ABŞ prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması mümkündür.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Financial Times qəzetinə verdiyi müsahibədə danışıb. Amerika lideri İsrailin Baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etdiyini bildirib. Onun fikrincə, “hər iki ölkə bunu çox istərdi və bu, baş verə bilər”.
Qəzet əlavə edib ki, ABŞ prezidenti Ər-Riyadla nüvə sazişi üzrə yekun razılaşmanın əldə edilməsi perspektivlərinə nikbin yanaşır.
Xatırladaq ki, 22 iyulda ABŞ Energetika Nazirliyi ABŞ və Səudiyyə Ərəbistanının Vaşinqtonun Krallığın dinc nüvə proqramına dəstəyi barədə razılığa gəldiyini elan edib. Müvafiq açıqlamada sazişin nəzərdən keçirilmək üçün Konqresə təqdim edildiyi vurğulanıb. Sənəddə qeyd olunur ki, bu, bir neçə onillik davam edəcək və “Amerika şirkətlərinin Səudiyyə Ərəbistanının nüvə enerji proqramında iştirak etməsi üçün geniş imkanlar açmaq” məqsədi daşıyır. Növbəti gün Tramp Səudiyyə Ərəbistanının bu sazişi həyata keçirmək üçün İbrahim Sazişlərinə riayət etməli olduğunu və sazişin nüvə zənginləşdirilməsini nəzərdə tutmadığını bildirib. CNN-in məlumatına görə, bu bəyanat ABŞ administrasiyasının danışıqçıları üçün sürpriz olub və Ər-Riyad da belə bir addım gözləmirdi.

