir. Nə üçün? Ona görə ki, nə bəstəkara qiymət verən var, nə də onun əsərlərini alan”.

O, 2007-ci ildən Mədəniyyət Nazirliyinin alqı-satqı komissiyasının üzvü olduğunu diqqətə çatdıraraq deyib ki, həmin vaxtdan bəri komissiyanın iclasının keçirilməsindən xəbəri yoxdur və əsərlərin alınması ilə bağlı prosesdə iştirak etməyib: “Bir dəfə də olsun biz yığışmamışıq, mənim xəbərim yoxdur heç nədən və heç bir əsər alınmayıb”.
İttifaq sədri gənc bəstəkarların sosial vəziyyətinin də ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc bəstəkarlar iş və dolanışıq imkanlarının olmamasından şikayət edirlər: “Gəlirlər kabinetimə və ağlayırlar. Deyirlər ki, bizim yaşayışımız yoxdur, bizə iş verilmir”.

Bəs çıxış yolları nədir?

Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov Musavat.com-a bildirib ki, əvvəllər bəstəkarlıq fakültəsinə hər il iki, maksimum üç nəfər qəbul olunurdu: “Əslində, bu sahədə çoxsaylı mütəxəssisə də ehtiyac yox idi. Çünki bəstəkarlıq cəmiyyətdə özünəməxsus yeri və missiyası olan sənətdir. Həmin dövrdə bəstəkarlar əsərlərinə görə, Mədəniyyət Nazirliyindən və televiziyadan qonorar alırdılar, bədii şuralar fəaliyyət göstərirdi, hər il bəstəkarların əsərləri alınır və onlara müvafiq məbləğdə vəsait ödənilirdi. Bu gün isə həmin imkanlar demək olar ki, yoxdur. Əsərlərin alınması və bəstəkarlara sifarişlərin verilməsi mexanizmi əvvəlki kimi fəaliyyət göstərmir”.

Faiq Sücəddinov – 27 Mart, 2024 – Biletlər – iTicket.AZ

Onun fikrincə, hazırda bəstəkarların əksəriyyəti dolanışığını təmin etmək üçün müəllimlik edir, aranjimanlarla məşğul olur, müxtəlif sahələrdə çalışırlar: “Halbuki onların əsas işi yaradıcılıq olmalıdır. Bunun üçün bəstəkarların əsərlərinin alınmasına, ifasına və təbliğinə dövlət dəstəyi vacibdir. Digər mühüm məsələ əsərlərin dinləyiciyə çatdırılmasıdır. Bəstəkarların yaradıcılığı yalnız qurultaylarla məhdudlaşmamalı, onların əsərləri konsert salonlarında və müxtəlif səhnələrdə səsləndirilməlidir. Məsələn, mənim “Zəfər” adlı simfonik poemam var. Çox istərdim ki, bu əsər Qarabağda ifa olunsun. Çünki Zəfərlə bağlı mühüm məqamları özündə əks etdirir və geniş dinləyici auditoriyasına çatdırılmağa layiqdir. Düşünürəm ki, dəyərli bəstəkar əsərlərinin müvafiq fondlar və Mədəniyyət Nazirliyi tərəfindən alınması, ifası və təbliği üçün sistemli mexanizm yaradılmalıdır. Bu, həm bəstəkarların yaradıcılığına dəstək olar, həm də musiqi sənətimizin inkişafına xidmət edər. Süni intellekt vasitəsilə simfonik və digər musiqi əsərlərinin yaradılmasına gəlincə, hesab edirəm ki, insan əli dəyməyən, insan hissləri ilə yoğrulmayan musiqi əsərinin uzunömürlü olması çətindir”.

Sənətkar bildirib ki, bu gün yaranan musiqilərin bir çoxu qısa müddətdə unudulur: “İlk dinləyəndə xoş təsir bağışlayır, amma bir qədər sonra yaddaşdan silinir. Halbuki əsl musiqi illərlə, hətta əsrlərlə yaşamalıdır. Mənim 1986-cı ildə yazdığım “Mən səni axtarıram” mahnısının üzərindən təxminən 40 il keçib, amma bu gün də oxunur. “Vətəndən pay olmaz” əsərim də 1990-cı ildə yazılıb və hələ də yaşayır. Musiqinin ömrünü texnologiya deyil, onun daşıdığı hiss, məna və sənətkarlıq müəyyən edir. Cüzeppe Verdinin “Aida”sı, Puççininin “Turandot”u kimi əsərlər yüzillər əvvəl yazılsa da, bu gün də insanları duyğulandırır. Fikrət Əmirovun əsərləri də zamanın sınağından çıxaraq aktuallığını qoruyur. Çünki böyük sənətkarlar yalnız öz dövrləri üçün deyil, gələcək nəsillər üçün də musiqi yaradırlar. Bəstəkarlar simfonik əsərlərlə yanaşı, xalqın qəlbinə yol tapan, insanların sevə-sevə dinləyəcəyi musiqilər də yaratmalıdırlar.

Bəstəkar əsəri yalnız özü üçün yazmır. Onun musiqisi xalqa çatmalı, dinləyicinin ruhuna toxunmalı və yaddaşlarda yaşamalıdır. Əsl sənət nümunəsi sevilir, ifa olunur və nəsildən-nəslə ötürülür. Mənim bəstəkarlardan gözləntim də budur: elə əsərlər yaratsınlar ki, xalqın ruhuna yaxın olsun və uzun illər yaşasın”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir