2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq. Dövlət Neft Fondundan transfert isə 935 milyon manat azaldılacaq.
Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələri zamanı deyib.
S.Babayev bildirib ki, 2027-ci ildə qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7,2 faiz artacaq “Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 39,3 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 645 mln. manat və ya 1,7 faiz çoxdur”, nazir vurğulayıb.
S.Babayev qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin 23,8 mlrd. manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 mlrd. manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Qeyri-neft sektoru üzrə daxilolmalar cari illə müqayisədə 1,6 mlrd. manat və ya 7,2 faiz artımla, neft-qaz sektoru üzrə daxilolmalar üzrə isə əksinə 955 mln. manat və ya 5,8 faiz az proqnozlaşdırılmışdır.
Neft-qaz sektoru üzrə azalmanın səbəbinə gəlincə, maliyyə naziri bildirib ki, bu, əsasən Dövlət Neft Fondundan transfertin 550 mln. dollar və ya 935 mln. manat azaldılması ilə bağlıdır. Qeyri-neft gəlirlərində artım hesabına 2027-ci ildə Fonddan dövlət büdcəsinə transfertin azaldılması makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli buffer yaratmağa imkan verir.
“Növbəti il üçün gəlirlərin 18,4 mlrd. manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Bu cari illə müqayisədə 1,5 mlrd. manat və ya 9 faiz çoxdur. Həmin daxilolmlaların 14,9 mlrd. manatı qeyri-neft sektorundan, 3,6 mlrd. manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il dövlət büdcəsinə daxilolmalar isə təqribən 6.9 mlrd. manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. 2027-ci ildə Dövlət Neft Fondundan transfertin həcmi 11,9 mlrd. manat və ya büdcə gəlirlərinin 30,3 faizi həcmində olacaqdır. Büdcə gəlirlərinin 872 mln. manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 mln. manatı ödənişi xidmətlər üzrə daxilolmaların, 484 mln. manatı sair gəlirlərin hesabına təmin ediləcək, dividendlər cari illə müqayisədə 45,3 faiz artacaqdır”, deyə maliyyə naziri bildirib. Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq.
Maliyyə naziri həmçinin, qeyd edib ki, 2027-cı il üzrə dövlət büdcəsinin xərcləri 42,4 mlrd. manat proqnozlaşdırılır: “Bu, cari illə müqayisədə 696,4 mln. manat çoxdur”. Nazir bildirib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 26,4 mlrd. manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 mlrd. manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 mlrd. manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Sahil Babayevin sözlərinə görə, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,8 faizi həcmində və ya 8,8 mlrd. manat məbləğində vəsait nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 mln. manat və ya 9,3 faiz çoxdur.
“Dövlətimizin ən önəmli prioritetlərindən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulub”.

