Yerli QHT-lər və xarici QHT-lərin filial və nümayəndəlikləri yeni tələblərə uyğun yenidən dövlət qeydiyyatı üçün müraciət etməlidir. Bu barədə Milli Məclisin 17–18 noyabr iclaslarının gündəliyinə daxil edilən qanun layihəsində deyilir.
Layihədə nizamnamələrin 30 gün ərzində uyğunlaşdırılması, müraciət etməyən və ya qeydiyyatdan imtina alan təşkilatların fəaliyyətinin dayandırılması və ləğvi üçün məhkəməyə müraciət edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər hansı təşkilatlara şamil olunacaq? 30 günlük müddət praktik baxımdan yetərlidirmi? Yeni tələblər QHT-lərin fəaliyyətinə və maliyyələşməsinə necə təsir göstərə bilər?

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Layihəyə görə, yenidən qeydiyyat tələbi qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış bütün yerli ictimai birliklərə və fondlara şamil olunur. Onlar qanunun qüvvəyə mindiyi tarixdən 30 gün ərzində nizamnamələrini uyğunlaşdırıb müraciət etməlidirlər. Xarici QHT-lər üzrə bu öhdəlik Azərbaycanda qeydiyyatda olan, sazişi bitmiş və ya sazişi olmayan filial və nümayəndəliklərə aiddir.
Həmin qurumlar eyni müddətdə sazişin bağlanması və ya uzadılması üçün tədbir görüb yenidən qeydiyyata müraciət etməlidirlər. Vaxtında müraciət edilmədikdə və ya qeydiyyatdan imtina olunduqda, layihə səlahiyyətli orqanın fəaliyyəti dayandırmasını və ləğv üçün məhkəməyə müraciət etməsini nəzərdə tutur”.
Vəkilə görə, Avropa İnsan Hüquqları Məhkəməsi Təbiəti Mühafizə Cəmiyyəti və “İsrafilov Azərbaycana qarşı” işində birliyin ləğvini müstəsna hallarda tətbiq oluna bilən ən sərt tədbir kimi qiymətləndirib və Konvensiyanın 11-ci maddəsinin pozulduğunu müəyyən edib: “Bu baxımdan aradan qaldırıla bilən sənəd çatışmazlığına görə fəaliyyət dayandırılmazdan əvvəl təşkilata həmin çatışmazlığı düzəltmək üçün vaxt verilməlidir”.

Hüquqşünas Nərmin Əhmədli isə Musavat.com-a cavabında deyib ki, 30 gün bir çox QHT üçün yetərli deyil: “Nizamnamənin yenilənməsi daxili maliyyə nəzarəti qaydalarının hazırlanmasını, səlahiyyətlərin bölüşdürülməsini və dəyişikliklərin səlahiyyətli orqanda təsdiqlənməsini tələb edə bilər. Xarici filiallar üçün sazişlə bağlı prosedur da vaxt aparır. ATƏT/DTİHB və Venesiya Komissiyasının birgə təlimatı yenidən qeydiyyatı əsaslı qanunvericilik dəyişiklikləri zamanı müstəsna tədbir kimi nəzərdə tutur və təşkilatlara əvvəlcədən bildirişlə kifayət qədər keçid müddəti verilməsini tövsiyə edir.
Daxili nəzarət qaydalarının dəqiqləşdirilməsi vəsaitin istifadəsini daha şəffaf edə bilər. Bununla yanaşı, qeydiyyat statusu ilə bağlı qeyri-müəyyənlik donorların yeni qrant müqaviləsi bağlamasını və ya növbəti ödənişi etməsini gecikdirə bilər. Fəaliyyətin dayandırılması isə davam edən layihələrin və xidmətlərin icrasını poza bilər. Avropa Şurası yerli və xarici maliyyə mənbələrinə çıxışın qorunmasını, FATF isə terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin müəyyən edilmiş riskə mütənasib olmasını tövsiyə edir”.
Afaq Mirayiq,
Musavat.com

