Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı yeni hüquqi tələblər qüvvəyə minib. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri ilə platformaların azyaşlı və yeniyetmələrin təhlükəsizliyinin təmin olunması sahəsində öhdəlikləri artırılıb, bu tələblərin pozulmasına görə isə yüksək məbləğdə cərimələr müəyyən edilib.
Bu dəyişikliklər azyaşlıların internet təhlükəsizliyinin təmin edilməsinə nə dərəcədə təsir göstərə bilər?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Qaydaların icrası üçün cəza və məsuliyyət mexanizmləri mütləq olmalıdır. Əks halda insanlar çox vaxt öz rahatlıqlarını pozmaq, əlavə məsuliyyət götürmək və müəyyən məhdudiyyətləri qəbul etmək istəməyəcəklər. Cəmiyyətdə hər bir qaydanın işləməsi üçün yalnız tövsiyə və çağırışlar kifayət etmir. Qaydaların pozulmasının nəticəsi də aydın şəkildə müəyyən edilməlidir”.
Psixoterapevt əlavə edib ki, qanun cəmiyyətdə mədəniyyət və məsuliyyət formalaşdırmalıdır, mədəniyyət isə hər zaman qanunun yaranmasını gözləməməlidir:
“Tarix göstərir ki, bir çox sosial normalar əvvəlcə hüquqi tələblərlə möhkəmləndirilir, daha sonra isə cəmiyyətin ümumi davranış vərdişinə çevrilir. İnsanlar müəyyən qaydalara əməl etdikcə, zamanla həmin qaydalar gündəlik həyatın normal bir hissəsinə çevrilir. Sağlam və təhlükəsiz cəmiyyət bəzən yalnız sivil yanaşmalarla deyil, həm də sərt qaydalar və onların icrasına nəzarət mexanizmləri ilə formalaşır. Xüsusilə uşaqların və yeniyetmələrin təhlükəsizliyi kimi həssas məsələlərdə məsuliyyətsiz yanaşmanın qarşısını almaq üçün hüquqi çərçivənin olması vacibdir. İnsanların düşüncə tərzi hər zaman yalnız könüllü iradə və şəxsi seçimlə dəyişmir. Bəzi hallarda məcburi tələblər, qanunlar və məsuliyyət tədbirləri cəmiyyətdə yeni davranış standartlarının yaranmasına səbəb olur”.
Rövşən Nəcəfova görə, insan məsuliyyətli canlı deyil:
“Buna görə də cəmiyyətin ümumi maraqlarını qorumaq üçün aydın qaydalar və onların icrasını təmin edən mexanizmlər zəruridir. Azyaşlıların internet təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tətbiq olunan hüquqi tələblər yalnız məhdudiyyət yaratmaq məqsədi daşımır. Əsas məqsəd daha təhlükəsiz rəqəmsal mühit yaratmaq, platformaları məsuliyyətli davranmağa təşviq etmək və cəmiyyətdə internetdən daha şüurlu istifadə mədəniyyətinin formalaşmasına şərait yaratmaqdır”.
Afaq Mirayiq,
Musavat.com

