Maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələri zamanı bir sıra vacib yeniliklərdən bəhs edib.
Musavat.com-un məlumatına görə, nazir bildirib ki, 2027-ci ildə sosialyönlü xərclərin maliyyələşdirilməsinə 18,7 mlrd. manat vəsait ayrılacaq.
Bundan əlavə, gələn il icmal büdcənin səhiyyə xərcləri 4 mlrd. manat olacaq.
“Dövlət başçısının sosial siyasət kursuna uyğun olaraq, 2027-ci ildə sosialyönlü xərclər əsas prioritetlər sırasındadır və dövlət büdcəsi xərclərinin 44,2 faizi, yaxud 18,7 mlrd. manat sosialyönlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 3,5 mlrd. manat və ya 22,8 faiz çoxdur”, – nazir əlavə edib.
Sahil Babayev qeyd edib ki, 2023-cü illə müqayisədə 2027-ci ildə sosialyönlü xərclər mütləq ifadədə isə 4,4 mlrd. manat və ya 30,6 faiz çox olacaq.
Sosial müdafiə və sosial təminat xərcləri üçün gələn ilin dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və ya 4,9 mlrd. manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilin icra göstəricisinə nisbətən 360 mln. manat və ya 7,9 faiz çoxdur.
İcmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri isə 12,9 mlrd. manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.2 mlrd. və ya 21 faiz çoxdur. İcmal büdcənin səhiyyə xərcləri isə 4 mlrd. manat olacaq, bu da 2025-ci ilə nisbətən 1 mlrd. manat və ya 36 faiz artım deməkdir.

