İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana rəsmi səfəri davam edir. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında ikitərəfli əməkdaşlığın bir çox aspektinə dair mühüm açıqlamalar verilib.
Ceyhun Bayramov vurğulayıb ki, bu səfər Azərbaycanın dəvəti ilə baş tutub. Öz növbəsində Kassis ölkəmizə səfər etməkdən məmnunluq ifadə edib və qarşılıqlı əməkdaşlığın gələcəyi ilə bağlı nikbin proqnozlar verib.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli ATƏT sədrinin Bakı səfərini Musavat.com üçün şərh edib. O, bildirib ki, səfərin Azərbaycanın təşəbbüsü ilə baş tutması ölkəmizin ATƏT-lə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu göstərir.
M.Məmmədlinin fikrincə, ikitərəfli münasibətlərdə yeni mərhələnin başlamasından danışmaq mümkündür: “Məlum olduğu kimi, ATƏT ilə Azərbaycan arasında münasibətlərdə keçmiş Azərbaycan-Ermənistan münaqişəsi xüsusi yeri tuturdu. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu mövcud idi. Bu təsisatın fəaliyyəti ötən il dayandırıldı.
Biz artıq postmünaqişə dövründə ATƏT-Azərbaycan münasibətlərindən danışa bilərik. Regionla bağlı, eyni zamanda, daha geniş coğrafiyanı əhatə edən, müzakirə edilməli kifayət qədər aktual məsələ var. Düşünürəm ki, səfər zamanı bu məsələlər müzakirə olunub. Eyni zamanda, diplomatın Bakı səfəri ilə bağlı “Bu səfər daha geniş regional təmasların başlanğıcını qoyur” açıqlaması ATƏT-in Cənubi Qafqazla bağlı yeni siyasi gündəlik formalaşdırdığından xəbər verir.
Bu gündəlikdə keçmiş münaqişə ilə bağlı hər hansı məqam yoxdur. Gündəlik regional bağlantıları, iqtisadi inteqrasiyanı, sərhəd təhlükəsizliyi və digər vacib məsələləri əhatə edir. Görünən odur ki, ATƏT-də sədrlik İsveçrəyə keçdikdən sonra təşkilat fəal diplomatiyaya üstünlük verir”.
M.Məmmədli, həmçinin, vurğulayıb ki, Kassisin Rusiya, Ukrayna, Moldova və başqa üzv ölkələrdə səfərlərdə olması ATƏT-in siyasi dialoq platforması kimi mövqeyini gücləndirməyə çalışdığının göstəricisidir.
Nigar Həsənli,
Musavat.com

