Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan HAVELSAN Ankara ilə Bakı arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verməyə davam edir.
ARANTV.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, HAVELSAN mütəxəssisləri tərəfindən hazırlanmış Türkiyə Hərbi Hava Qüvvələrinin vacib proqram təminatının bir hissəsi Azərbaycan HHQ komandanlığına verilib.
HvBS adlanan proqram, hava əməliyyatlarının interaktiv planlaşdırılmasını və icrasını təmin etməklə yanaşı, təyin olunmuş tapşırıqları izləmək və qiymətləndirməklə əməliyyat imkanlarını da artırır.
HAVELSAN tərəfindən hazırlanmış və Azərbaycan Hərbi Hava Qüvvələri komandanlığına ötürülən sistem əməliyyat mərkəzi personalına vahid “əməliyyat xəritəsi” üzrə fəaliyyət göstərməyə, əməliyyatları real vaxt rejimində idarə etməyə və vacib məlumatları mərkəzi yerdən izləməyə imkan verir, habelə qərar qəbuletməni sürətləndirir. Bu, planlaşdırma, koordinasiya və missiyanın icrasının sürətini, dəqiqliyini və səmərəsini əhəmiyyətli dərəcədə artırır.
HvBS proqramı Hərbi Hava Qüvvələrinin əməliyyat hazırlığı prosesinin müddətini əhəmiyyətli dərəcədə azaldır və hava əməliyyatlarının çevikliyini təmin edir.
HAVELSAN sistemi modulyar arxitekturası sayəsində mövcud komandanlıq və idarəetmə sistemlərinə də inteqrasiya edilə bilər.
Türkiyə mediası HvBS proqramının Azərbaycan Hərbi Hava Qüvvələrinə çatdırılmasını iki qardaş ölkə arasında hərbi-sənaye kompleksində əməkdaşlıq səviyyəsini nümayiş etdirən vacib addım adlandırıb.
Türkiyəli mütəxəssislər Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat hazırlıq müddətini bir saata endirən HvBS sisteminin imkanlarını dəfələrlə yüksək qiymətləndiriblər.

