Bircə bu virus çatmırdı… – Azərbaycana YENİ təhlükə?

Bircə bu virus çatmırdı… – Azərbaycana YENİ təhlükə?

Qazaxıstanda “taqətdən salan virus”un yayılması səbəbindən Almatı şəhərinin 14 mindən çox sakini tibbi yardım üçün müraciət edib. Yerli medianın məlumatına görə, təxminən 3 min uşaq xəstəxanaya yerləşdirilib.

Virusa yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatur 40 dərəcəni ötür və onu salmaq mümkün olmur. Digər simptomlar arasında üşütmə, bədən ağrıları, boğaz ağrısı, şiddətli öskürək və baş ağrısı da var. Bəzi xəstələrdə qusma və ishal müşahidə olunur. Valideynlər bildirirlər ki, dərman qəbulundan sonra uşaqların vəziyyəti bəzən yaxşılaşsa da, bu, cəmi bir neçə saat davam edir, daha sonra hərarət yenidən yüksəlir. Sosial şəbəkələrdə xəstəxanaların həddindən artıq dolu olduğunu əks etdirən videolar yayılır. Bəzi böyüklər uşaqları ilə birlikdə həkim qəbulunu gözləyərkən virusa yoluxduqlarını iddia edirlər. “Bir çox valideynlər artıq bu virusu “taqətdən salan virus” adlandırıblar”, – deyə məlumatda bildirilir.

Bu nə virusdur belə? Tanış gəlirmi?

Uşaq və yeniyetmə əyləncə üçün alternativ heç nə tapmırsa...”-Vaqif Qarayev

Həkim-pediatr Vaqif Qarayev Musavat.com-a qeyd edib ki, yayılan virusun “taqətdən salan virus” adlandırılması, çox güman, ya klinisistlərin öz aralarında istifadə etdiyi obrazlı ifadə, ya da medianın təqdimatıdır: “Əlamətlərdən görünür ki, bu, tanıdığımız respirator virusdur. Qızdırma, üşütmə, boğaz ağrısı, öskürək, bəzən qusma və digər simptomlar müşahidə olunur. Təhlükə ondadır ki, virus lokal şəkildə yayılır. Xüsusilə uşaq kollektivlərində və ya iş yerlərində sürətlə yayılarsa, yoluxma riski artır. Respirator viruslardan qorunma yolları ənənəvidir, bu baxımdan yeni heç nə yoxdur. Hər kəs özünü qorumalıdır. Virusun geniş yayıldığı kollektivlərdə zərurət yaranarsa, həmin müəssisələr bağlanmalı, yeni xəstələrin qəbulu dayandırılmalıdır. Fərdi olaraq isə hər kəs məlum qorunma üsullarına əməl etməlidir”.

Azərbaycana gəldikdə, həkim deyib ki, payız mövsümündə respirator viruslarla həmişə rastlaşırıq: “Hazırda yeni virusdan söhbət getmir, tanıdığımız viruslar yayılır, hətta qrip də var. Qızdırma, boğaz ağrısı, öskürək, halsızlıq, iştahasızlıq kimi əlamətlər müşahidə olunur. Deyə bilmərəm ki, virus həddindən artıq yayılıb, xüsusilə uşaq kollektivlərində kütləvi yayılma var. Yoluxma halları mövcuddur, amma yenə də qapanmalara ehtiyac görmürəm”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir