Azərbaycan bazarında rəqabətin qorunması və inhisarlaşmanın qarşısının alınması istiqamətində yeni mexanizm tətbiq edilir. Nazirlər Kabinetinin qərarı ilə bazarların nə dərəcədə təmərküzləşdiyini müəyyənləşdirmək üçün konkret meyarlar müəyyən olunub. Artıq şirkətlərin bazardakı payı, bir neçə iri oyunçunun bazara nə qədər nəzarət etdiyi və bunun rəqabət mühitinə təsiri xüsusi göstərici – Herfindal-Hirşman İndeksi (HHİ) əsasında qiymətləndiriləcək.
Bəs yeni mexanizm Azərbaycanda real rəqabət mühitinin formalaşmasına nə qədər təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a qeyd edib ki, Herfindal-Hirşman İndeksi yeni ortaya çıxmış mexanizm deyil və onun hesablanması öz-özlüyündə bazarda rəqabət problemini həll etmir.

“Bu Herfindal-Hirşman İndeksi 50-ci illərdə ortaya çıxıb. Biz universitetdə oxuyanda bunu kitablarda keçirdilər. Yəni, bu HHİ-ni hesablamaqla heç nə ortaya çıxmayacaq. Bu Rəqabət Məcəlləsi yazılanda ictimai müzakirələrdə çox həvəslə təriflədik ki, olmamağından olmağı yaxşıdır. Amma qüvvəyə minməsindən iki il keçib, ortalıqda hələ bir şey yoxdur. Rəqabət Agentliyinin nə etdiyi, nə etmədiyi, bazarlar haqda təhlili, bazarların strukturu haqqında təhlili, bazarda hökmran mövqedəki şəxslərin müəyyənləşdirilməsi, onların davranışının monitorinqi, müayinəsi, müşahidəsi, cəmiyyətə bu haqda məlumat, həmin qurumlarla danışıqlar. Bunların heç birisini biz görmürük”,_ iqtisadçı deyib.
İqtisadçı hesab edir ki, Herfindal-Hirşman İndeksinin əsas funksiyası məhz bazarın təmərküzləşmə səviyyəsini ölçməkdir.
Onun sözlərinə görə, Azərbaycanda bu göstəricidən artıq istifadə olunur: “Mərkəzi Bank da bu indeksdən istifadə edir, maliyyə bazarında təmərküzləşməni ölçür. Maliyyə Mərkəzi Bankın hesabatlarında görmək olur. Amma nə olsun, ölçür? Elə Mərkəzi Bankın sədri də bu günlərdə şikayət edirdi ki, qarşılaşdığı ən çətin problemlərdən biri maliyyə bazarında bankların təmərküzləşməsidir. Və hesab edir ki, bankların təmərküzləşməsi rəqabəti pisləşdirərək faiz dərəcələrinin yüksək qalmasına səbəbdir. Yəni istifadə edirlər, amma ortada nəticə yoxdur. İndi istənilən halda hökumət problemi müəyyənləşdirir, ölçmə haqqında fikirləşir. Ümid edək ki, ölçəndən sonra da tədbirlər görəcəklər, gördükləri tədbirlər də cəmiyyətin xeyrinə olacaq. Yəni əgər indeks bizim işimizi görəcəksə, bu gün hesablanması bu 30 illik işimizi görərdi, biz də rahat yaşayardıq”.

