“İşləyən anaların ana südünü sağıb saxlaması təhlükəsiz və tövsiyə olunan üsuldur”.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova açıqlayıb.
Onun sözlərinə görə, sağılmış ana südü təmiz, steril şüşə və ya BPA-sız plastik qabda, yaxud ana südünün saxlanması üçün nəzərdə tutulmuş xüsusi paketlərdə saxlanmalıdır:
“Hər qabın üzərində südün sağılma tarixi və saatı qeyd edilməlidir. Ana südünün saxlanma müddəti aşağıdakı kimidir:
Otaq temperaturunda (25°C-yə qədər) ən yaxşı nəticə üçün 4 saata qədər, uyğun gigiyenik şəraitdə maksimum 6 saata qədər saxlamaq olar. Soyuducuda (4°C və ya daha aşağı) 4 günə qədər saxlamaq mümkündür. Dondurucuda (-18°C və ya daha aşağı) optimal olaraq 6 aya qədər, qəbul edilən maksimum müddət isə 12 aya qədərdir”.
Pediatr qeyd edib ki, əridilmiş ana südü soyuducuda 24 saat ərzində istifadə edilməli və yenidən dondurulmamalıdır:
“Süd mikrodalğalı sobada qızdırılmamalıdır, çünki bu, qida maddələrinin və immunoloji komponentlərin zədələnməsinə, həmçinin qeyri-bərabər qızmaya səbəb ola bilər. Süd ilıq su vannasında və ya axar ilıq su altında tədricən isidilməlidir”.

