Peşə təhsilinə gedənlərin DİQQƏTİNƏ – 6 500 manata…

Peşə təhsilinə gedənlərin DİQQƏTİNƏ – 6 500 manata…

Azərbaycanda Türkiyə ilə əməkdaşlıq çərçivəsində iki yeni peşə təhsili müəssisəsi yaradılacaq. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı məlumat verib. Onun sözlərinə görə, yeni peşə məktəblərinin Bakı və Qubada açılması planlaşdırılır: “Bu təhsil müəssisələrində təhsil alan tələbələr iki diplom əldə edəcəklər. Onlara həm Azərbaycanın, həm də Türkiyənin peşə təhsili diplomu təqdim olunacaq. Məktəblərdə beş ixtisas üzrə tədris aparılacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür”.

Peşə Təhsili üzrə Dövlət Agentliyi

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə peşə təhsili gənclərin əmək bazarına daha qısa müddətdə inteqrasiya olunmasına və yüksək praktiki bacarıqlar qazanmasına imkan yaradır. Bu sahədə Almaniyanın ikili təhsil sistemi, İsveçrənin praktiki təlim modeli və Türkiyənin sənaye, eləcə də turizm bölgələrində tətbiq olunan istehsalat təcrübəsi proqramları uğurlu nümunələr hesab edilir.
Son illər Azərbaycanda da peşə təhsilinə maraq artmaqdadır. Hazırda ölkədə fəaliyyət göstərən peşə təhsili mərkəzlərində təhsil haqları 500 manatdan başlayaraq 6 500 manata qədər dəyişir.

Bəs yeni peşə məktəbləri nə vəd edir? Onlar universitetlərə alternativ ola, hətta bəzi sahələrdə onları üstələyə bilərlərmi?

Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a danışıb. Onun sözlərinə görə, Türkiyə ilə birgə yaradılacaq yeni peşə məktəbləri Azərbaycanın peşə təhsilli kadrlarla təmin olunması baxımından əmək bazarı üçün çox mühüm addımdır. “Lakin unutmaq olmaz ki, həmin peşə məktəbləri universitetləri əvəzləmək üçün deyil, ali təhsilə güclü və çevik alternativ olmaq üçün nəzərdə tutulub. Layihənin ölkə iqtisadiyyatına verəcəyi faydalar və universitetlərlə rəqabət potensialı da kifayət qədər böyükdür.

Azərbaycanda peşə təhsili: artan diqqət, önəmli nəticələr

Bu layihə sadəcə iki yeni təhsil binasının açılması demək deyil. Bu, peşə təhsilində keyfiyyət baxımından yeni mərhələnin başlanğıcıdır. Məzunların həm Azərbaycan, həm də Türkiyə diplomu alması onlara beynəlxalq səviyyədə tanınmaq imkanı yaradacaq. Bu isə gənclərin təkcə ölkədə deyil, Türkiyə və digər xarici şirkətlərdə də daha rahat iş tapmasına şərait yaradacaq.
Layihənin digər mühüm üstünlüyü Türkiyənin qabaqcıl peşə təhsili modelinin Azərbaycanda tətbiqidir. Türkiyə sənaye ilə peşə təhsilinin inteqrasiyasında uğurlu təcrübəyə malikdir. Düşünürəm ki, həmin modellə yanaşı, müasir kurikulumlar, yeni məzmun və texnoloji infrastruktur da Azərbaycana gətiriləcək”.

İlqar Orucov: Görülən işlər Qarabağ Universitetinin dünyanın ən qabaqcıl  ali məktəblərindən biri olmasına hədəflənib - AZƏRTAC

İ.Orucov hesab edir ki, layihə regionların inkişafına da ciddi töhfə verəcək: “Məktəblərin Bakı ilə yanaşı, Qubada açılması Şimal bölgəsində turizm, kənd təsərrüfatı və xidmət sektorunda ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə birbaşa xidmət edəcək. Burada tədris olunacaq beş ixtisas hazırda əmək bazarında ən çox ehtiyac duyulan sahələri əhatə edir. Bunlar İT, logistika, sənayenin avtomatlaşdırılması və turizm istiqamətləridir. Beləliklə, tələbələr dörd il vaxt sərf etmədən, bir-iki il ərzində praktik bilik və peşə bacarıqları əldə edərək əmək bazarına sürətlə inteqrasiya olunacaqlar”.

Ekspert daha sonra peşə məktəblərinin universitetlərlə rəqabət imkanlarına da toxunub. Onun fikrincə, universitet məzunlarının əhəmiyyətli hissəsi diplom aldıqdan sonra da ixtisası üzrə iş tapmaqda çətinlik çəkir. Səbəb isə nəzəri biliklərin çox, praktiki hazırlığın isə zəif olmasıdır. “Yeni peşə məktəbləri birbaşa işəgötürənlərin sifarişi əsasında kadr hazırlayacağı üçün məzunların məşğulluq göstəricisi universitetlərlə müqayisədə daha yüksək ola bilər. Universitet tələbəsi dörd il oxuyub gəlir əldə etməyə başladığı halda, peşə məktəblərinin məzunları daha qısa müddətdə əmək bazarına daxil olacaq və erkən yaşda maddi müstəqillik qazanacaqlar”.

İ.Orucov bildirib ki, peşə məktəblərinin əsas üstünlüklərindən biri də çevikliyidir. “Universitetlərdə kurikulumların yenilənməsi uzun vaxt aparır. Peşə məktəbləri isə texnoloji yeniliklərə və əmək bazarının tələblərinə uyğun olaraq proqramlarını qısa müddətdə yeniləyə bilir. Bu baxımdan onların çevikliyi daha yüksəkdir”.

Prezident İlham Əliyev: Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir -  AZƏRTAC

Bununla yanaşı, ekspert hesab edir ki, peşə məktəbləri universitetləri tam əvəz edə bilməz. “Çünki hər iki təhsil modelinin funksiyası fərqlidir. Universitetlər fundamental elm, tədqiqat, strateji idarəetmə və akademik fəaliyyət üçün kadr hazırlayır. Peşə təhsili isə daha çox tətbiqi və icraedici sahələrə yönəlib. Bu mənada həm universitet məzunu mühəndisə, həm də həmin avadanlığı peşəkar şəkildə işlədən texnikə ehtiyac var. Məhz bu texnikləri peşə təhsili müəssisələri yetişdirəcək. Digər tərəfdən, Azərbaycanda ‘mütləq ali təhsil almalısan’ stereotipi hələ də kifayət qədər güclüdür. Peşə məktəblərinin nüfuz qazanması üçün uğurlu məzun nümunələrinin formalaşmasına müəyyən vaxt lazım olacaq. Çünki bu stereotipi qırmaq asan deyil.

İstər universitetlər, istərsə də peşə təhsili müəssisələri funksional baxımdan bir-birini əvəz etmir. Əksinə, onlar bir-birini tamamlayır. Bu layihə Azərbaycan təhsil sistemində “diplom xatirinə təhsil” anlayışının dəyişməsi istiqamətində atılan ən mühüm addımlardan biri ola bilər. Yaxın gələcəkdə yeni peşə məktəblərinin məzunları bir sıra humanitar və əmək bazarında rəqabət qabiliyyəti zəif olan ixtisaslar üzrə universitet məzunlarından daha tez iş tapa, bəzi hallarda isə daha yüksək maaşla fəaliyyətə başlaya bilərlər. Məsələn, menecment, marketinq və zəif keyfiyyətli bəzi mühəndislik proqramlarının məzunları ilə müqayisədə peşə məktəbi məzunlarına üstünlük verilə bilər. Lakin məqsəd top universitetlərlə rəqabət aparmaq deyil. Əsas hədəf ölkədə peşəkar texnik və orta ixtisaslı kadr təbəqəsini formalaşdırmaqdır. Hesab edirəm ki, bu müəssisələr gələcəkdə əmək bazarının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək”.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir