İsti havaların hökm sürdüyü bu günlərdə bir çox insan gündəlik iş rejimindən uzaqlaşaraq istirahət üçün Azərbaycanın turizm bölgələrinə üz tutur. Hazırda Azərbaycanın Quba, Qəbələ, Şəki, Qusar, Şamaxı, İsmayıllı, Lənkəran və digər turizm bölgələrində otel qiymətləri iki nəfər üçün bir gecəlik qalma qiyməti təxminən 90 manatdan başlayaraq 400 manatadək yüksəlir.
Bəs bu qiymətlər real bazar şərtlərinə nə dərəcədə uyğundur?
Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a bildirib ki, otellərin qiyməti bazardakı tələb və təklif əsasında formalaşır: “Bu qiymətləri təbii ki, bazar formalaşdırır. Yəni hansısa sahibkarın özbaşına müəyyən etdiyi qiymət deyil. Bazarda tələbat olmasa, əlbəttə ki, həmin qiymətə oteldə qalan da olmaz. Əslində xarici turistləri bu məsələ o qədər də narahat etmir. Çünki xarici turistlər üçün Azərbaycanda həm otellərin, həm restoranların, qidalanmanın, yeyib-içməyin və ümumilikdə ictimai iaşə xidmətlərinin qiyməti kifayət qədər əlçatandır. Sadəcə, Azərbaycana gəlmək bahalıdır və bununla əlaqədar olaraq ölkəyə gələn turistlərin sayı da azalır”.
Ekspertin sözlərinə görə, sərhədlərin bağlı olması, ölkədə və dünyada gedən proseslər, inflyasiya, eləcə də xarici turpaketlərin bahalaşması təsir göstərib: “Getmə turizmi bazarı hələ də tam bərpa olunmayıb. Getmə turizminin azalması səbəbindən daxildəki bir çox turistlər, yəni Azərbaycan vətəndaşlarının əksəriyyəti də daxili turizmə yönəlib. Ona görə də daxili bazarda tələbat kifayət qədər yüksək olaraq qalır”.

Ekspert hesab edir ki, turist axınının formalaşmasına daha ciddi təsir edən amillərdən biri nəqliyyat xərclərinin baha olmasıdır: “Düşünürəm ki, təhlükəsizlik amilindən sonra turizm axınının formalaşmasına təsir edən ən vacib faktor məhz budur. Amma daxili turizmlə bağlı da son dövrlər Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi yanında KOBİA tərəfindən müxtəlif layihələr həyata keçirilir. Kənd evləri layihələri, kiçik sahibkarlar üçün ayrı-ayrı ərazilərdə qalma yerlərinin yaradılması istiqamətində işlər görülür. Bu layihələr ümumi daxili turizmdə mövcud tələbə uyğun olaraq reallaşdırılır və nəticədə daha münasib qiymətlərlə qalmaq imkanları yaranır. Əlbəttə ki, əsasən mövsüm dövründə qiymətlərin müəyyən qədər yüksək olduğunu və tələbat artdıqca qiymətlərin də yüksəldiyini müşahidə edirik. Ümumilikdə isə yeni qalma yerlərinin yaradılması qiymətləri müəyyən qədər mülayimləşdirir. Tələbatın artmasına uyğun olaraq bazara xüsusən yeni təkliflər təqdim olunur və bu da qiymətlərin formalaşmasına təsir göstərir”.

